Qarabağ bölgəsi nəinki, Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olan bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir.
Qarabağın yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərib. Qarabağlıların zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini gözəl səsləri, muğamları tutur.
Qarabağda sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan qarşıya qoyulan növbəti hədəflə də nail oldu. Pepperoni pizza
23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi.
Qarabağın 30 ilə yaxın ermənilər tərəfindən işğalı oradakı mədəni irsin dağıdılmasına da səbəb oldu. Bu irsin yenidən bərpa olunacağı ilə bağlı "Yeni Sabah"a danışan xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov qələbə münasibətilə xalqı təbrik edib:
"Qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm. Artıq separatçı rejim özü-özünü buraxdı. Xankəndi məsələsi, separatçıların Qarabağda qalması xalqımızı çox narahat edirdi.
Şükür ki, dövlətimizin apardığı düzgün siyasət, dəmir yumruq öz işini gördü. Sonda haqq öz yerini tapdı, çünki haqq bizim tərəfimizdə idi. Biz Xocalını ermənilərə bağışlaya bilməzdik, ora bizim yaralı yerimizdir, biz ora qayıtmalı idik. Bu günümüzə şükürlər olsun. 27 sentyabr Anım Günündə Vardaryanın tutulması da xalqımız üçün təskinlik oldu".
Bu gün muğamın bütün dünyada tanınıb sevildiyini vurğulayan M. İbrahimovun fikrincə, qarabağlılar öz torpaqlarına geri qayıtdıqdan sonra muğam öz çiçəklənmə dövrünə qayıda bilər:
"Qarabağın təbiəti, ab-havası elədir ki, Azərbaycan muğam sənətinin korifeylərinin böyük bir qismi Qarabağdan çıxıb. Muğam müsabiqəsində münsiflər heyətində iştirak elədiyimə görə görürdüm ki, Qarabağ bölgəsindən səs gəlmirdi. Çünki yetişmirdi.

Biz işğal vaxtı təkcə torpaqlarımızı, tarixi abidələrimizi, evlərimizi itirmədik, eyni zamanda muğamımız gözəl səslər itirdi. Böyük alimimiz Xudu Məmmədov bu məsələni araşdırmışdı, o bu qənaətə gəlmişdi ki, Qarabağdakı dağ silsilələrinin hamısı əhəng süxurları ilə əhatə olunub, əhəng də rütubəti özünə çəkir. Qarabağda rütubət yoxdur, oksigen boldur, havası, suyu sanki dərmandır.
Elə ona görə də Qarabağda hər iki nəfərdən birinin gözəl səsi vardı. Orada insanların ciyərləri sağlamdır. Düşünürəm ki, bundan sora Qarabağda yeni-yeni səslər yetişəcək və bizim mədəniyyətimizə xidmət edəcəklər. Bu gün bizim korifeylərimizin ruhu şaddır.
Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Öz qardaşım oğlu da İkinci Qarabağ Müharibəsində şəhid oldu. Biz şəhidlərin igidliyi sayəsində torpaqlarımızı qaytardıq. Biz bir ömür onlara borcluyuq. Bundan sonra Qarabağ bizim üçün həm də müqəddəs bir ziyarətgah olacaq. Çünki oranın hər qarışına Azərbaycan igidlərinin qanı tökülüb.
Qarabağ bundan sonra həm mədəniyyət mərkəzi, həm turistik zona olacaq. Bundan sonra o yerlər dünyanın gözü olacaq. Necə ki, dəmir yumruq olub torpaqlarımızı azad etdik, indi də bir yumruq arxasında birləşib Qarabağımızın tikintisi, quruculuğu ilə məşğul olacağıq".
Əsmətxanım Rzazadə
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız