Özünüzə gəlin, qayıdın evə… 

saytların hazırlanması

Evə çatdırılma

Özünüzə gəlin, qayıdın evə… 

Sosial

10 Aprel 2020 14:54 1260


Və daha bir SMS... Daha biri... Növbəti SMS qəbul olunur... Bu hansısa şou və ya yarışmanın deyil, 8103-ə daxil olan mesajların əks-sədasıdır. Bəlkə bir az dönüb özümüzə baxaq. Nə etməyə çalışırıq, kimi aldadırıq? Papağı qabağa qoyub düşünməyin vaxtıdır. 

Söhbət təbii ki, ölkədə yaranan bu çətin və bir o qədər də məsuliyyətli vəziyyəti nəzərə almayıb öz vətəndaşlıq borcunu yerinə yetirməyənlərdən gedir. Azərbaycanda karantin rejimi elan olundu. Daha sonra dövlət vətəndaşları qorumaq üçün bu rejimi daha da sərtləşdirdi. Yəni dövlət qurumlarında işləyən və xüsusi icazəsi olanlardan başqa hər kəs yalnız 8103 qısa nömrəsinə SMS yazmaqla 2 saat müddətinə çölə çıxa biləcəkdi. Biləcəkdi yazıram çünki artıq əksəriyyət buna əməl etmir, özü qaydanı pozanlar arsız-arsız digərlərini də bunu etməyə çağırırlar. İlk günlərdə qərarı lağa qoyub “qızla görüşə gedirəm, olar?” və bu qəbildən olan tərbiyəsiz mesaj göndərənlərin sayı təəssüf ki, kifayət qədər idi. İndi bu hallar bir az azalsa da, çölə çıxanların sayında azalma müşahidə olunmur.

İnsanlar hələ də vəziyyətin gərginliyini, necə deyərlər “kor olan qardaşları görmür” və ya görmək istəmir. Bütün hər kəs – ziyalısından tutmuş, mədəniyyət işçilərinə hətta şou-biznes əhlinə qədər çağırış edir. “Evdə qalın”, deyirlər. Amma çi fayda. Hələ də küçələr insanla doludur. Yəni bu qədər çətindir? Bu qədər başa düşmürsüz ki, yaxınlarınızın həyatı ilə oynayırsız. Əgər bir insan bu virusa yoluxursa, dərhal bundan xəbəri olmur. Simptomlar özünü biruzə verənədək o artıq ətrafındakıları da bu bəlaya düçar edir.  pizza mizza

Ətrafındakılar kimdir? Valideyinləri, övladları, qardaşları, bacıları... Yəni bu həyatda ona ən doğma olanlar. “Mən cavanam mənə heç nə olmaz” deyənlər başa düşməlidir ki, onların əsas vəzifəsi yaşlıları qorumaqdır. Bu xəstəlikdən ölənlərin 90 faizdən çoxunun yaşlı olduğunu nəzərə alsaq, bunu anlamaq üçün alim olmağa ehtiyac yoxdur. Yəni SMS yazıb çölə boş-boş çıxanda yaxınlarınızı yada salın. Potensial virus daşıyıcısı olub onları riskə atdığınızı və bunun acı sonluğunu təsəvvür edin.

Hə indi keçək 8103 qısa nömrəsində yer alan 3-cü bəndə – yaxın qohumunun vəfat etməsi ilə əlaqədar icazəyə. Nə qədər yaxın qohumunu öldürməyə həvəsli insanlar var imiş... Bir gündə 8103-ə 20 mindən çox bu barədə SMS daxil olub. SMS yazıb “kimisə öldürüb” küçəyə çıxmaq üçün sərf etdiyiniz vaxtı doğmalarınıza ayırın, onları sevindirin. Özünü ağıllı hesab edənlər elə bilir ki, dövlətin bundan xəbəri yoxdur. Karantin günlərində haqlı olaraq cəzalandırılan, cərimələnən, hətta həbs olunan insanların olması belə düşünənlərə dərs olmalıdır.

Yetər... Özünüzə gəlin. İşin ciddiliyini və məsulliyətini dərk etməyin vaxtıdır. Ola bilər ki, artıq gecdir. Amma ziyanın yarısından qayıtmaq da xeyirdir. Qayıdın evə, icazə verin bir az da şəhər dincəlsin. Bəlkə üstündə gəzdiyimiz torpağın da dincəlməyə, yenilənməyə, təmizlənməyə ehtiyacı və haqqı var...

Mətləb Qurbanov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!