Qədim Qarabağın yeni Ağdamı – Şəhər yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Qədim Qarabağın yeni Ağdamı – Şəhər yenidən qurulur

Siyasət

24 Fevral 2025 10:19 3320


Artıq 5-ci ildir ki, Ağdam şəhəri işğaldan azad edilib. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və ərazilərimizi boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə, Ağdam rayonunun işğal olunmuş ərazisi 2020-ci il noyabrın 20-də Ermənistan ordusu tərəfindən boşaldıldı. 

Həmin gün Azərbaycan ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu və 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı. 30 ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır. 5 il əvvəl Prezident İlham Əliyev xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Ağdamdan olan tanınmış jurnalist, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) sədri Rey Kərimoğlu bildirib ki, hazırda Ağdam şəhərinin yenidən tikilməsi üçün çox möhtəşəm işlər görülməkdədir: pizza

“Əvvəla onu qeyd edim ki, mən ağdamlıyam və bizim kəndimiz də 2020-ci ildə işğaldan azad edildi. Biz kəndimizə qayıdacağımız günü səbrsizliklə gözləyirik. 

Ağdam şəhərinin tikintisi çox möhtəşəmdir və yüksək səviyyədə işlər görülür. Ağdam kərpic-kərpic, daş-daş hər gün ucalır. Bunu görürük, ürəyimiz dağa dönür. Ağdamda elə bir tikinti aparılır ki, dünyada tayı-bərabəri yoxdur. Artıq 3 kəndə də quruculuq işləri başlayıb, bir neçə kənddə də planlaşdırılır. 

Məsələn, Şıxbabalı kəndinin qəbristanlığında Qarabağ müharibəsinin ilk şəhidlərindən olan Əli və Bəxtiyarın məzarı yerləşir. Biz onların qəbrini ziyarət edəcəyimiz günün arzusu ilə yaşayırıq. Şıxbabalıda həm də 17-ci əsrə aid qədim məscid var. 

Qarabağın və Azərbaycanın tanınmış seyidlərindən Seyid Lazım Ağanın ocağı da Şıxbabalıdadır. Bizim kənddə eramızdan əvvəl 4-cü əsrə qədər gedib çıxan qədim insan yaşayış məskəni Qaratəpə abidəsi var. Yeni tikilən Ağdam bütün parametrlərinə görə Azərbaycanın paytaxtı olmağa uyğun gəlir. Şəhərin iki tərəfindən Xaçın və Qarqar çayları axır. Relyefi düzənlikdir və təbiəti, havası çox gözəldir. Bu baxımdan Ağdam paytaxt olmağa lazım gələn bütün xüsusiyyətlərə cavab verir. Bunu daha dəqiq şəhərin tikintisi başa çatdıqdan sonra görmək olar”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov qeyd edib ki, Ağdam gələcəkdə Azərbaycanın önəmli iqtisadi mərkəzlərindən birinə çevrilə bilər:

“Ağdam təkcə bizim üçün deyil, işğal dövründə Ermənistan üçün də olduqca strateji yerlərdən biri idi. Çox təəssüflər olsun ki, ən böyük şəhərlərimizdən, rayonlarımızdan biri olan Ağdamda elə ən böyük vəhşiliklər törədildi. 

Ona görə də Ağdamı təkcə biz deyil, ora gələn əcnəbi qonaqlar da, diplomatlar da, jurnalistlər də “Qafqazın Xirosiması” adlandırırlar. Ermənilər işğal dövründə Ağdamda olduqca genişmiqyaslı dağıntılar törətmişdilər. Ağdam hər zaman Azərbaycan üçün ən əhəmiyyətli yaşayış məntəqələrindən biri olub. Azərbaycan dövlət işğaldan azad edilmiş ərazilərin hamısına sözsüz ki, doğma ərazilərimiz kimi baxır. Amma coğrafi və strateji baxımdan Ağdam əvvəllər də çox əhəmiyyətli yaşayış məntəqəsi olduğuna görə, hər zaman fərqlənir. 

Tikinti-quruculuq prosesinə baxsaq, hündürmərtəbəli və çoxmənzilli binaların, otellərin, istehsal müəssisələrinin tikilməsi ilə bağlı çoxlu planlar var. Düşünürəm ki, Ağdamın gələcəkdə nəinki Azərbaycanda, ümumiyyətlə regionda, Cənubi Qafqazda ən aparıcı şəhərlərdən birinə çevrilməsi üçün potensialı var. Bu hədəflərə çatmaq üçün Ağdamın imkanlar var. Azərbaycan dövləti məhz bu amilləri nəzərə alıb, Ağdamda geniş quruculuq işlərinin daha intensiv şəkildə aparılması istiqamətində işlər görməkdədir. 

Gələcəkdə Ağdamın iqtisadi baxımdan ölkənin önəmli mərkəzlərin birinə çevrilməsini nəzərə alan Azərbaycan dövləti ilk öncə əhalinin qayıdışını planlaşdırır. Növbəti mərhələdə infrastrukturun bərpası, kommunikasiyaların çəkilməsi prosesi var”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" istiqaməti üzrə hazırlanmışdır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!