Dünəndən bəri sosial şəbəkələrin, xəbər portallarının, insanların ev söhbətlərinin mövzusu Tovuz rayonunun Əyyublu kəndində baş verən dəhşətli hadisədir. 29 yaşlı Mətanət Hacızadə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə tərəfindən qətlə yetirilib. Daha sonra Səbuhi özünü asaraq intihar edib. Qətlin səbəbi kimi “xəyanət” göstərilir. Bəli, yenə də “namus üstə” qətl, yenə də “kişilik” adı altında törədilən faciə, yenə də üç uşağın yetim qalması...
Belə hadisələr cəmiyyətin aynasıdır. Güzgüyə baxmaq istəməsək də, hər dəfə belə xəbərlər çıxanda özümüzü görürük. Nifrət dolu, düşünmədən hökm verən, başqasının həyatını “namus” ölçüsü ilə dəyərləndirən bir toplum hər dəfə bir anda ortaya çıxır. Hadisə baş verən kimi sosial şəbəkələrdə “Afərin kişiyə”, “Namusunu qoruyub”, “O qız buna layiq idi” kimi şərhlər yazılır. Bəs hanı bu “kişiliyin” içindəki vicdan? Hanı o “namus” dediyiniz anlayışın insani tərəfi?
Heç kim Mətanəti tanımırdı. Heç kim Səbuhi ilə eyni həyatı da yaşamırdı. Amma hamı hakim kəsilib. Hamı qəhrəmanı və günahkarı müəyyən edib. Kimsə oturub düşünmür ki, bu qadın niyə üç uşağını da götürüb atasının evinə gedib. Nə yaşayıb, nə görüb, nədən yorulub, nədən qaçıb? Səbuhi dörd aydır ailəsindən uzaqda olub. Bəlkə də o ailənin parçalanmasının səbəbi təkcə bir qadının davranışı deyil, illərlə yığılıb qalmış anlaşılmazlıq, zorakılıq, səssiz ağrılar olub? Toyuqlu pizza
Əgər bir qadın atasının evinə qayıdırsa, deməli bunu səbəbsiz yerə etmir. Bu, cəmiyyətin qadına verdiyi ən acı dərslərdən biri də: “Döz, sussan yaxşıdır, uşaqlar üçün qayıt, nə olursa olsun ailəni dağıtma” kimi fikirlərdir. Və sondakı nəticə, qətl. Qadın ölür, kişi “namus” adı ilə özünü asır, üç uşaq isə yetim qalır.
Amma məsələ təkcə bir ailənin faciəsi deyil. Bu, cəmiyyətin xəstəliyidir. Və bu xəstəliyin adı patriarxal təfəkkürdür.
Bu təfəkkür bizə uşaqlıqdan öyrədilib. Küçədə dalaşsaq, evdə valideynlərimiz “sən yəqin günahkarsan” deyib, bizə inanmırdılar. Qız uşaqlarına “sus, cavab vermə”, oğlanlara “sən kişisən, döz” deyilirdi. Beləcə böyüdük, susmağı, dözməyi, amma heç vaxt danışmağı, anlamaya çalışmağı öyrənmədik.
Səbuhi Mətanəti öldürməzdən əvvəl bir dəfə oturub onunla danışsaydı, bəlkə bu gün hər ikisi həyatda olardı. Amma yox, bizdə “danışmaq” kişiyə yaraşmaz. Bizdə “döymək”, “öldürmək”, “intihar etmək” daha çox hörmət qazandırır. Axı cəmiyyət “namus üstə öldürəni” “qəhrəman” kimi görür.
Əzizlərim, namus niyə hər zaman qadının çiyinlərinə yüklənib?
Niyə bir qadın üç uşaq dünyaya gətirəndən sonra birdən-birə “namussuz” olur?
Niyə bir kişinin öz xanımını öldürmək kimi bir haqqı var?
Bu, kişilik deyil. Bu, qorxaqlıqdır. Öz komplekslərini, eqosunu, zəifliyini gizlətmək üçün “namus” sözünün arxasına sığınmaqdır. Bu, cəmiyyətin illərlə yaratdığı saxta qəhrəmanlıq anlayışının məhsuludur.
Bu gün “Səbuhi düz elədi” deyən hər kəs o uşaqların yetim qalmasında, o qadının öldürülməsində pay sahibidir. Çünki bu fikirlər, bu dəstək, bu “kişilik təlimləri” sabah başqa bir Səbuhini dünyaya gətirəcək.
Valideynlərə də sözüm var:
Qızlarınıza “bu evə yalnız meyitin gələ bilər” deməyin. Bu cür fikirlər ilə siz qızınızı hər gün bir addım daha ölümə göndərirsiniz.
Oğullarınıza isə “evlənsin, düzələr” deməyin. Əgər o, insan kimi davranmağı bacarmırsa, bir qadının həyatını məhv edəcəyi gözlər önündədir.
Xəyanət bağışlanılmaz bir səhvdir, bəli. Amma xəyanət öldürmək üçün səbəb deyil. İnsan insanı öldürməməlidir. Nə namus, nə qısqanclıq, nə də digər səbəblərdən.
Çünki Allahın verdiyi canı almağa heç kimi ixtiyarı yoxdur. Olmamalıdır.
Bu hadisə təkcə Mətanətin və Səbuhinin faciəsi deyil, bu bizim cəmiyyətimizin, insanlığımızın faciəsidir.
Və biz bu faciəni hər dəfə “kişilik”, “namus”, “qürur” adı ilə bəraət qazandırdıqca, növbəti Mətanətlər də öləcək, növbəti Səbuhilər də asılacaq… Belə davam etdikcə də heç vaxt yaralarımız sağalmayacaq. Bir ana övladsız, bir ata qanadsız, bir körpə isə yetim qalacaq.
Aydan Hacı
Telegram kanalımız