“Sözün düzü, o blogeri də tanımıram ki, “beşinci kolon” olması haqqında nəsə deyim”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
O, aprelin 17-də azərbaycan əsilli rusiyalı bloger Hüseyn Həsənovun “Park Bulvar"da təşkil olunan görüşünün məqsədli olması, ictimai fikri Rusiyanın lehinə formalaşdırmaq niyyəti daşıması barədə iddialara münasibət bildirib: pizza hut
“Mən azərbaycanlıları və cəmiyyətimizi tanıyıram. “Park Bulvar"da tort, ya da krassovka verilsəydi, başqa bir təbəqə orada izdiham yaradacaqdı. Hələ bunlar bir az mütərəqqi təbəqədir ki, “iPhone” istəyirlər. Qalanlar nə istəyəcəkdi?! Yəni bu sosial şəbəkədəkilər, qaragüruh yaradanlar onlardan ağıllıdır ki?!
Məsələn, bir əyyaş yazar lağlağı bir şey yazır və onun dalınca min nəfər düzülürsə, yaxud da səviyyəsiz bir bloger bir şey yazırsa, onun dalınca da iki min adam sürünürsə, onlar bunlardan ağıllı deyillər. Bunlar yenə “iPhone” dalınca gəliblər, pulları yoxdur, fikirləşirlər ki, bir “iPhone” tapsam, bəlkə nəsə bir iş gördüm.
Ona görə də kiminsə gəlib Azərbaycan cəmiyyətini yönləndirməsinə ehtiyac yoxdur. Azərbaycan cəmiyyətini yönləndirmək olsaydı, normal çağırışlarla harasa aparardılar”.
BQP sədrinin sözlərinə görə, “beşinci kolon” iddiası reallığı əks etdirmir:
"Vaxtilə Nizami Süleymanov xalqa vədlər verdi, bir-iki gündə Azərbaycan xalqının çoxu onun dalınca getdi. Dedilər ki, vəd veribsə, deməli, ağıllı adamdır. Bu cəmiyyət dəyişməyib! Ona görə də oraya çıxan adamlar heç olmasa, bu birilərindən bir az ağıllıdırlar. “iPhone”a görədir, nə Rusiya, nə “beşinci kolon”?!
Buna "millətin faciəsi" demək səhvdir. Millət bu adamların çiynində getmir ki?! Millət gedib Rəsulzadənin, Topçubaşovun çiynində. Bu insanlar bəzi komponentləri, çatışmazlıqlarımızı ört-basdır ediblər. Siz gedin, çayxanalara baxın, orada avaraçılıq edən yüzlərlə adam var, nərd, domino, bilyard oynayıb vaxtını öldürürlər. Bunlar “iPhone” dalınca gedənlərdən bəyəm daha təmkinli, daha ağıllıdırlar?!
Hamı düşüb ki, izdiham yaşandı və s. Hələ orada normal davranıldı. Ərzaq paylanılsaydı, görün nə olacaqdı. Bu cəmiyyəti müstəqillik dövründə irəli apara bilmədik, çünki normal, yaxşı təhsil verə bilmədik.
O uşaqlar haradasa universitetdə oxuyur, orta məkəb şagirdidirlər, onların normal təhsili yoxdur. Sadəcə özlərini təkmilləşdirmək, nələrsə öyrənmək üçün texnoloji vasitələr istəyirlər. Bu gün 5 yaşlı uşaq da məndən və sizdən daha yaxşı idarə edir “iPhone”u. Müasir texnologiyanın ərsəyə gətirdiyi bir şeydir bu. Burada hansısa təhlükə niyə olsun?! Təhlükə cəhalətdədir, təhlükə bir sürü kimi hansısa yalançının dalınca gedənlərdədir. Siyasətdə də belədir. Çıxsın, bir dələduz desin ki, bunları vəd edəcəyəm, kimsə getməyəcək?! Hansı vicdanlı adamın dalınca bu qədər insan gedib axı?!
Mən o gənclərə böyük bir təhlükə kimi baxmıram”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız