İşğaldan azad edilmiş ərazilərimizdə bərpa planları və iş perspektivləri kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi istiqamətində ciddi addımlar atılır.
Artıq bərpa və inkişaf konsepsiyası hazırlanıb. Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunması üçün əsaslı zəmin yaradıb. Bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından prioritet sahələrdəndir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin investisiya imkanları xarici investorların da ciddi maraq dairəsindədir. Hər bir rayonun təbii ehtiyatları, ənənəvi iqtisadi sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınmaqla onların profili, ixtisaslaşması nəzərdə tutulub. Bu ərazilərdə aqrar sektor üstünlük təşkil edir, çünki torpaqlar olduqca münbit və məhsuldardır. Əkinçilik və heyvandarlığın inkişafı Azərbaycanın iqtisadi imkanlarını artıracaq. Dominos pizza
Ağdam və Füzuli kimi rayonları bu yöndə xüsusi qeyd etmək olar. Ağdamın ərazisinin 95 faizindən çoxu əkinəyararlıdır. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm, Ağdam rayonu emal, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Cəbrayıl rayonundan olan deputatı Ceyhun Məmmədov bildirib ki, iqtisadi baxımdan ixtisaslaşma şəhər və rayonların planlaşdırılması zamanı nəzərə alınıb:
“Qeyd etmək lazımdır ki, bu məsələ həmin şəhər və rayonların planlaşdırılması zamanı nəzərə alınıb. Hansı rayonlarda, hansı işlərin görüləcəyi ilə bağlı artıq konkret plan var. Söhbət ondan gedir ki, bu gün Ağdamda, həm də Cəbrayılda sənaye parkları var.
Cəbrayılda sənaye təyinatlı “Araz Vadisi İqtisadi Zonası” yaradılıb. Bu sənaye parkında bir çox zavodlar, fabriklər və müəssisələr fəaliyyət göstərir. Digər tərəfdən hazırda Kəlbəcərdə İstisu sanatoriyası tikilir. Kəlbəcər daha çox turistlərin qəbulu və sanatoriyalar üçün nəzərdə tutulub. Bu rayonun çox böyük turizm potensialı var. Amma məsələn, Ağdam və Cəbrayılın bir hissəsində iqtisadi zonalar yaratmaq üçün geniş imkanlar mövcuddur. Laçın rayonunda da turizm imkanları daha genişdir”.

Deputat bölgünün rayonların daxili potensialı istiqamətində aparıldığını diqqətə çatdırıb. Ceyhun Məmmədov qeyd edib ki, bəzi rayonların turizm və sənaye, bəzilərinin isə aqrar təsərrüfat potensialı daha genişdir:
“Bu bölgü başlıca olaraq, rayonların daxili potensialının hansı istiqamətdə daha geniş olması istiqamətində aparılıb. Bəzi rayon və kəndlərdə daha çox aqrar təsərrüfat üçün geniş imkanlar olduğu kimi, bəzilərində isə turizm və sənayə üçün şərait daha əlverişlidir.
Görülən işlərdə və planlamada bütün bunların hamısı nəzərə alınıb. Əslində işğaldan azad olunmuş ərazilərin çox böyük perspektivi və imkanları var. Bununla bağlı dövlət səviyyəsində bir çox işlər həyata keçirilir. Yəni turizm üçün olan ərazilərdə turizm işləri görülür, sənaye və istehsal üçün uyğun olan yerlərdə isə sənaye müəssisələri yaradılır.
Aqrar təsərrüfat üçün əlverişli kəndlərdə isə əkin-biçin və heyvandarlıqla əlaqədar addımlar atılır. Bu mənada düşünürəm ki, ən doğrusu da məhz budur. Bu gün bu istiqamətdə dövlət bütün zəruri addımları və lazımi işləri həyata keçirir. Artıq bir sıra nəticələr var və bu da gələcək üçün çox geniş imkanların olduğunu bir daha göstərir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız