Qardaş qırğını

saytların hazırlanması

Evə çatdırılma

Qardaş qırğını

Maraqlı

04 Mart 2022 11:12 5967


Ötən gün Rusiya prezidenti Vladimir Putin həlak olan "Rusiya Qəhrəmanı", Dağıstanəsilli rus zabit Nurməhəmməd Hacımaqomedovun ölümü ilə bağlı çıxış edib:

“Mən lakam, mən dağıstanlıyam, çeçenəm, inquşam, rusam, tataram, yəhudiyəm”.

Daha sonra əlavə edib: pizza

“Ukraynalılar və ruslar eyni kökə sahib millətlərdir”.

Yazıya bu aspektdən niyə başladım, deyim. Putin bu çıxışı ilə millətçiliyə qarşı olan sözdə düşmənçiliyini sübut etməyə çalışırdı. Çünki o, Ukrayna məsələsində danışanda hər zaman neonasizmə qarşı olan fikirlərini irəli sürməkdən demək olar ki, yorulmur. Ukraynanı ittiham edən Putin nədənsə, rus tarixinin ən utancverici səhifələrindən biri olan Andrey Vlasov reallığını unudur. Faşistlərə maşa olan Vlasov öz ölkəsinə və millətinə qarşı ən qəddar düşmənçiliyi ilə yaddaşda qalmış şəxsdir. Lakin İmperiya ambisiyaları ilə alışıb yanan Şimal qonşumuzun rəhbəri bu məsələni tarixin tozlu rəflərinə atıb və heç adını da çəkmir.

Ukrayna millətçiliyi və Putinin Ukraynanı denazifikasiyaetmə cəhdləri

Ukraynada millətçiliyin kökü, əslində ötən əsrin 20-ci illərinə qədər dayanır. Doğrudur, 1959-cu ildə sovet DTK-sı tərəfindən Stepan Bandera qətlə yetirildi. Lakin Ukraynanın qərbində yaşayan və özlərinə “Bender” deyən millətçi şovinistlər Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra da aktiv anti-rus siyasəti yürütməyə başladılar. Şübhəsiz ki, Banderanın tələbələri 2014-cü ildə bu istəklərinə nail olaraq Maydan hərəkatında Yanukoviç rejimini alt-üst edərək hakimiyyəti ələ aldılar. Məşhur Azov batalyonu da bu məsələdə adı hallanan ən qəddar qruplaşmalardan biri olub. Elə olanlar da bundan sonra oldu.

Hər nə isə, qayıdaq Vladimir Vladimiroviçə. Kor tutduğunu buraxmaz misalına canı-könüldən riayət edən Vladimir Putin hazırda beyninə 3 məsələni qoyub: Bir, o torpaqları ukraynalılara Lenin verib və o torpaqlar Novorossiyadır, iki, Ukrayna denazifikasiya edilməlidir, üç, bu ölkə Rusiyanın təhlükəsizliyi naminə demilitarizasiyadan keçməlidir. Putinə görə Ukrayna 1939-cu ilin Nasist Almaniyasıdır. Lakin qarşısındakını ittiham edən Vladimir Vladimiroviç nədənsə, öz İmperiya ambisiyalarının köləsi olduğunu heç düşünmür.

Qızıl istibdaddan sonrakı Putinin zülmü

Bir zamanlar Qırmızı imperiyanın qanlı sınağından biz də keçmişik. Tarixə nəzər salsaq, ukraynalılar bu zülmü ötən əsrin 30-cu illərində Qolodomor faciəsində açıq-aydın görüblər. İndi yenə də Ukrayna Rusiyanın qanlı siyasətinin qurbanı olmuş durumdadır. 70 il bolşevizm bəlasında əziyyət çəkən bir millət indi də “Böyük qardaş”ın şillə-təpiyinin qurbanı olub. Böyük qardaş isə dayanmır, ona eyni etnik kök, eyni qan, eyni millət, din, irq, bağlılıq fərq etmir. O bu gün öz köklərinin dayandığı Kiyevi vurursa, sabah eyni hərəkəti qeyri-xristiyan olan bizə və yaxud digər xalqlara qarşı niyə etməsin? Qazaxıstan bunun bariz nümunəsi idi. Hansı ki, bir zalımın balası çıxıb demir ki, bəs ölən cavanlar, həlak olan uşaqların günahı nə idi?

Bir diktatorun arzuları

Tarix çoxlu diktatorlar görüb. İosif Stalin, Adolf Hitler, Auqusto Pinoçet, Fidel Kastro, Pol Pot və s. Tarixdə diktatorlar hər zaman öz peşələrini “layiqincə” yerinə yetiriblər. İndi isə tarix bir başqa diktatora şahidlik edir. Qardaş qırğınına rəvac verən, kolonlarla Belarus morqlarında yatan cəsədləri xalqından gizlədən və özünü nasizmin ali düşməni sayan bir diktatora.

Millətlər hər zaman sınaqdan keçiblər. Ağıllı millətlər isə bu sınağı öz xeyirlərinə çevirənlər olub. Nəticənin nə olacağını isə kimsə bilmir. Amma bir reallıq var ki, ortada bir diktatorun arzularının qurbanı olan məzlum bir xalq var. Metrolarda, bunkerlərdə sığınan, bir parça çörəyə həsrət qalan xalq. Bəs onların arzuları? Bu heç kimin marağında belə deyil.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!