Nənələr bizi “KƏRƏ YAĞI” adı ilə necə aldadır? – Keyfiyyətli məhsulu TANIMAĞIN YOLU  

Nənələr bizi “KƏRƏ YAĞI” adı ilə necə aldadır? – Keyfiyyətli məhsulu TANIMAĞIN YOLU  

Sosial

24 Yanvar 2023 17:36 799


Ölkə bazarında 100-dən çox çeşiddə yağ satışdadır. Bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı isə xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarus, İran, Almaniya, Türkiyə, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur.

Mütəxəssislərin bildirdiyinə görə satışda olan yağların 90%-dən çoxu ölkədə qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır. 

Təhlükəli olan bu yağların mənşəyi barədə məlumatsız olan istehlakçılar hələ də hansı yağı tədarük edəcəklərini bilmirlər.

Bəs, sağlamlığımızın mənbəyi olan yağları neçə seçək? Hansının keyfiyyətliliyinə inanaq?

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, mövzu ilə bağlı danışan Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə yağla bağlı hələ də şikayətlərin ardı-arası kəsilmir:

“Əsasən heyvan mənşəli yağlarla bağlı birliyimizə hər gün telefon zəngləri olur. İstehsalçının borcudur ki, standarta uyğun və normal yağ hazırlasın. Azad İstehlakçılar Birliyinin 25 illik tədqiqatından məlum olur ki, ölkənin əmtəə bazarında istehlakçıların tələbatına uyğun olmayan və onların aldadılması ilə müşayiət olunan yağlar var.

Qida Təhlükəsizliyi Agentliyi onların təhlükəsizliyini təmin edir. Siz bu yağları yeyəndə zəhərlənməyəcəksiz. Keyfiyyət məsələsi isə masanın üstündədir, bununla heç kəs, hətta İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti belə bu işlə məşğul olmur. Çünki qanunvericilik buna imkan vermir.

Ölkədə səhv anti-itehlakçı siyasəti yeridilib. İstehsalçılar bundan sui-istifadə  edir və istehlakçıları aldadırlar. Yağ bazarının bu qədər çirklənməsinin səbəbi elə qanunların zəif olmasındadır. Keyfiyyətsiz mallar insanların həyatına illər boyu və yavaş-yavaş təsir göstərir”.

Mağazalarda hər qiymətdə yağ təklif olunduğunu qeyd edən Eyyub Hüseynov onların hansı şəraitdə və necə hazırlanmasına da toxunub:

“Yağların bir çoxunun üzərində inək şəkli var. Əslində kiçik hərflərlə bunun qarışıq yağ olduğu qeyd olunub. Ən çox istehlakçıların aldadılması nənəmin yağı, nehrə yağı, kənd yağı adı altında satılanlardır. Bu yağlar daha çox bazarda və “İvonavka” dükanlarında satılır. 98 faizi vaxtı keçmiş və ən ucuz marqarin yağlarının qarışığından əmələ gəlir.

Bu keyfiyyətsiz yağları əldə etmək üçün nənələr yaxşı variantlar bilir. O varianatları dəfələrlə mediada açıqlamışam və yenə də qeyd edirəm. Südü sərsən ondan qaymaq əmələ gələr. Qaymağı yığıb ondan yağ əmələ gətirirlər.

Təxminən 20 litr normal yağlı süddən 1 kiloqram qaymaq yaranır. Nənə südü sərir, qaymağı yığır, ondan yağ əldə edir. Lakin qaymağın altı qalır. Ona üzsüz süd deyirlər. Bunun 94 faizi sudur. Nənə həmin südü atmır.

Ona vaxtı keçmiş ən ucuz marqarin yağını qatır və 85 dərəcəyə qədər qaynadır. Nə qədər qaynatsa da yağla su bir-birinə qarışmır. Bundan sonra həmin mayeni hamalizator deyilən bir cihaza tökür. Onu bir cinsli maddəyə çevirirlər. Bu, müəyyən yağlılığa malik süddür.

Əgər o südü ekspertizaya versək, labaratoriya orada süd turşularını axtarıb tapacaq. Çünki qaymağın altından yığılıb. İstənilən halda nənə bu mayeni nehrəyə töküb qarışdırsa, yenə də yağ əmələ gələcək. Halbuki onun mənşəyi marqarinlərdir. Bu cür yağlar bazarlarda doludur”.

Eyyub Hüseynov istehlakçılara yağın keyfiyyətliliyini necə müəyyənləşdirməyin yolunu da izah edib:

“İstehlakçı marketə girib yağı əlinə götürsün və sıxsın. Hansı yağ əlinə bərk gəlsə, o daha çox kərə yağıdır. Bazarda xaricdən gətirilən təmiz yağlar var ki, onları yoxlayıb istifadə etmək məsləhətdir. Bununla belə müasir marketlərdə spred yağları var. Təssüf ki, onların üzərində inək südü yazılır və təbii olduğu qeyd edilir. Əslində isə onlar qarışıq yağlardır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!