Son günlər Ukrayna dairəsində tikilişi davam edən yeni piyada keçidi narazılığa səbəb olub. Mövzu sosial şəbəkədə müzakirəyə çıxarılaraq onun hündür olduğu, qoca, uşaq və fiziki məhdudiyyətli insanlara çətinlik yaradacağı yazılıb.
Məsələ ilə əlaqədar "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlqaqə saxladıq. “Yeni Sabah”a danışan A. Nəcəfli həmin keçiddə fiziki qüsurlu insanların nəzərə alınacağını deyib:
“Ümumiyyətlə, bizdə yeni bir adət yaranıb. Bir şey olan kimi sosial şəbəkələrdə paylaşılır və heç nə öyrənilməmiş tənqid etməyə başlayırlar hər hansı bir qurumu, şəxsi. Amma ortada bir şey yoxdur. Sadəcə olaraq özlərini “hərşeyşünas” kimi apararaq başlayırlar özlərindən fikir bildirməyə. Amma öyrənmirlər ki, necə olacaq, fiziki qüsurlu şəxslər oraya necə qaxlacaq? Başlayırlar tənqid etməyə. Yəqin ki, onu inşa edən mühəndis “Facebook”da oturub onu tənqid edənlərdən savad baxımından heç də geri qalmır, məncə. Orada tikinti aparılarkən pilləkənlərin sayı, yəqin ki, fiziki qüsurlu şəxslər buradan necə keçəcəyi nəzərə alınır. Yəni bizim mütəxəssislər o qədər savadsız deyil. Təkcə agentliyin mütəxəssislərindən söhbət getmir, ümumiyyətlə mühəndislərdən söhbət gedir”.
“Orada elektron və mexaniki panduslar quraşdırılacaq. Həmin keçiddə fiziki qüsurlu şəxslərin, əlil arabalarının, uşaq arabalarının hərəkəti üçün mühəndislər fikirləşiblər ki, elektron pandus qurulacaq. Həmçinin mexaniki pandus da qurulacaq. Əgər özünü indidən qocalmış hiss edən, o pilləkənləri qalxmağa taqəti olmayan cavanlar da varsa, o panduslardan istifadə edə bilərlər”.

Telegram kanalımız