XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Elə ilk günlərdə ordu quruculuğu ilə bağlı mühüm qərarlar qəbul edilməyə başlandı.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edildi. Təbii ki, gənc respublika və onun rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi bir səy göstərmək imkanından məhrum idi. Ordunun silah, sursat və texnika ilə təchizatında ciddi problemlər özünü göstərirdi.
Peşəkar zabit kadrların çatışmamazlığı, ordunun döyüş qabiliyyətini təyin edən əsas açar vəzifələrə ordu ilə əlaqəsi olmayan mülki vətəndaşların təyin edilməsi, azsaylı təcrübəli kadrlardan qeyri rasional istifadə edilməsi, torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və yerli polis bölmələrinin ümidinə qalması mənfi nəticələrə səbəb olurdu. Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən vətəndaşlarımızın zorla çıxarılması planı həyata keçirildi. Sezar pizza
Bütün bunlar təbii ki, ölkə və ordu rəhbərliyini qane edə bilməzdi. Hərbi sahədə islahatlar sürətləndirilməli idi. Çox mürəkkəb bir şəraitdə nizami Ordunun yaradılmasına başlandı. Bunlardan ən vacibi 1993-cü ilin sonunda yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən bütün silahlı birləşmələrin ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordunun yaradılması idi.
Müdafiə Nazirliyinə, Baş Qərargaha, birlik və hərbi hissə komandirləri vəzifələrinə peşəkar hərbçilər cəlb edildi. Ali Baş Komandan Heydər Əliyevin ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı ikinci uğurlu hücum əməliyyatı həyata keçirildi.
Əldə olunan atəşkəsdən sonrakı dövrdə İstər Ümumilli Lider Heydər Əliyevin, istərsə də İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə ordu quruculuğu istiqamətində olduqca uğurlu işlər görüldü. Bunun məntiqi nəticəsi olaraq, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri olduqca parlaq qələbəyə imza atdı.

Azərbaycanda hərbi sahənin inkişafı və ordumuzun keçdiyi inkişaf yolu barədə Yenisabah.az-a danışan Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, müstəqilliyin ilk illərində ordu quruculuğu istiqamətində Ümumilli Lider Heydər Əliyevin misilsiz xidmətləri oldu:
“Yenidən müstəqillik qazandıqdan sonra, Azərbaycan ordusunun inkişafını 3 mərhələyə bölmək olar. Birinci mərhələdə yenicə müstəqillik qazanan ölkəmiz Ermənistanın mənfur işğalına məruz qaldı. Nəticədə Azərbaycanın qəhrəman oğulları pərakəndə şəkildə özünümüdafiə bölmələri kimi fəaliyyət göstərərək, demək olar ki, əli silahsız düşmənə qarşı müqavimət göstərdi. Təbii ki, nə qədər fədakarcasına döyüşsələr də, bu qüvvəllər həmin əraziləri əlimizdə tutmağa yetərli deyildi. Sonra isə sovet ordusunun ölkədən çıxması ilə birlikdə qalan silah-sursatın hesabına müəyyən dərəcədə nizami ordu formalaşdırmağa çalışdı. Ancaq o dövrkü siyasi rəhbərliyin səriştəsizliyi və siyasi hərc-mərclik ordumuzu olduqca zəiflədirdi. Belə olduğu halda ordumuz düşmənə müqavimət göstərə və əraziləri erməni işğalına qarşı qoruya bilmirdi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğunda əsaslı dönüş nöqtəsi başladı. Onun özünün də dəfələrlə qeyd etdiyi kimi, müstəqilliyin qorunub-saxlanması üçün mütləq şəkildə güclü orduya ehtiyac var. Məhz həmin vaxt Heydər Əliyevin rəhbərliyi altında düşmənə qarşı “Qış kampansiyası” deyilən genişmiqyaslı hərbi əməliyyat keçirildi. Bu əməliyyat hesabına nəinki düşmənin işğal etdiyi ərazilərin genişlənməsinin qarşısı alındı, eyni zamanda Beyləqan-Horadiz istiqamətində “Horadiz əməliyyatı” kimi tarixə düşən uğurlu hərbi əks-hücum əməliyyatı keçirildi. Növbəti mərhələdə yaranmış vəziyyəti düzgün dəyərləndirən və Bişkek protokolu ilə atəşkəsi təmin edən Heydər Əliyev ordu quruculuğu istiqamətində ciddi tapşırıqlar verdi. Qısa bir zamanda Azərbaycan ordusu böyük və sürətli inkişafa nail olaraq regiondakı ən güclü ordulardan birinə çevirildi”.
Polkovnik həmçinin prezident İlham Əliyevin ordunun müasirləşdirilməsi və hərbi potensialının artırılması istiqamətində atdığı addımlardan bəhs edib:

“Bu istiqamətdə addımlar Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə də uğurla davam etdi. Azərbaycan xalqının dəstəyini də arxasına alan ölkə başçısı silahlı qüvvələrimizi müasir tələblərə cavab verən ordulardan birinə çevirdi. Paralel olaraq, ali hərbi məktəblərdə müasir texnika və silah-sursatla işləməyi bacaran peşəkar zabitlər yetişdirildi. Tarixi torpaqlarımızın işğaldan azad edilməsi yolunda ordumuz 2016-cı ilin aprelində mühüm bir sınaqdan üzüağ çıxdı.
Əlbəttə, istər Ümummilli Lider Heydər Əliyevin, istərsə də prezident İlham Əliyevin ordu quruculuğundakı sərrast və uğurlu addımları bu qələbəyə aparan yolda əsas təməl daşıdır. Nəhayət, 44 günlük Vətən müharibəsindəki tarixi və şanlı qələbədən sonra Azərbaycan ordusunun qüdrəti, potensialı və gücü bütün dünya ölkələrinə məlum oldu.
Məhz bu qələbədən sonra, Azərbaycanın 30 ilə yaxın düşmən işğalında qalmış tarixi torpaqları qəhrəman ordumuz tərəfindən azad edildi. Lakin silahlı qüvvələrin inkişafı istiqamətində atılan addımlar yenə də davam etdirildi. Ordumuzda qardaş ölkə nümunəsi tətbiq edilərək Türkiyə modelinə keçid üçün addımlar atıldı və indi də atılmaqdadır. Azərbaycan silahlı qüvvələrinin inkişafında müdafiə sənayesinin də rolu danılmazdır. Hər bir ölkə öz ordusunu silah və sursat baxımından nə qədər çox təmin etsə, hərbi sahədə o qədər müstəqildir. Cənab prezidentin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycanın müdafiə sənayesi də çox sürətlə inkişaf edir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız