“Qurban Qurbanovun “Bayer Leverkusen” güclü idi” fikrinə haqq qazandırıram. “Bayer” “Bundesliqa”da təsadüfən lider olmadığını bir daha sübut etdi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Aut.az saytının baş redaktoru, idman jurnalisti Natiq Muxtarlı deyib.
O, ötən gün UEFA Avropa Liqasının qrup mərəhləsinin üçüncü turu çərçivəsində baş tutan “Bayer 04 Leverkusen” 5:1 “Qarabağ” matçı barəsində fikirlərini bölüşüb. pizza
Xatırladaq ki, “BayArena”da keçirilən qarşılaşmada alman təmsilçisi böyükhesablı qələbə qazanaraq pley-offa vəsiqəni təmin etməyə yaxınlaşıb.
Öz növbəsində, N.Muxtarlı əlavə edib ki, “Qarabağ”ın oyununda da problem var idi:
“Amma mən “Qarabağ”ın oyununda da problem gördüm. “Bayer” baxımlı, yaradıcı futbol oynayan komandadır, eynən “Qarabağ” kimi, lakin daha sürətlidirlər. “Qarabağ” bu komandaya boş sahə verməli deyildi, əksinə, daha sıx oynamalı, pressinq tətbiq etməliydi. Yəni “Bayer”in futbolçuları topu rahat qəbul edib hücum qurmamalıydı”.
Onun sözlərinə görə, ancaq “Qarabağ” ənənəvi oyun sistemindən imtina etmədi, “Bayer”lə açıq futbol oynadı:
“Demirəm ki, “Qarabağ” “avtobus” qursaydı, “Bayer”dən xal alacaqdı, amma böyükhesablı məğlubiyyət olmaya bilərdi.
Qaldı ki, “Qarabağ”ın qrupdan çıxmaq şansına, “köhlən atlar”ın böyük şansı var. Onsuz da, lap əvvəldən “Bayer” qrupun əsas favoriti hesab olunurdu. Yəni almanların birinci olacağına kimsə şübhə etmirdi. İndi qrupdakı durum onu göstərir ki, ikinci yerin taleyi Norveçdə keçiriləcək oyunda həll olunacaq”.
Jurnalistə görə, “Qarabağ” “Bayer”lə Bakıda keçiriləcək oyunu yox, məhz o qarşılaşmanı düşünməlidir. Müsahibimizin fikrincə, Norveçdən gətiriləcək 1 xal “Qarabağ”ı qrup ikincisi edəcək:
“Atlar”ın qrupda ən azı 3-cü yeri tutub Konfrans Liqasının pley-offunda mübarizə aparacağı isə artıq təsdiqlənmiş sayıla bilər. Avroliqada mübarizəni davam etdirmək üçün isə Norveç səfərinə hazırlaşmaq lazımdır. “Qarabağ”ın bunu bacaracaq potensialı var. Azərbaycan çempionu hələ ki “böyük beşlik” komandaları ilə rəqabət aparmaq iqtidarında deyil. Amma digərləri ilə başa-baş mübarizəyə hazırdır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız