“Hazırda bir blogerin keçirdiyi qəzanın sosial şəbəkələrdə və saytlarda paylaşılması dövrümüzün ümumi özəlliyidir. Axı biz “TikTok”erləri kosmosdan gətirməmişik, onlar da bu xalqın övladıdır. Əgər bu şəxsləri minlərlə, on minlərlə, yüz minlərlə adam izləyirsə, mətbuatın diqqətini çəkəcək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış yazıçı Şərif Ağayar deyib.
Yazıçı bu gecə ağır yol qəzası keçirərək qolu qopan tanınmış “TikTok”er “Nikosayağı” - Nicat Şakirli haqqında sosial şəbəkələrdə və mediada paylaşılan xəbərlərə münasibət bildirib. Sezar pizza
Məsələyə tənqidi yanaşan müsahibimizin fikrincə, mətbuatın ilk işi odur ki, özünə oxucu toplasın və o oxucusunu saxlasın:
“Bu gün “TikTok”erlərə, toy müğənnilərinə, kriminal avtoritetlərə və meyxanaçılara qarşı cəmiyyətdə böyük maraq var. Əslində, bu bizi qıcıqlandırmamalıdır. Dünyanın hər yerində belədir. Lakin dünyanın hər yerində bununla yanaşı seçkilərə, kitab sərgilərinə, filmlərin qala gecələrinə, tamaşaların premyeralarına, rəsm sərgilərinə də böyük maraq var. Yəni cəmiyyət bir tarazlıq içərisindədir. Nə yazıq ki, bizdə bu sahədə boşluq var və bunun əvəzinə cəmiyyət üçün çox da faydalı olmayan, onu düşündürməyən, gələcəyi üçün heç bir töhfə verməyən sahələrə həddindən artıq maraq göstərir. Bu da insanların bir az əyləncə axtarması ilə əlaqəlidir. İnsanlar gərgin olurlar, əylənmək istəyirlər və “TikTok” da buna böyük imkanlar yaradır. Ona görə izləyicilərinin sayı durmadan artır”.
Onun sözlərinə görə, “TikTok”da, həmçinin digər sosial platformalardan daha çox azadlıq var:
“Buna görə adamlar maraq və həvəs göstərir. Bizim bunun qarşısını almağımız mümkün deyil. Gileylənməyə ehtiyac yoxdur. Sadəcə alternativ ciddi sahələrin təbliği ilə, yəni adamları oraya mümkün qədər cəlb etməklə müəyyən balans saxlaya bilərik. Bunun üçün biz oxucu və tamaşaçıda ciddi sənət sahələrinə inam yaratmalıyıq. İnsanlar o qədər yalan eşidirlər ki, nəticəsi də belə olur. Günah bir az da sənət adamlarındadır”.
“Mən qəzaya düşən gənclərə şəfa diləyirəm. Rəhmətə gedənə Allah rəhmət eləsin. Onlara qarşı xüsusi qıcığım yoxdur. Bu, zamanın gerçəkliyidir. Biz öz işimizi görmürük, onlar da təşəbbüsü ələ alır” – o, əlavə edib.
“Məsələn, ölkədə seçkilər kimi taleyüklü məsələyə meyxana yarışması qədər maraq göstərilmir. Bunun adı fəlakətdir. Dünyanın hansı ölkəsinə gedib bunu danışsan, adama inanmazlar. İnsan öz gələcəyini belə asanlıqla iqnor edərmi?
Bir “TikTok”er xalqa ciddi nə deyə bilər? Nə qədər əylənmək olar? Soyuducunu açanda həqiqətlə üz-üzə gəlirsən və o əyləncələr sənə kömək eləmir”, – yazıçı söyləyib.
“Bu gün postmodern bir dövrdür. Hamı çəkir, hamı yazır və paylaşır. Azərbaycan ədəbiyyatı, mətbuatı, ziyalısı və sənətkarı isə ciddi həqiqətlərdən uzaq düşdüyü üçün dəhşətli bir boşluq yaranıb. Cəmiyyət bu boşluğu yüngül əyləncələrlə doldurur. Bir blogerə bir yazıçıdan çox inanırlar. Haqları da var. Yazıçı çıxıb efirdə yaltaqlananda ona kim inanacaq?” – Ş. Ağayar yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız