“Şah Abbasın cülusundan altı il keçib, yeddici il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. Baharın əvvəli idi, Novruzdan üç gün keçmişdi...”
Mirzə Fətəli Axundzadə (Axundov) “Aldanmış kəvakibi” (“Hekayəti-Yusif şah”) bu girişlə başlayır.
Orta məktəb illərindən bizə tanış olan həmin əsəri köhnə qəliblərdən çıxarmağın tam zamanıdır. pizza
İsgəndər bəy Münşinin yazdığı “Tarix-i Aləm Arayi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) salnaməsində demək olar ki, ötəri xatırlanan tarixin bu kiçik epizodu əslində, gerçək hadisədir. Amma saray münəcciminin iddiası ilə, Novruzdan 15 gün keçmiş baş verməli olacaq hadisə niyə o dövrdə bu qədər dəhşət doğurub?
I Şah Abbasın xüsusi astronomu olmuş Molla Cəlaləddin Məhəmməd Yəzdi sıradan bir saray xidmətçisi sayıla bilməz. Onun qələmindən çıxmış öz salnaməsi var – “Molla Cəlalın gündəliyi”, yaxud “Tarixi-Abbasi”. Üstəlik, oğlu Molla Kamaləddin də Səfəvi şahlarının ıxidmətində durub və o da salnamə müəllifidir – “Zəbdətüt-təvarix”. Bu münəccim şəcərəsi Molla Kəmaləddinin babasının adını daşıyan oğlu ilə davam edib.
Şahı gözləyən fəlakətin xəbərçisi Molla Cəlaləddin Məhəmməd Yəzdi bizim, yəni çağın insanlarının nəzərində yalançı, yaxud fırıldaqçı hesab oluna bilərmi?
Əvvəla, özümüzü məlum hadisənin baş verdiyi zamanda yaşamış insanların yerinə qoyun. Miladi təqvimlə 1593-cü il hicri-qəməri təqvimlə 1000-ci ilin başlanğıcıdır. O dövrdə bir çox Şərq məmləkətində, o cümlədən Osmanlı, Xarəzmşah, Moğol səltənətlərində minilliyin başlanğıcı ilə bağlı ümumi vahimə, təlaş mühiti mövcud idi. Çünki müxtəlif səhih-qeyri-səhih rəvayətlərdə hicrətin 1000-ci ilində İslam ümmətinin fəlakətli aqibətlə qarşılaşacağı iddia olunurdu. Avropada isə, yazılı xronikaların da sübut etdiyi kimi, vəba epidemiyasının dəryazı insanları ot kimi biçirdi.
İkincisi, İslama qədərki inanclarda belə, Novruz həmişə Qiyamət gününün xəbərçisi sayılıb. Deyilə görə, bayram günündən başlayaraq insanlar yüksəkliklərə – təpə və dağlara çəkilib, Qiyamət intizarında olub və yalnız 13 gün sonra, vahimə duyğusu arxada qaldıqda, gündəlik həyatın axarına qayıdıblar.
Üçüncüsü, dünyanı gözləyən qlobal fəlakət proqnozları yalnız qaranlıq orta əsrlərdə mövcud olubmu?! Yada salım, maarifçi Abbasqulu ağa Bakıxanovun “Əsrarül-mələküt” (“Ulduzların sirri” – 1832-ci il) əsəri də Qiyamət ssenarisi üzərində qurulub. 100 sonra Yür kürəsinin nəhəng səma cismi ilə toqquşacağı xəbərdarlığı olan kitabını o, 1846-cı ildə İstanbula aparıb və Osmanlı sultanı Əbdülməcidə təqdim etmişdi.
Dördüncüsü, səmada “quyruqlu ulduz”un görünməsi, o zamandakı kimi, həmişə bəd əlamət sayılıb. Ədəbiyyatsevərlər, yəqin ki, “Xacə şah”ın əvvəlini xatırlayırlar, roman göydə “quyruqlu ulduz”un (kometin) görünməsi epizodu ilə başlayır.
Fəqət Mirzə Fətəlinin “Aldanmış kəvakib”indəki astroloji proqnozda ciddi bir yanlışlıq var. Əsəri farscaya səlis və rəvan dildə çevirən (2006) tərcüməçi Rəsul Pedram Nuri orijinal variantı saxlamaqla, səhifəaltı qeydində yazıb ki, Şərq astrologiyasında Mərrixin Əqrəb bürcünə deyil, Mərrix (Mars) və Zuhəlin (Saturn) Sərətan (Xərçəng) bürcünə qədəm qoyması bəlagətirici əlamət sayılır.
Yeri gəlmişkən, bu, tərcüməçilərin Axundzadə yaradıcılığında aşkarladığı yeganə səhv deyil. “Sərgüzəşti vəziri-xani-Lənkəran” komediyasının əsl adı “Sərgüzəşti vəziri-xani-Sərab”dır və hətta 1928-ci ildə bu adla ayrıca kitab halında nəşr olunub. Xanın dənizdə boğulduğunu və Sərabın dəniz kənarında yerləşmədiyini nəzərə çatdıran tərcüməçi Mirzə Məhəmməd Cəfər Qaracadaği, müəllifin izni ilə, əsərin adını dəyişdirib.
Sözarası, Mirzə Fətəlinin personajlarının, xüsusən Yusif Sərracın tarixiliyi ilə bağlı da çoxdan davam edən mübahisələr var. Məncə, bu mövzuya nöqtə qoyma zamanıdır. Çünki tarixçi Nəsrullah Fəlsəfi “I Şah Abbasın həyatı” əsərində isbatlayır ki, “Hekayəti-Yusif şah”ın qəhrəmanı və hürufilikdən törənmiş nöqtəvi təriqətinin Qəzvin müridlərindən olan Yusif Yəhərçi eyni şəxsdir. “Şah Abbas Molla Cəlal münəccimbaşının əmri ilə özünü taxtdan saldı, nöqtəvi dərvişini 3 günlüyə, öz yerinə taxta çıxardı, özü də qapıçılar kimi onun hüzurunda dayandı, sonra onu öldürdü və yenidən taxta oturdu. Macəranın məğzi budur ki, səmada quyruqlu ulduz göründü və münəccimlər bu ulduzun peyda olmasını padşahın dəyişməsi və ya ölümü əlaməti kimi yozdular. Münəccim Cəlaləddin Məhəmməd Yəzdi, Şah Abbasın bir neçə gün taxtdan uzaqlaşdırılmasını və bu təhlükədən yayınmaq üçün ölümə məhkum olunmuş bir adamın şahın yerinə taxta oturmasını, sonra onun öldürülməsini təklif etdi. Hadisədən az əvvəl Şah Abbas dərviş Xosrov Nöqtəvi və Qəzvindəki ardıcıllarının hərəkatını yatırmışdı, odur ki, üsyanın iştirakmısı dərviş Xosrovun şagirdlərindən olan dərviş Yusif Yəhərçini taxtına oturtdu. Şah Abbasın əmri ilə ona padşah libası geydirdilər, başına tac qoydular, qurşaq bağlayıb digər şah əmanətlərini təslim etdilər. Əyanlar və valilər də xidmətində durmağa hazırlaşdılar. Şah özü də əlinə bir əsa götürdü və eşikağasıbaşı kimi bir şey oldu”.
“Aldanmış kəvakib”də bir sıra digər personajların da tarixi şəxsiyyət olub-olmaması mübahisə doğurur. Onların arasında gerçəkliyi heç cür isbatlanmayacaq, bəlkə də, yeganə şəxs Səlma xatundur. “Şah Abbas günortadan 3 saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə oturub söhbətə məşğul idi...”
Səlma xatun, yəqin ki, Axundzadənin təxəyyül məhsuludur, çünki tarixi arayışlarda göstərilir ki, Şah Abbas ilk dəfə 16 yaşında “zahirən onun arvadı olmayan” bir çərkəz ilə mütə (müvəqqəti) nikaha girib. Daimi nikahında isə Səfəvi nəslindən olan 2 qadın olub: Əğlan Paşa xanım və Məhdi-ülya xanım. Bundan sonra I Şah Abbas İran, Gürcüstan, Ermənistandan olan, habelə mənşəcə çərkəz və tatar qadınlarla evlənib, o cümlədən:
– Lorestan hakimi Şahverdi xan Abbasinin bacısı ilə,
– Xan Əhməd Gilaninin qızı ilə,
– Gürcüstan kralının qızı Tinatin (Qordeniya, yaxud sonrakı adı ilə Fatimə Sultan) ilə,
– yenə gürcü əmirinin qızı Kateyun və Marta ilə,
– Rüstəm xan Dağıstani və Təbəristan valisi Məsum xanın qızları ilə,
– kürd sərkərdə Qubad xanın bacısı ilə və s.
Oleari öz “Səyahətnamə”sində şah hərəmxanasında 500-ə yaxın kəniz və cariyənin olduğunu yazır. Onların arasında Səlma xatun da olubmu, – bilmirik, heç vaxt bilməyəcəyik də.
Məndən bu qədər, kitab oxuyun, kitab...
Əziz Rzazadə
Telegram kanalımız