“Düşünmürəm ki, bu mitinqlər Paşinyan iqtidarına hər hansı bir təsir edə bilsin”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ötən gün İrəvanın Azadlıq meydanında müxalifət nümayəndələrinin təşkil etdiyi aksiyanın yekunlarına münasibət bildirərkən siyasi şərhçi Vüqar Zifəroğlu deyib.
Qeyd edək ki, həmin aksiyada Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da iştirak edib. Aksiya Ermənistanın iki müxalifət fraksiyası – “Hayastan” və “Patev unem” tərəfindən təşkil olunub. Dördpendirli pizza
Öz növbəsində V. Zifəroğlu qeyd edib:
“Müxalifətin mitinq təşkil etməsiylə qarşıya qoyduğu əsas vacib məsələ və hədəfi ondan ibarət idi ki, onlar xarici auditoriyaya hansısa bir güc nümayiş etdirsin. Amma buna nail ola bilmədilər. Çünki mitinqə qatılanların sayı həddindən artıq az idi və eyni zamanda səsləndirilən tələblər və şüarların özü absurddur, o cümlədən mövcud reallıqlarla uyğunlaşmır. Bu mənada düşünmürəm ki, dünənki aksiyanı təşkil edənlər öz hədəflərinə çata bildilər”.
Analitikin sözlərinə görə, bu aksiyaların silsilə baş verməsi ehtimalı var:
“Bu da artıq daxili auditoriya ilə bağlı olan məsələdir. Diqqət edirsinizsə, Qarabağla bağlı müəyyən məqamlar aktuallaşdığı zaman Ermənistanın öz daxilində çalxalanmalar baş verir və mümkündür ki, müxalifətlə iqtidar öz mübarizələrini məhz aksiyalar üzərindən müəyyən mərhələlərə daşımağa cəhd göstərsin. Bu qarşıdurmalar hansı səviyyəyə yüksələ bilər və bunların nəticələri ola bilərmi, bu, özü artıq ayrı bir müzakirə predmetidir. Şəxsən, inanmıram ki, oradakı müxalifətin indiki zamanda hansısa bir şəkildə real potensial ortaya qoymaq imkanı var. Çünki kifayət qədər zəifdirlər. Amma müəyyən mənada bir-birilərinə qarşı bu aksiyalardan mütəmadi şəkildə istifadə etməyə çalışacaqlar. Mümkündür ki, hətta iqtidarın özü də bu səpkili aksiya tamaşaları təşkil etsin”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız