İşsizlik, maddi problemlər həmişə kriminal mühiti fəallaşdırıb. İnsanlar ehtiyac içərisində çapalayanda cinayət törətməyə daha çox meyl edirlər. Məlum olduğu kimi, hazırda da koronavirus pandemiyası ilə əlaqədar dünyanın hər yerində, o cümlədən də Azərbaycanda minlərlə insan işsiz qalıb.
Yenisabah.az sabiq polis rəisi, ehtiyatda olan polkovnik Şəmsəddin Əliyevlə müsahibədə qaranlıq qalan məqamları aydınlaşdırmağa çalışıb:
- Şəmsəddin bəy, karantin rejimiylə əlaqədar cinayətkarların meydanının daraldığı iddia olunur. Belə bir ehtimal var ki, həyat əvvəlki axarına dönəndən sonra cinayətkarlar yenidən fəallaşacaqlar. Bu ehtimalı necə qiymətləndirirsiniz? Toyuqlu pizza
- Düşünürəm ki, cinayətkarlığın genişlənməsi üçün heç bir əsas yoxdur. Bu sahəyə bələd olan şəxs kimi tam məsuliyətlə deyirəm ki, krantin rejimi ilə əlaqədar bəzi sahələr ola bilər ki, polisin nəzarətindən kənarda qala bilər, çünki bu gün daha çox qüvvə karantin qaydalarını pozanlara qarşı yönəldilib. Polisin tələblərinə tabe olmayanlara qarşı mübarizə aparılır. Nəticədə nəzarətdən kənarda qalan ərazilərdə ola bilsin ki, cinayətkar aləm boşluğu görüb seyirçi mövqedə dayanıb, öz pis niyyətlərini həyat keçirməyə çalışırlar.
İndiki halda Azərbaycan vətəndaşı öz pis niyyətini həyata keçirirsə, ictimai maraqdan çıxış etməyə cəsarəti çatmırsa, öz şəxsi maraqlarını üstün görürsə, bunu xalqa xəyanət kimi dəyərləndirməliyik. Bu qrup insan cinayət törətsələr də, qısa zaman ərzində yaxalanacaqlar. Bir neçə gün bundan əvvəl külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə bağlı fakt aşkarlandı, təxminən 10 milyon dollara yaxın mal idi. Həmçinin digər ağır cinayətlər baş verib, bunların hamısının üstü açılıb.
Karantin mayın 4-ü bitəcək. Müstəqillikdən sonra cinayət törətməyə meyilli olan insanlar üçün meydan həmişə daralıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin kollegiyası və dövlətin cinayətkarlıqla mübarizə siyasəti bu sahədə mübarizəni aktivləşdirib və meydanı daraldıb. İl ərzində təxminən 26-27 min cinayət qeydə alınır. Onların 92-93 faizinin üstü açılır. Əksər cinayətlər heç birimizə, hətta polisə belə bəlli olmayan qeyri-aşkar şəraitdə baş verir. Amma onların üstünün açılması təmin olunur.
Bu gün Azərbaycan polisinin cinayətkarlıqla mübarizə fəaliyyətinin istiqamətləri dünyaya görk olmalıdır. Bizim polisimiz bu gün Avropa ölkələrində olduğu kimi itlə, gözyaşardıcı qazlarla, şırnaqlarla fəaliyyət göstərmir. Bu da polislərin humanizmə üstünlük verməsindən irəli gəlir. İnsan hüquq və azadlıqları prioritet hesab olunur. Bunlar Daxili İşlər Nazirliyinin təlimatlarında da öz əksini tapıb. Lakin bəzən cinayətkar aləm bundan istifadə etməyə çalışır. Təbii ki, onların hərəkətinə imkan verən “qüvvələr” də var.
Bəzi kütləv informasiya vasitələri var ki, insanları cinayətə sövq etməyə çalışırlar. Cinayətkar aləmin nüfuzlu şəxslərinin şəkillərini günlərlə manşetlərdə saxlayırlar. Bu insanları cəmiyyətə lider kimi sırıyıb, xarizmasının dairəsini genişləndirirlər. Azərbaycan cəmiyyəti üçün bu arzuolunmaz haldır. Mən bəzən məəttəl qalıram ki, biz eyni ölkənin vətəndaşı deyilikmi? Necə olur ki, cinayətkarlıqla mübarizə aparan quruma dəstək olmaqdan, onlar haqqında xoş sujetlər hazırlamaqdansa, biz cinayətkar aləmin nümayəndəsinin şəklini diqqət mərkəzinə çəkməyə çalışırıq?
Karantin rejimində bizimü üçün əziyyət çəkən polislər var, kənardan onları çəkə bilərik, xoş təəssürat yaratmaq çətin deyil. Dövlətin siyasətinin əleyhinə getmək lazım deyil.
- Bildiyiniz kimi, pandemiyanın yaratdığı fəsadlar cəmiyyətdə təsirsiz ötüşmür və ötüşməyəcək də... Koronavirus səbəbiylə yaranan işsizlik, maddi problemlər yeni cinayət hadisələrinin, xüsusilə ehtiyac üzündən cinayətlərin törədilməsinə gətiirb çıxara bilərmi?
- Tam razıyam. Tarixən dövlət və hüquq yaranan andan bugünədək cinayəti doğuran səbəblərdən biri də ehtiyac, yoxsulluq, işsizlik olub. O səbəblər həmişə olub və olacaq. Amma burada söhbət nədən gedir?
Məsələn, mənim qonşuluğumda insanlar var ki, heç yerdə işləmirlər, aldıqları təqaüd dolanmaqları üçün kifayət etmir. Onların ailələrində cinayətə meyl edən şəxs ola bilər, amma onlar abırına qısılıblar. Onlar Allahın yetirdiyi ilə kifayətlənirlər. Cinayətə o insanlar üz tuturlar ki, iradələri zəifdir, cılız hislərlə yaşayırlar və özləri əməyə meyilli deyillər. O insanların dairələri hamıya bəllidir. Bu gün karantin dövründə kifayət qədər imkanlı olan insanların bir qismi imkanı olmayanlara dəstək oldular. Bu çox yaxşı haldır.
Amma mən bu dəstəyi də ictimailəşdirməyin əleyhinəyəm. Bir əlin verdiyini, digəri bilməməlidir. Yardım etdiyimiz insanın şəklini çəkməklə ona xəcalət veririk. O, bunu deyə bilməsə də, daxilən utanır. Çalışaq gizli yolla yardım edək. Sujet hazırlamağa ehtiyac yoxdur axı...
Mən bəzi sujetlərə baxıb təəssüf edirəm. Bəzi bələdiyyələr bağlamaları öz yaxın bildikləri adamlara paylayırlar, axı bu doğru deyil, kimin yardıma ehtiyacı varsa, ona kömək göstərilməlidir. Real ehtiyacı olanlar kənarda qalmamalıdır. May ayının 4-dən sonra bütün dünya sosial və iqtisadi çətinliklərlə üzbəüz qalacaq. Bunun cəngindən çıxmaq çətin olacaq. Koronavirus ən böyük problem deyil. Təkcə İkinci Dünya Müharibəsində ölkələrə dəyən ziyanın sayı-hesabı yoxdur. Milyonlarla insan dünyasını dəyişdi.
Ermənistan-Azərbaycan müharibəsində bizə dəyən ziyanı ölçmək mümkün deyil. Onlar koronavirusla müqayisədə heç də az deyil. Son zamanlar televiziyalardakı şouları görəndə düşünürəm ki, elə bil heç torpaq itirməmişik, bizim girov qalan vətəndaşlarımız yoxdur. Belə şeylər yolverilməzdir.
- Maddi problemlərin yol açacağı cinayətləri önləmək üçün hansı addımlar atılmalıdır?
- Maddi problemləri, sosial çətinlikləri aradan qaldırmaq dövlətin düşünülmüş siyasəti əsasında həyata keçiriləcək. Bu, iqtisadi inkişafla bağlı olacaq. Amma fərdi qaydada insanlara maariflənmə istiqamətində mühazirələr oxunmalıdır. İnsanlar öz yolunu azmamalıdır. Qanunlara zidd addımlar olmamalıdır.
Vəziyyət belə davam etməyəcək, bir müddət sonra hər şey təbii ki, yoluna düşəcək. Biraz tarixə gedib, deməli XIV əsrdə taun xəstəliyi, vəba xəstəliyi İtaliyanın Venesiyasından başladı. Orada əhali böyük çətinliklərlə üzləşdi və epidemiyanın mərkəzi Avropa ölkələri oldu. Bu gün də Avropa ölkələridir. XVII əsrdə də belə olub. O zamanlar da qaydaları pozanlara qarşı cəza tədbirləri görülüb. Avropanın bir ölkəsindən digər ölkəsinə ərzaq daşınması dayandırılmışdı. Ona aclıq və səfalət hər yeri bürüdü. Amma insanlarının düşüncəsində ictimai münasibətlərə zidd fikirlər məskən qurmadı.
Biz insanların düşüncəsində inqilab etməliyik. Burada da ən böyük rol KİV-in üzərinə düşür. Mütləq Prezidentmi Azərbaycan xalqına müraciət etməlidir? Bəs bizim öz şüurumuz? Hər birimizin cibimizdə diplomumuz var, düşünməliyik bir az...
Bəzən keçmişi bulanıq, bir az məhəlləsində tanınmayan insanlar Azərbaycan xalqına müraciət edirlər ki, bəs belə olun, belə davranın. Görün vəziyyət nə yerdədir. Bizim ziyalılarımız yoxdurmu? Onlar belə hallarda onlar öndə olmaldır. Təbii polisin də elitası var, o elita ilə birgə qabaqlayıcı tədbirlər görülməlidir, televiziyalarda fikirlər səslənməlidir ki, büdcə nə qədər yaxşı olsa da, çətinliklər biraz olacaq, insanlar indidən hazır olmaldırlar. Hərə öz ampulasında olsun, nəfsinə hakim olsun.
Zamanında deyirlər ki, Şəms Təbrizi tələbələri ilə məşğul olduqdan sonra onları nahara dəvət edir. Tələbələr nahar edirlər, Şəms Təbrizi isə öz payını həyətdəki köpəklərə atır. Tələbələr soruşurlar ki, ustad bəs siz niyə bu nahardan faydalanmadız? Cavab verir ki, mən nəfsimə sübut etdim ki, sən də o köpəklərdən birisən. Yəni o tələbələrinə nəfsinə qalib gəlməyi öyrətməyə çalışıb.
Mən düşünürəm ki, bu gün biz də belə olmalıyıq. Cinayətkarlıq həmişə olub və olacaq. Ola bilər gələcəkdə cinayətkarlıqda yeni sahələr görəcəyik. Məsələn, 20 il əvvəl bizim Cinayət Məcəlləsində insan alveri, korrupsiya cinayətləri yox idi, amma artıq var. Cəmiyyət inkişaf etdikcə o inkişafın xislətinə uyğun cinayətlər ortaya çıxacaq. Dünyada bu belədir. Bizim cəmiyyətlə qəbiristanlığı müqayisə edəndə görürük ki, qəbiristanlıqdakı baş daşları necə var elə də qalıb, amma cəmiyyət inkişaf edib. Təbii bu inkişafa laqeyd yanaşanlar, meyli olmayanlar da az deyil. KİV bunu qabaqcadan görürsə, buna qarşı mübarizə aparmalıdır. Çünki KİV istəsə, cəmiyyəti haqq yolundan azdıra da, haqsız yoldan geri qaytara da bilər.
- Ümumiyyətlə, ölkədəki kriminogen durumu necə qiymətləndirirsiniz? Sizcə, hüquq mühafizə orqanları cinayətkarların əl-qolunu bağlaya biliblərmi?
- Zamanında Bakının böyük bir rayonunda rəis idim, həm də rayonun hərbi komendantı idim. Təbii ki, o vaxt Sovet dönəmi idi, ittifaqın dağılmasına az qalmışdı. O zaman cinayətkarlarla mübarizə bir qədər çətin idi. Qruplar, qanunsuz silahlı birləşmələr və cəmiyyətdə xaos var idi. Kim hansı cinayəti istəyirdisə, törədə bilirdi. Onlar nəzarətdən çıxmışdı. O vaxt texniki təchizatımız da yox idi. Bizim cinayətkarla mübarizədə geniş səlahiyyətimiz olsa da, ondan istifadə hüququmuz az idi. Çünki polis ehtiyatlanırdı ki, özünə və ailəsinə qəfil hücumlar ola bilər.
İndi onlar hamısı şükür ki, xatirələrə çevrilib. Kriminogen durum əvvəlki illərlə müqayisədə hədsiz dərəcədə nəzarətdədir. Kimin harda nə iş gördüyü haqqında məlumatlar var. Elə cinayətkar aləmdə bunu bilsin. Texnika indi o qədər inkişaf edib ki, hər şey incəliyinə qədər öyrənilir. Hamı bilməlidir ki, evdə də, iki qrup arasında da olan danışıqlar, cəmiyyətə zidd fikirlər haqqında daxili iş orqanlarının strukturlarında məlumatlar toplanır. Məlumat Bankı var.
30 il bundan əvvəl Mütəşəkkil Cinayətkarlıq İdarəsi Daxili İşlər Nazirliyinin nəzdində yox idi, bu gün isə var. Onlar cinayətkarlıqla mübarizə aparırlar. Mütəşəkkil dəstələrə dünyada olduğu kimi bizdə də havadarlıq edənlər var. Bunlarla bağlı Məlumat Bankında lazımi məlumatlar var. Bunlar tədricən həllini tapır. Son zamanlar icra orqanları arasında fərdlərin korrupsiya ilə əlaqədar işlərindən azad olunmalarını görürük. Bu da mütəşəkkil cinayətkarlıqla mübarizənin bir qoludur. Hamısı yavaş-yavaş ifşa olunur. Bunlar xəbərdarlıq edən bir fənərdir.
Bir icra başçısı tutulur və bu, digərlərinə bir mesajdır ki, vəzifədən sui-istifadə etmək olmaz. Əgər doğrudan da dövlət qulluqçuları xidməti vızifələrinə başlamazdan öncə and içirlərsə, o and vətənə sədaqətin göstəricisidir. O andı pozmaq cinayətdir. Hər bir Azərbaycan vətəndaşına öz hüquqlarından istifadə etmək imkanı verilib, amma bizim başqa vəzifələrimiz də var, onları da etməliyik. Məsələn, vergini ödəmək, dövlətin atributlarına hörmətlə yanaşmaq, vətənə sədaqət, mədəniyyət abidələrini qorumaq buraya daxildir. Onları etməmək cinayət məsuliyyəti yaradır. Amerikada vətəndaşlığı qəbul edən sənədi verəndə həmin şəxsdən Amerika Konstitutusiyasına inanın-inanmadığı soruşulur. Bu, o deməkdir ki, yeni həddi-buluğa çatmış şəxs konstitusiyadan xəbərdardır. Bu gün Azərbaycan polisi də qanuni tələblərdən çıxış edir. Biz isə ona tabe olmuruq. Bizim insanlarımız özlərini alçaldıb baqajda şəhərə daxil olmağa çalışırlar. Belə olmaz, qayda-qanunu bilmək lazımdır. İnsan özü öz şəxsiyyətini qorumalıdır.
Bizim bizdən başqa heç kimimiz yoxdur, biraz anlayışlı olsunlar. Birlik olmasa, dövlətin təməli də kağızdan düzələn evcik kimidir. Birliyimiz olmalıdır. Azərbaycan dövlətinin təməlini Azərbaycan xalqının birliyi təşkil edir. İndi biz bir ola bilmiriksə, qiyamət günündə gözümüz hədəqəyə qalxacaq və bir-birimizi tanımayacağıq. Özümüzü formalaşdırmalıyıq.
- Ölkədəki islahat dalğasının hüquq mühafizə orqanlarını da əhatə etməsinin vacibliyi önə çəkilir. Polis və prokurorluq orqanlarında, məhkəmə sistemində hansı islahatların həyata keçirilməsinə ehtiyac var?
- Hüquq mühafizə orqanları koordinasiyon qaydada işləməlidir. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, məhkəmə hakimiyyəti və digər hüquq mühafizə orqanları bir yerdə iş görməyəndə cinayətkarlıqla mübarizədən söhbət gedə bilməz. Əsas niyyət ondan ibarətdir ki, cəmiyyətdə sosial ədalət bərpa olunsun. Cinayətkarlıqla mübarizədə favoritlik edən Daxili İşlər Nazirliyidirsə, orada qanunların icraasına nəzarət güclü olmaldır. Şəxsiyyətin qorunması, toxunulmazlıq və s. kimi prinsiplərə əməl etməyimiz kifayətdir. Ədalət ilahəsi Femidanın gözü bağlıdır və əlinə də xəncər veriblər. O, ona görə elədir ki, qanunu pozanlara qarşı sərt davransın. O, əlinin altında olana fərq qoymayacaq ki, bu, onun atasıdır, anasıdır, yoxsa başqa biridir. Ədalət nə tələb edirsə, onu edəcək. Qanun qarşısında bərabərlik bu deməkdir.
Cinayət törədibsə, atasının harada işləməsindən asılı olmayaraq şəxs məsuliyyətə cəlb olunmalıdır. Məhkəmədə ədalətli cəzasını almalıdır. Hakimin tətbiq etdiyi cəza elə olmalıdır ki, o cəza ilə sosial ədalət bərpa olunsun, hər iki tərəf reallığı bilməlidir. Ədalətli cəza ətrafa görk olmaldır ki, təkrar belə hala yol verilməsin. Cəzanı tətbiq etməklə insan islah olunur. İnsanda gərək kin-küdurət qalmasın. Koordinasyon qaydada işləməklə bütün problemləri aradan qaldırmaq olar.
Sayad Həsənli
Telegram kanalımız