Müasir dövrdə bir sıra yeni sahə və ixtisasların meydana çıxması peşə təhsilinin əhəmiyyətini daha vacib edir. Dünyanın bir sıra qabaqcıl ölkələrində, o cümlədən Avropada peşə məktəbləri müxtəlif sahələr üzrə əhəmiyyətli və bazarda ciddi tələb olunan kadrlar formalaşdırmaqdadır.
Ali təhsil müəssisələrində nəzəri tədrisinin həcminin daha yüksək olduğunu nəzərə alsaq, birbaşa praktiki fəaliyyət tələb edən sahələr üçün əsas kadr bazası peşə məktəbləri sayılır. Ölkəmizdə gənclərin və valideynlərin təhsil istiqamətində ilkin seçimi univesitetlər olsa da, son illər peşə məktəblərinə maraq xeyli artıb. Hətta peşə təhsili alan tələbələrlər arasında ali təhsil müəssisələrinin məzunlarına da rast gəlmək mümkündür. Əmək bazarında öz ixtisaslarına uyğun iş tapa bilməyən ali təhsilli gənclərin bəziləri özlərini peşə sahələrində sınamağa qərar verir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, ölkənin iqtisadi inkişafında dayanıqlı və real əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşması üçün peşə təhsili mühüm rol oynayır: pizza sifarişi
“Müasir dövrdə ali təhsil tədricən öz rolunu itirir. Hər gün əmək bazarının yenilənməsi daha çevik kadr hazırlığını zəruri edir. Azərbaycanda da peşə təhsilinin vacibliyini biz real olaraq görə bilirik. Xüsusən, torpaqlarımız işğaldan azad olunduqdan sonra orada yenidənqurma və bərpa işləri, avadanlıqlarla işləmə kimi vərdişlərə mütləq şəkildə kadr ehtiyacı var.
Ölkənin iqtisadi inkişafında dayanıqlı və real əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşması üçün peşə təhsili mühüm rol oynayır. Əmək bazarında birbaşa ixtisaslar və ixtisaslı mütəxəssis peşə təhsilindən bilavasitə asılı olan bir vəziyyətdədir. Hazırda peşə təhsilində kifayət qədər insan təhsil alır. Onların sayı 60 mindən çoxdur.
Əlbəttə, etiraf edək ki, bu gün peşə təhsilinin məzmunu ölkə iqtisadiyyatı ilə müəyyən qədər ayaqlaşmır. Çünki ən vacib sahələr olan kənd təsərrüfatı, sənaye, logistika, xidmət və informasiya texnologiyaları kimi sahələr əmək bazarında özlərinə hansı mütəxəssislərin lazım olması ilə bağlı sifariş vermirlər. Məsələn, ölkənin sənaye parklarında, iri müəssisələrdə peşə bacarıqları olan kadrların əhəmiyyəti və tələbatı var, amma sifarişi yoxdur. Texnoloji avadanlıq, avtomatlaşdırılmış istehsal, müsair xidmət kimi sahələr özündə mütləq şəkildə praktik və konkret bacarıqları özündə tələb edən sahələrdir”.

Ekspert qeyd edib ki, peşə-təhsil müəssisələrində müasir dövrün tələblərinə uyğun, yeni ixtisasların formalaşmasına ehtiyac var:
“Dünyada peşə ilə bağlı ən yaxşı tərcübələr Almaniya, İsveçrə və Avstriya kimi Avropa ölkələrindədir. Onlar yeni peşə modeli hazırlayıblar ki, iqtisadiyyatda yüksək məhsuldarlıq ortaya çıxsın və gənclərin işsizliyi minimuma ensin. Məsələn, Almaniyada “duales” adlanan peşə-təhsil sistemi var. Bu sistemdə həm nəzəri, həm də praktiki bacarıqlar öyrədilir.
Peşə məktəbləri şirkətlərlə birbaşa əməkdaşlıq edir. Təbii olaraq, burada məzunlar işlə təmin olunurlar. Amma bizim peşə təhsilinin hazırda ən ciddi problemi avadanlıq, infrastruktur və müasir dövrün mütəxəssislərinin az olmasıdır. Bizim peşə məktəblərinin emalatxanaları və texniki vasitələr köhnəlib və yaxud ümumiyyətlə yoxdur. Etiraf edək ki, mövcud avadanlıqlar da köhnədən qalıb. Peşə mətkəblərində birmənalı olaraq, müasir ixtisaslar yoxdur. Hazırda ənənəvi, əmək bazarında yüksək tələb olmayan ixtisaslar var.
Məsələn, qaynaqçı, aşbaz, dülgər, toxucu və elektrik kimi peşələr illərdir tədris olunur. Halbuki əmək bazarı yeni ixtisaslar və kadrlar tələb edir. Rəqəmsal marketinq, avtomatlaşdırılma, dizayn, şəbəkə mütəxəssisləri, yaşıl və bərpa olunan enerji kimi sahələrdə ciddi kadr tələbatı var. Amma təəssüf ki, bu istiqamətlərdə kadr hazırlığı yaxud konkret peşələr yoxdur. Peşə təhsilində ciddi yeniliklərə ehtiyac var, əks təqdirdə birmənalı olaraq, bu sahə formal xarakter daşıyacaq”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız