Qonşuluqdan dostluğa - Azərbaycan-Gürcüstan münasibətləri

saytların hazırlanması

Evə çatdırılma

Qonşuluqdan dostluğa - Azərbaycan-Gürcüstan münasibətləri

Siyasət

14 Fevral 2025 15:03 2320


Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr isə 1992-ci il noyabrın 18-dən etibarən qurulub. 

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılıb. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərir. 

Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olub. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşayıb. Müəyyən dövrlərdə gürcülərin “titul xalq” olma kompleksi ucbatından Gürcüstanda yaşayan azərbaycanlılara və digər etnik ünsürlərə qarşı müəyyən diskirminasiya tətbiq edilsə də, bu zamanla aradan qaldırıldı. Sovet hakimiyyəti illərində iki respublika arasında iqtisadi və mədəni əlaqələr daim inkişaf edib.  Dominos pizza

SSRİ dağıldıqdan və postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb, möhkəmlənib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkənin yenidən dövlət müstəqilliyinə qovuşması yeni perspektivlər açılıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Bakı ilə Tibilisi arasındakı münasibətlər olduqca dərin və möhkəm köklərə malikdir:

“Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Uzun illər ərzində bizim Gürcüstanla olan tərəfdaşlığımız bölgənin təhlükəsizliyinin və sülhün daha da dərinləşməsinə xidmət edib. Ulu öndər Heydər Əliyev tərəfindən Gürcüstanla çox möhkəm təməllər üzərində qurulan münasibətlər hazırki reallıqları da özündə əks etdirir. 

Eyni zamanda Bakı-Tibilisi-Ərzurum qaz kəməri, Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Cənub qaz dəhlizi, Bakı-Tibilisi-Qars dəmiryolu xətti kimi layihələr həm enerji, həm də nəqliyyat sahəsində Avrasiyanın ən mühüm layihələrindən birinə çevirilib. Burada hər iki dövlətin siyasi rəhbərliyinin prinsipial iradəsi böyük layihələrin icrasına təkan verib. Vaxtilə “Nabukko” layihəsinin reallaşmasında yaranan problemlər, podratçıların bu işə biganə münasibəti, hasilatın pay bölgüsü ilə bağlı tərəddütlər ona gətirib çıxardı ki, Azərbaycan, Gürcüstan və Türkiyə uzaqgörən, praqmatik və düşünülmüş siyasət yürüdərək, ortaq maraqlardan çıxış etməyə başladılar. 

Bu gün Avropanın enerji təhlükəsizliyində yaranan problemlər fonunda Cənub qaz dəhlizinin əhəmiyyəti bir qədər də artır. Sevindirici haldır ki, Cənub qaz dəhlizinin əsas seqmentini Azərbaycan və Gürcüstan təşkil edir”. 

Politoloq Azərbaycan və Gürcüstanın regional təhlükəsizliyin təmini istiqamətində gördüyü işlərə xüsusi diqqət çəkib:

“Eyni zamanda bizim dövlətlərin gələcəyi baxışı da bütün addımlarda özünü göstərməkdədir. Məsələn, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə, həm də “yaşıl enerji”nin nəqli istiqamətində çox mühüm razılaşmalar əldə olunub. Bu razılaşmanın həm də əhəmiyyətli texniki, siyasi və geopolitik mahiyyəti Bakıda ötən ilin sonunda keçirilən COP29 tədbirində də müzakirə edildi. 

Eyni zamanda Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və analoji addımı Gürcüstan tərəfindən də görür. Azərbaycanın haqq savaşında, torpaqlarının azad edilməsində Gürcüstan da Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini dəstəklədi. Gürcüstan ərazisində kompakt şəkildə bizim soydaşlarımız olan azərbaycanlılar da yaşayır. Onların hüquqlarının qorunması Azərbaycanın prioritetlərindən biridir. Hazırki Gürcüstan rəhbərliyi ilə Azərbaycanın rəhbərliyi arasında sıx münasibətlər var. 

Biz çalışırıq ki, bölgə təhlükəsizliyi dayanıqlı şəkildə təmin olunsun. Bölgədə təhlükəsizlik risklərini dəyərləndirərək, biz davamlı olaraq, Azərbaycan, Gürcüstan və Türkiyə hərbi tərəfdaşlığını görürük. Bunun da səbəbləri vardır. Arqumentlər bundan ibarətdir ki, bölgədən mühüm nəqliyyat və enerji infrastrukturu keçir və onun təhlükəsizliyini qorumaq əhəmiyyətlidir. Nəinki enerji infrastrukturunun mühafizəsi, eyni zamanda daha geniş mənada təhlükəsizlik və ortaq birliyin formalaşması ehtimalları hər zaman vardır. 

Burada əsas güc qardaş Türkiyənin üzərinə düşür. Türkiyə NATO-nun üzvü olaraq, böyük keçmişə və tarixi üstünlüyə malikdir. Bu baxımdan, Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhlükəsizlik sahəsində olan biliklərin bölüşdürülməsi və gələcəyə baxışın formalaşmasında iştirak edir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!