Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, Konstitusiyanın preambulasından 1921-ci il Moskva və Qars müqavilələrinin adları çıxarılıb və Naxçıvanın statusu birbaşa Azərbaycan Konstitusiyası ilə əsaslandırılıb.
Dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının preambulasında bundan sonra Moskva və Qars müqavilələrinə istinad edilməyəcək. Yeni redaksiyada vurğulanır ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun konstitusion əsasları 1991-ci ildə qəbul edilən dövlət müstəqilliyi sənədləri və 1995-ci ildə referendumla qəbul edilmiş Azərbaycan Konstitusiyası ilə müəyyən olunur.
Mövzunu şərh edən Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev “Yeni Sabah”a müsahibəsində bildirib ki, Moskva və Qars müqavilələrinin Konstitusiyanın preambulasından çıxarılması Naxçıvanın hüquqi statusunun əsaslandırılmasının dəyişdirilməsi deməkdir. Onun sözlərinə görə, əvvəlki redaksiya mütamadi olaraq Ermənistan tərəfindən siyasi şərhlərin predmetinə çevrilməsi bu əsaslandırmanı vacib edib. pizza mizza
“Müqavilə adlarının çıxarılması, əsasən, Naxçıvanın hüquqi statusunun əsaslandırılmasının dəyişdirilməsi deməkdir. Bu dəyişiklik bir neçə hüquqi məna daşıyır. Status beynəlxalq müqavilələrdən deyil, Azərbaycan Konstitusiyasından qaynaqlanır. Əvvəlki redaksiya Naxçıvan muxtariyyətinin hüquqi əsasının 1921-ci il Moskva və Qars müqavilələri ilə qoyulduğu haqda fikir yaradırdı. Bu müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi kimi mövcudluğu təsbit edilmişdi”, - Namiq Əliyev söyləyib.

Professor qeyd edib ki, bu dəyişiklik muxtariyyətin hüquqi əsasının “daxililəşdirilməsi” kimi qiymətləndirilə bilər. Başqa sözə, Naxçıvan artıq beynəlxalq müqavilələrə bağlı xüsusi rejim kimi deyil, Azərbaycanın inzibati-ərazi quruluşunun tərkib hissəsi kimi daha aydın təqdim olunur.
Hüquq ekspertinin sözlərinə görə, Moskva və Qars müqavilələrinə istinad uzun illər siyasi manipulyasiyalar üçün istifadə edilib. Bəzi dairələr həmin sənədləri yanlış şərh edərək Naxçıvanın guya Azərbaycana “verilməsi” barədə iddialar irəli sürürdülər.
“Həmin müqavilələrdə Naxçıvanın Azərbaycana “verilməsi” haqqında heç bir norma mövcud olmayıb. Naxçıvan həm tarixi, həm də hüquqi baxımdan həmişə Azərbaycan məkanının ayrılmaz tərkib hissəsi olub. Müqavilələrə istinadların çıxarılması tarixi faktları dəyişdirmir, lakin mümkün hüquqi ikimənalılığı aradan qaldırır”, - Dövlət İdarəçilik Akademiyasının professoru bildirib.
Professor N.Əliyev vurğulayıb ki, Naxçıvan Konstitusiyanın preambulasından Moskva və Qars müqavilələrinin adlarının çıxarılması ilə Muxtar Respublikanın Azərbaycanın yalnız daxili inzibati-hüquqi institutu olduğu barədə hüquqi mövqe daha da möhkəmləndirilib.
İlhamə Qasımlı
Telegram kanalımız