Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın Yenisabah.az-a müsahibəsi:
- Əvəz bəy, rəhbərlik etdiyiniz partiya əvvəllər arabir bəyanat verərək siyasi proseslərə münasibət bildirirdi. Son vaxtlar isə fəaliyyətiniz hiss olunmur. Panedmiya əl-qolunuzu bağlayıb, yoxsa siyasi fəaliyyətinizi dayandırmısınız?
- Liberal Partiyası fəaliyyətini dayandırmayıb, sadəcə olaraq biz taktikamıza uyğun olaraq mətbuatsız iş görürük. Çalışırıq ki, mətbuatda az görünək. Bildirim ki, bu yaxınlarda Azərbaycan Liberal Partiyası xüsusi bəyanatla çıxış elədi və bu bəyanatda iqtidar məmurları ilə bərabər bütün siyasi partiya rəhbərlərinin öz əmlakı haqqında məlumat vermələri haqqında təklif səsləndirildi, hətta biz bunu Prezident Administrasiyasına göndərdik. Çünki iqtidar və ya müxalifət olmasından asılı olmayaraq bütün məmurlar xalq qarşısında hesabat verməlidir. Hazırda xalqın siyasətlə məşğul olmayan təbəqəsi belə tükü tükdən seçməyi bacarır. Səmimiyyət lazımdır ki, xalqda onlara qarşı inam yaransın. İqtidar bəzən deyir ki, müxalifət bizə təklif vermir. Amma biz bunu elə təklif kimi vermişik. KİV nümayəndələrini bu məsələdə fəal olmağa çağırıram. İlk növbədə hakimiyyətdə olan YAP nümayəndələrindən, daha sonra müxalif partiyalarının liderlərindən soruşsunlar ki, onların nə qədər var-dövləti var, hansı bankda hesabları var. Torpaqları, maşınları, villaları, o villaları necə aldıqları barədə məlumat versinlər. Bu məsələlərdə biz KİV-ə dəstək verməyə hazırıq. Dominos pizza
- ADP sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda cəmi 10-15 siyasi partiyanın varlığı hiss olunur. Digər partiyalar kağız üzərində mövcuddur. Burada ALP hansı kateqoriyaya aiddir?
- Azərbaycan Liberal Partiyası xüsusi kateqoriyaya daxildir. O, Azərbaycanda həm iqtidar, həm də müxalifətdən fərqli siyasət yürüdən partiyadır. Liberal Partiyanın davası Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi, Azərbaycan davasıdır, hakimiyyət davası yox. Lalə Şövkət dövlət katibi idi, biz hakimiyyətdəydik, istəsək, getməzdik. Lakin Azərbaycan xalqını dilənçi kimi pərən-pərən salmış, Azərbaycan dövlətini süqut etmək həddinə çatdırmış korrupsiyaya etiraz edən Lalə Şövkət istefa verdi. O, Azərbaycan siyasətinə istefa və xüsusi düşüncə mədəniyyəti gətirdi. Ona görə də Liberal Partiya nə birinci, nə də ikinci sırada olan partiyalar arasında deyil, özəl mövqeli partiyadır.
- Sosial şəbəkə hesabınızda adınızın qarşısına vəkil sözünü əlavə etmisiniz. Siyasi arenanı tərk etmək fikriniz var?
- “Facebook”da adımın qarşısında vəkil sözünün yazılmasının xüsusi tarixi var. Belə ki, 2011-ci ildə hüquq fəaliyyətimə uzun müddət fasilə verməyimə baxmayaraq, Vəkillər Kollegiyasına üzv olmaq üçün test imtahanı verdim və imtahan uğurlu keçdi. Lakin Əvəz Temirxan olduğuma, tutduğum sərt siyasi mövqeyə görə mənə Vəkillər Kollegiyasına üzv olmaqda maneə törətdilər. Ona görə də elə həmin vaxt bu profili açdım. O gündən də olduğu kimi qalıb. İndi də heç dəyişdirmək istəmirəm. Bəzən sadə vətəndaşlar mənə zəng edirlər və mən təmənnasız nə etməli olduqları ilə bağlı onlara istiqamət verirəm. Azərbaycanda müxalifətdə dayanmaq və prinsiplərinə xəyanət etməmək asan iş deyil. Bəziləri xalqa onların inanacağı bir söz deyir, əməldə isə deyilən sözün əksinə gedir. Yəni öz bəyanatlarına xəyanət edirlər. Mən bununla bağlı ad çəkmək istəmirəm. Çünki heç kimin də bostanına daş atmaq istəmirəm, amma təəəssüf ki, bu, ölkəmizdə geniş vüsət almış bir prosesdir. Bildirim ki, mən fərdi hüquqşünaslıqla məşğul idim. O zamanlar mənim adım olan yerdə sözsüz ki, hakimlər qorxurdular və işi Azərbayansayağı həll etməkdə çətinlik çəkirdilər. Hətta mənə etibar edən adamlar sonradan mənə deyirdilər ki, hakimlər onlardan Əvəz Temirxansız gəlmələrini tələb edir. Bu fəaliyyətimdən müəyyən müddətdən sonra Azərbaycanda qanunvericilik çərçivəsində hüquqşünasların və digər şəxslərin fərdi qaydada vətəndaşların nümayəndələri olması qadağan olundu. Prroses 2018-ci ilin 1 yanvarında həyata keçirildi. Yəni Azərbaycanda mənim kimilər bütün hüquqlarından məhrum edilib. Çünki fərdi hüquqşünaslar rəsmi vəkillərdən fərqli olaraq daha müstəqildirlər.
- Bu sualları təsadüfən vermədik. Ölkədə ciddi proseslər gedir, yüksət rütbəli məmurlar bir-birinin ardınca həbs olunur, kadr dəyişiklikləri baş verir. Amma ortada sizin rəyiniz, təklif və ya tənqidiniz yoxdur...
-1993-cü ildə Azərbaycan Respublikasının dövlət katibi professor Lalə Şövkət Heydər Əliyevə təklif vermişdi ki, onun prezident kimi andiçmə mərasimində keçmiş prezidentlər - Ayaz Mütəllibov və Əbülfəz Elçibəy- iştirak etsinlər. Əvvəlcə bu təklif qəbul olundu. Lalə Şövkət Mütəllibovun qohumlarını qəbul etdi. Hazırlaşırdı ki, Kələkiyə getsin və Əbülfəz Elçibəylə milli barış haqqında məsələləri müzakirə etsin. Qanlı döyüşlər aparan Azərbaycan əsgəri, ağır vəziyyətdə yaşayan Azərbaycan xalqı görsün ki, onun səlahiyyətdə olan prezidenti ilə keçmiş prezidentləri barışıblar, hakimiyyət uğrunda mübrizəni qabartmırlar və daha əzmlə torpaqlarımız uğrunda döyüşə hazırdırlar. Lakin təəssüf ki, sonradan Heydər Əliyev bir də bu məsələyə qayıtmamağı tövsiyyə etdi və məsələ nəticəsiz qaldı. Lalə Şövkət həmişə milli birliyə çalışıb. O təkcə Azərbaycan Liberal Partiyasının yox, Milli Birlik Hərəkatının da lideridir. Lalə Şövkətin başçılığı altında ALP üzvləri bir əsrlik barışı təmin edən proqram hazırlayıblar. Lalə Şövkət hesab edir ki, iqtidar içərisindəki klanların müxalifətə olan qıcıqlandırıcı siyasəti sonlanmalıdır, həmçinin müxalifət daxilindəki partiyalar da çəkişmələrə son verməldir. Obrazlı desək, həm iqtidar, həm də müxalifət dialoq daşının üstündə oturmalı, Azərbaycan xalqına müsbət ismarıclar verməli, onları siyasətdən çəkindirməməlidir. Əgər iqtidar dediklərinin həqiqət olduğu iddiasındadırsa, müxalifətə qarşı bütün siyasi təzyiqlərdən əl çəkməli, siyasi barış elan etməlidir. Bütün siyasi məhbuslar azad edilməli, trollar ordusuna son qoyulmalıdır. Müxalifət nümayəndələrinin və onların yaxınlarının təhqir olunmasının qarşısı alınmalı, təhqir edənlər cəzalandırılmalıdır. Cəmiyyət görməlidir ki, iqtidar doğrudan da səmimidir. Azərbaycan müxalifətinin nümayəndələri bir növ özlərini gələcək iqtidar kimi aparmalıdır. Yəni təkcə sözlə yox, əməlləri ilə də örnək olmalıdırlar. Liberal Partiyanın üzvlərinin məsələyə yanaşması bundan ibarətdir. Xüsusilə də bunu prezidentliyə iddialı olan partiyalar və liderlər etməlidir. Hesab edirəm ki, müxalifət nümayəndələri öz aralarında aqressiv leksikonla danışmamalıdır. Bu zaman Azərbaycan xalqının bir növ müxalifətdən diksinməsi prosesinin qarşısı alına bilər. Azərbaycan əsgərinin ölüm-qalım mübarizəsi apardığı bir vaxtda Azərbaycandakı bütün partiyaların bir-biri ilə aqressiv olmaması gərəkir. Heç olmasa bir aylıq söyüşkəs elan etməlidirlər. Bu, çox acınacaqlı bir haldır ki, mən bunları deməyə məcbur oluram. Liberal Partiya daxilində müzakirələr başlayıb. Əgər Tovuzda gedən hərbi əməliyyatlar daha geniş vüsət alarsa, o zaman ALP öz fəaliyyətini daha da gücləndirəcək və bu fəaliyyəti hərbi vəziyyətə uyğunlaşdıracaq. Digər həmkarlarımı da bu cür davranmağa çağırıram. Müxalifət daxilində baş verən proseslər xüsusilə ALP-ni məyus edir, çünki onlar Azərbaycan xalqının gələcəyə inamını qırır.
- Əvəz bəy, lideriniz hazırda nə işlə məşğuldur? Ölkədə baş verən siyasi prosesləri izləyirmi?
- Lalə Şövkət bir an belə Azərbaycan siyasətindən uzaqlaşmayıb. Sadəcə olaraq onun bir çox ideyaları, uzaqgörən addımları Azərbaycan siyasiləri tərəfindən başa düşülmədiyindən o, mətbuatda görünmədən fəaliyyət göstərməyi seçib. Lalə Şövkət artıq islahatlar haqqında 20-dən çox proqram hazırlayıb. O, 2003-cü ildə prezidentliyə namizəd olanda bir fikir söyləmişdi ki, mənim komandam mənim xalqımdır. Bütün siyasi qüvvələrə öz komandasının üzvü kimi yanaşır. İndi kapitanın kim olacağına Azərbaycan xalqı qərar verə bilər. Lalə Şövkət Azərbaycanda baş verən bütün hadisələrdən xəbərdardır, bütün siyasi partiyaların bəyanatlarını izləyir, o, hər gün siyasi analizlə məşğuldur. Hətta xaricdə baş verən Azərbaycana təsir edə biləcək hadisələri də təhlil edir. Azərbaycan xalqının bu vəziyyətdə yaşamasından çox narahatdır. 10 milyonluq xalqın bəlkə də yarısı ölkəni tərk etməyə məcbur olub. Lalə Şövkətin 27 il bundan əvvəl atdığı istefa addımı göstərir ki, o zaman o çox doğru qərar imiş. Çox təəssüf ki, Lalə Şövkət hakimiyyətdən uzaqlaşandan sonra korrupsiya maneəsiz olaraq inkişaf elədi. Bu gün milli faciə milli fəlakət həddinə çatıb. O həddə çatıb ki, artıq ölkə rəhbəri də dilə gəlib. İqtidardakılar koronavirus dövründə belə şəraitdən istifadə edərək varlanmağı insan həyatından üstün tutursa, bunun haqqında hər hansı bir söz demək artıqdır. Korrupsiyaya qarşı mübarizəni 5-ci və ya 3-cü dərəcəli məmurlardan başlamaq lazım deyil. Çünki korrupsiyanın əsas sütunları hələ də hakimiyyətdə qalmaqdadır.Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə kadr dəyişikliyi ilə həll olunmur, siyasi kursun dəyişikliyi ilə həll olunur. Yəni Azərbaycan siyasətinə Lalə Şövkət siyasi kursunun gətirilməsinə böyük ehtiyac var. Hər bir dövlət məmurunun vicdanı təmiz olmalıdır.
Sayad HƏSƏNLİ
Telegram kanalımız