Ötən il Gürcüstandan Azərbaycana qoyun idxalı 4 dəfə artıb. Ölkədə qoyunçuluğun inkişafının zəifləməsinə əsas səbəb kimi otlaqların yoxluğu göstərilir. İşğaldan azad edilmiş bölgələr əkinçilik və otlaq üçün yeni ərazilər qazandırıb. Məsələn, Kəlbəcər, Laçın, Qubadlı tarixən Azərbaycanın əvəzedilməz yaylaq məkanı olub.
Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib ki, Gürcüstandan xırdabuynuzlu heyvanların qiyməti daha ucuz və cəlbedicidir:
“Gürcüstandan idxalın artması təbiidir. Azərbaycanın daxili qiymətlərinə nisbətən Gürcüstanda xırdabuynuzlu heyvanlar daha ucuzdur. Həm də son illər qonşu ölkədə yüksək inkişaf tempi var. Xırdabuynuzlu heyvanların sayı son 10 ildə 2,5 dəfədən çox artıb. Qiymətlər də ucuz olduğundan onların Azərbaycana gətirilməsi daha sərfəli olub”. Marqarita pizza
Ekspert qeyd edib ki, 2014-2015-ci ildən sonra Azərbaycanda pambıçılığın sürətlə inkişafı otlaq ərazilərinin müəyyən qədər azalmasına səbəb olub:
“Bu, iri və xırdabuynuzlu heyvandarlığın inkişafında da əngələ çevrilir. Bundan əlavə, qarışıq yemlərin, vitaminlərin qiyməti kəskin bahalaşıb".
Natiq Cəfərlinin sözlərinə görə, problemi təkcə işğaldan azad olunmuş ərazilər hesabına həll etmək olmaz:
"Həm də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik məsələsi həll edilməlidir ki, Kəlbəcərdə, Qubadlıda, Laçında iri və xırda buynuzlu heyvan saxlanılsın. Əlbəttə, bunun üçün müəyyən münbit şərait və ənənələr var. Amma məsələyə kompleks yanaşılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi daha çox stimullaşdırıcı addımlar atmağa, subsidiyaların əlçatan olmasına çalışmalıdır ki, bu sahədə fəaliyyət göstərən fermerlərin sayı artsın. Bu həm də qiymətlərin ucuzlaşmasına müsbət təsir edə bilər”.
Nəzrin Vahid
Telegram kanalımız