Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlanan “Şənbə axşamı” verilişinin qonağı olub. Yüksək rütbəli məmurların, xüsusilə nazirlərin mediaya açıq olması yaxşı haldır. Deməli, əlçatandır. Deməli, rəhbərlik etdiyi sahədə mövcud olan problemlərlə bağlı sual vermək, hansısa anlaşılmazlığa aydınlıq gətirmək şansı var.
Həmişə belə olmayıb. Vaxtilə Prezident Administrasiyasında çalışan tanışım danışır: “Bizim ağzımız nə idi ki, Ramiz Mehdiyev dəhlizə çıxanda otaqdan çölə boylanaq?! Bütün qapılar bağlı, hamı səssiz olmalıydı. Mehdiyev Administrasiyanın rəhbəri olanda "Ağ Ev"də əsl gestapo rejimi hökm sürürdü. Təsadüfən dəhlizdə olan adam da bir anın içində sivişib gözdən itməliydi”.
Həmin dövr yaxın keçmişə aid olduğu üçün hələ gözümüzün qabağından getməyib. Fəxri Xiyabanda, ya da Şəhidlər Xiyabanında saatlarla gözləyirdik ki, hansısa nazirə bir sual verib iki kəlmə cavab alaq. Ziya Məmmədov jurnalisti adam yerinə qoymurdu. Əli İnsanov az qalırdı başımızı kəssin. Eldar Mahmudovun həndəvərinə yaxın düşmək olmurdu. Heydər Babayev özünü elə çəkirdi ki, sanki alcaq dağları o yaradıb. Elmar Məmmədyarov danışsa da, heç nə başa düşmək olmurdu. Bircə Hacıbala Abutalıbovu rahat danışdırmaq olurdu. Onun da dediyi heç kimə lazım olmurdu... Sezar pizza
İndi ölkədə başqa ab-havadır. İndi məmuru hətta sosial şəbəkə vasitəsilə də verilişə çağırmaq mümkündür. Cəmiyyətə hesabat verməyi özünə borc bilən xeyli nazirlərimiz var. İndi jurnalistlərin də dili açılıb. Cəmiyyəti narahat edən məsələləri tez-tez dilə gətirə bilirlər. Əli Həsənovun medianı kurasiya etdiyi dövrdən fərqli olaraq, indi tədbirlərə gedən jurnalistlərin gözü nazirin cibində deyil, ağzındadır. Jurnalisti nazirin nə verəcəyi deyil, nə danışacağı maraqlandırır.
Elm və təhsil naziri Emin Əmrullayevdən sonra daha bir hökumət üzvü səmimi etirafları ilə gündəmə gəlib. Yuxarıda yazdıq axı, Gənclər və idman naziri Fərid Qayıbov İTV-də qonaq olub. Nazir çox mövzuda danışıb, çox mətləblərə aydınlıq gətirib. Amma onu sosial şəbəkələrin gündəminə daşıyan bu etirafı oldu: “İndi saqqal çox populyardır. Bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox? Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”.
Sağ olsun, nazir səmimi danışıb. Sosial şəbəkə iştirakçıları da sağ olsunlar ki, Fərid müəllimi düzgün başa düşdülər, onun səmimiyyətindın sui-istifadə etmədilər.
Soruşa bilərsiniz ki, əgər belədirsə, bəs problem nədir?
Yazım...
Bu etirafı biz - hansısa sıravi jurnalist, ziyalı, aktyor etsəydi, indi ona yüz şəbədə qoşmuşdular. Hamı yazacaqdı ki, filankəs arvaddan qorxur.
Bax, problem budur! Məmur hörmət əlaməti olaraq həyat yoldaşına jest edəndə olur centlmen, sadə vətəndaş bunu edəndə olur arvaddan qorxan kişi...
Əvvəllər də yazmışam: Azərbaycanda varlı adama Adil müəllim, kasıba Ədil deyirlər. Buna görə də adil cəmiyyət qura bilmirik...
Seymur VERDİZADƏ
Telegram kanalımız