Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızı azad etməsi Ermənistanın baş naziri Nikol Paşinyanı çarəsiz duruma salıb. Hər gün bir dövlət rəhbərinə minnətçi düşən erməni baş nazir səsləndirdiyi fikirlərlə özünü gülüş hədəfinə də çevirir. Ötən gün o, daha bir bəyanatla çıxış edib. Qeyd edib ki, Azərbaycan hazır olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsində qarşılıqlı güzəştlər baş tuta bilər. "Münaqişənin nizamlanması qarşılıqlı güzəştlər əsasında həyata keçirilməlidir", - deyə Paşinyan qeyd edib.
Siyasi şərhçi Şahin Cəfərli Yenisabah.az-a açıqlamasında bildirib ki, Paşinyanın belə bir bəyanat səsləndirməsində cəbhədə baş verən son hadisələrin əhəmiyyətli təsiri olub:
“Bəli, Paşinyanın açıqlamasını mən də oxudum. Belə deyir ki, Azərbaycan güzəştlərə hazırdırsa, biz də hazırıq. Yəni Azərbaycan güzəştə gedəcəksə, biz də gedə bilərik. Azərbaycan Ordusunun cəbhədə irəliləməsi və Ermənistan ordusunun çox çətin vəziyyətdə qalması bu açıqlamanın verilməsində aparıcı yer tutur. Çünki biz əvvəllər Paşinyandan belə açıqlamalar eşitmirdik, güzəşt söhbəti etmirdi. Əksinə, hamımız şahidik ki, Paşinyan daha da radikal və təxribatçı bəyanatlar verməklə məşğul idi. Amma indi güzəşt sözünü dilinə gətirir. Təbii ki, Azərbaycanın şərtləri məlumdur. Prezident son çıxışında elan elədi. Paşinyanın bu bəyanatı bizim üçün yetərsizdir”. pizza
Politoloq qeyd edib ki, bu bəyanat daha çox beynəlxalq ictimaiyyətə yönəlib:
“Paşinyan göstərmək istəyir ki, Ermənistan sülhsevərdir, atəşi dayandırmaq istəyir və danışıqlar masasına oturub qarşılıqlı güzəştlərə getməyə də hazırdır. Dünya ictimaiyyətinə çatdırmaq istəyir ki, bütün bunlara Azərbaycan razı deyil. Yəni Azərbaycanı beynəlxalq ictimaiyyətə sülhə mane olan, müharibə istəyən tərəf kimi, özünü isə konstruktiv, hətta güzəştlərə gedən bir lider kimi təqdim etmək istəyir”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan Ordusunun cəbhədə irəliləməsi davam edərsə, biz Paşinyandan daha konkret açıqlamalar gözləyə bilərik:
“Dünənki açıqlaması ümumi idi. Bir müddət sonra ola bilər ki, açıqlama verməsin, amma gizli şəkildə Azərbaycan tərəfinə hansısa mesaj göndərsin. “Gəlin masaya oturaq, mən filan güzəştlərə hazıram”,-deyə müraciət edə bilər. Bu, tamamilə mümkündür”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız