Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. Bəzi təhsil işçiləri isə müəllimlərin sertifikasiyadan keçirilməsinə etiraz edir.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a açıqlamasında bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi təqdirəlayiq haldır:
“Sertifikasiya imtahanı uzun müddət ərzində təhsil sistemində çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılmasına xidmət edən imtahan prosesidir. Nəzərə alsaq ki, Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır və onlar bizim 1,6 milyon şagirdimizin hər gün təlim-tərbiyəsi ilə məşğuldurlar və biz hər il buraxılış və digər imtahan nəticələrini gördükdə məktəblərdə təhsilin nə qədər aşağı olduğunu müşahidə edirik. Xüsusilə son 3 il ərzində orta ümumtəhsil məktəblərinin idarə olunması, təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər mövcuddur. Hesab edirəm ki, bu amil bizə əsas verir ki, təhsilverənlərimizin bilik və bacarıqlarını yoxlayaq. pizza hut
Dünyanın heç bir ölkəsində təhsilin səviyyəsi müəllimin səviyyəsindən artıq deyil. Sizin müəlliminizin bilik və bacarığı nədirsə, təhsil sisteminizin səviyyəsi də ondan ibarətdir. Biz birinci müəllimlərimizin peşəkarlığını artırmalıyıq. Ona görə də imtahan olmalıdır.
Əgər siz 4 il universitet oxumusunuzsa, 5 ildir bu fənni tədris edirsinizsə, deməli, bu ixtisası bilirsiniz. Sizin şagirdləriniz gedib imtahan verirsə, deməli, sizin də imtahan verməyinizdə hər hansı problem olmamalıdır”.
Ekspert bildirib ki, müəllimlərin narazılığı imtahana görə yox, onları imtahan edənlərə görədir. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyində imtahan vermədən vəzifə tutanların onları imtahan etməyə mənəvi və hüquqi haqları çatmır:
“Bu narazılıqda məsələ imtahan deyil. Müəllimlərin imtahan edilməsində hər hansı problem yoxdur, problem bu imtahanı keçirənlərin özlərinin hər hansı bir imtahan vermədən işə qəbul olmalarıdır. Siz görə bilməzsiniz ki, Elm və Təhsil Nazirliyinin hər hansı şöbə müdiri test imtahanı ilə dövlət qulluğuna qəbul olsun. Nə aparat rəhbərinin, nə nazir müavinin imtahan verərək vəzifəyə gəldiyinin şahidi ola bilməzsiniz. Müəllimlər imtahandan qorxmurlar, sadəcə onlar deyir ki, bizi imtahan edənlərin özləri də imtahan versin.
Xatırlayırsınızsa, 2-3 ay bundan əvvəl Elm və Təhsil Nazirliyinin heç bir imtahan vermədən şöbə müdiri təyin olunmuş əməkdaşı Elnur Əliyev slayd hazırladı və hazırladığı bir slaydda 14 səhv var idi. Müəllimlər də deyir ki, bizi imtahan edənlərin buna mənəvi və hüquqi haqları olmalıdır. Bu təhsil sistemidir, hər hansı kənd təsərrüfarı sistemi, yaxud turizm sektoru deyil. Bu sistemdə bir dəfə sinfə girməyənlər, jurnal yazmayanlar, təhsildən anlayışı olmayanlar gəlib müəllimləri imtahan etməməlidir.
Amma yenə deyirəm, müəllim imtahan edilməli, öz üzərində işləməlidir. Nə olsun 4 il oxuyub, MİQ imtahanı verib, amma öz üzərində daim çalışmalıdır. Bu imtahanlar onların əmək haqlarının artırılmasına gətirib çıxarır. Müəllimin maaşının 10-35 faiz artması nəyinsə müqabilində olmalıdır. Düzdür, biz testlə onların əzbərçi biliklərini yoxlayırıq, amma hər il nə qədər şagird imtahanlardan 2 alır. Biz testlə müəllimin fəaliyyətini qiymətləndirə bilmirik, amma bu gün çox təəsssüf ki, öz ixtisası ilə bağlı zəif biliklərə malik olan müəllimlər var, onlar öz üzərində işləmirlər. Bu imtahan onların yenidən öz üzərlərində işləməsinə, təkmilləşməsinə kömək edir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız