İkinci Dünya Müharibəsi dövründə SSRİ-nin qalib olmasının başlıca səbəbi xalqın səfərbər olması idi. Hətta deyilənə görə, qadınlar orduya silah-sursat almaq üçün nişan üzüklərini dövlətə bağışlayırmışlar. İnsanlar günlərlə ac qalsalar da, becərdikləri məhsulları orduya göndəriblər. Bunu yaşlı insanlarımız həmişə yaxşı nümunə kimi göstəriblər. Hazırda isə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatı aparır. İndiki zamanda da xalqımız, cəmiyyətimizin bütün təbəqələri ictimai-siyasi həmrəylik nümayiş etdirir, təşkilatlar, idarə və müəssisələr, ayrı-ayrı vətəndaşlar müxtəlif məbləğdə vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna keçirməklə Orumuza dəstək olmağı bacarır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, Azərbaycan Böyük Vətən Müharibəsi dövründə orduya təkcə 832 kiloqram qızıl bağışlayıb:
“Xalqımız 1992-1993-cü illərdə əsgər üçün əllərindən gələni edib. Xalq bütün gücü ilə Ordunun yanında idi. Hətta yun corab, jaket, isti geyim toxuyanlar var idi. “İmprotex” şirkəti var idi. Füzuli Ələkbərov da onun rəhbəri idi. Bəlkə 200 jaket, 500 əlcək, yüzlərlə yun corab toxutmuşdu. Onları cəbhə xəttinə mən daşımışam”. Marqarita pizza
Millət vəkili bu gün hər şeyin daha mütəşəkkil təşkil olunduğunu vurğulayıb:
“Bilirsiz, o vaxt dövlət yox idi, başıpozuqluq, pərakəndəlik far idi. İndi isə hər şey qaydasındadır. Ordunun belə şeylərə ehtiyacı yoxdur. Ordumuz yeməyindən başlamış isti geyiminədək hər şeylə tam təmin olunub. Xalqın yalnız mənəvi birliyinə və lazım olarsa, əlinə silah götürməyinə ehtiyac var. O da bu gün göz qabağındadır. Xalq Ordu ilə bir yerdədir. 50-dən artıq partiya var, onların hamısı bir yerə yığılıb bəyanat veriblər, Prezidentin siyasi məsələlər üzrə köməkçisi Ədalət Vəliyevlə görüşüblər. Bu xoş gündə Azərbaycan xalqı üzərinə düşən fədakarlığı edir”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız