Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun əsassız yerə cərimələnməsi barədə iddialara münasibət bildirib.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq, xidmətdən bildirilib ki, adıçəkilən institutdan daxil olan müraciətdə qeyd edilən məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təqdim edilən materiallar əsasında araşdırma aparılır.
Məlumata görə, aparılan araşdırmanın nəticəsinə əsasən, müəssisə tərəfindən baş vermiş bədbəxt hadisə barədə qanunvericiliklə müəyyən edilən müddətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilmədiyi müəyyənləşdirilib:
“Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbiri tətbiq edilib, müvafiq qərar qəbul olunub və həmin qərar hazırda qüvvədədir.
Qeyd edək ki, barəsində inzibati tədbir tətbiq edilən vəzifəli şəxs qəbul olunan qərardan narazı qaldığı halda Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət etmək hüququna malikdir”.
Xatırladaq ki, ötən il dekabrın 4-də AMEA-nın Tarix və Etnologiya İnstitutunun 77 yaşlı elmi əməkdaşı evdən işə gələnə kimi müşahidə olunan arterial təzyiq üzündən instituta heç bir aidiyyəti olmayan ümumi tualetdə “gözünün qaralması” ilə özünü narahat hiss edib. İnstitut rəhbərliyi bu barədə məlumat alan kimi həm təcili yardıma, həm də həmin şəxsin ailəsinə məlumat verib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi məsələyə görə institutun direktoru Kərim Şükürovu İnzibati Xətalar Məcəlləsinin (İXM) 555-ci maddəsinin 1-ci bəndi ilə 1000 manat cərimələyib.
Buna səbəb hadisə baş verən gün DƏMX-ə məlumat verilməməsi olub.
Nazim Hacıyev
Telegram kanalımız