Sabah İlaxır Çərşənbədir. Novruz bayramına sayılı günlər qalıb. Bayram süfrəsinə hansı nemətlər düzülməlidir?
Bunu Yenisabah.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı deyib.
Onun sözlərinə görə, hər bir bölgənin özünəməxsus adət-ənənəsi var: Dominos pizza
“Qubadlı rayonunda İlaxır Çərşənbədən bir gün öncə kənd əhalisi bir dərəyə yollanır. Orada sinələrinə döşlük taxıb, kürəklərinə şal bağlayır, nəğmələr ifa edə-edə müxtəlif dağ göyərtilərini toplayırlar. İlaxır Çərşənbədə onların süfrəsində yemlik, quzuqulağı, bənövşə, dağ keşnişi kimi müxtəlif göyərtilər öz əksini tapmalıdır.
Ağdam bölgəsində ilk Çərşənbədə (Su Çərşənbəsi) əriştəli plov və ya xəmiraşı hazırlayırlar. Od Çərşənbəsində lobyalı plov dəmə qoyur, ona şəkər qatıb yeyirlər. Daha sonra suyunu həyət-bacaya atırlar ki, bolluq-bərəkət olsun. Yel Çərşənbəsində səbzili plov, son (İlaxır) Çərşənbədə isə qovurmalı pilov bişirirlər.
Ümumiyyətlə, Novruz süfrəsində yeməklərin şahı plov olmalıdır. Plovsuz Novruz süfrəsini təsəvvür etmək qeyri-mümükündür”.
Filoloqun sözlərinə görə, bayrama "yeddilərin bayramı" da deyilir:
“Yəni süfrədə 7 cür naz-nemət olmalıdır. Novruz süfrəsinin bəzəyi xonça artıq çərşənbələrdə hazır olmalıdır. Xonçada "s" hərfi ilə başlayan 7 nemət olmalıdır. Bunlardan başlıcası səmənidir. Səmənidən başqa bolluq, bərəkət mənası verən bəzi nemətlər də xonçada yer almalıdır: su, süd, sünbül, səməni, sirkə, sumax, səbzi, siyənək balığı.
Süfrədə səməni halvasının olması mütləqdir. Elə şirniyyatlar var ki, onların hazırlanması çətin olduğuna görə çox az adam bişirir. O cümlədən səməni halvası. Səməni halvasına "süvan", "İsfahan halvası" da deyirlər. Onun hazırlanma prosesi 7 gün davam edir. Novruz süfrəsində paxlava, şəkərbura, qoğal əvəzolunmazdır.
Rəngli yumurtaların olması əsasdır. Yumurtanın özü bolluq-bərəkət rəmzidir”.
S. Abbaslı qeyd edib ki, bayram süfrəsində bəzi nemətlər olmamalıdır:
“Acı, turş nemətlər. Hətta bəzən qoğalın olmasını belə düzgün hesab etmirlər. Süfrədə mütləq çörək olmalıdır. Çörək bərəkət rəmzidir.
Süfrədə ailə üzvünün sayı qədər şam yandırılmalıdır. Qədim türklər odu müqəddəs hesab ediblər. Şamın yandırılması buna inamla bağlıdır. Əgər kimin şamı tez sönsə, həmin insan digərlərindən daha tez vəfat edəcək. Ona görə də şamı yarımçıq söndürmürlər.
İlaxır Çərşənbədə Novruz süfrəsindən qonşuya çörək, şam, neft, kibrit verməzlər”.
Nəzrin Vahid
Telegram kanalımız