Qurban Bayramı zamanı kəsilən ətin düzgün saxlanmaması və ya həddindən artıq istehlakı bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə təzə kəsilmiş ətin dərhal bişirilib yeyilməsi həzm sistemi üçün ağır ola bilər.
Yeni kəsilmiş ətdə “rigor mortis” adlanan sərtləşmə prosesi getdiyi üçün ətin bir neçə saat, ideal halda isə bir gün soyuducuda saxlanılması həm dadını, həm də həzmini yaxşılaşdırır. Əks halda köp, mədə ağrısı, həzmsizlik və qəbizlik kimi narahatlıqlar yarana bilər.
"Yeni Sabah" xəbər verir ki, qurban əti çox yağlı olduqda ürək-damar sistemi üçün də risk yarada bilər. Xüsusilə yüksək xolesterin, hipertoniya və ürək xəstəliyi olan şəxslər yağlı qırmızı əti çox qəbul etdikdə qan təzyiqində artım, damar tıxanıqlığı riskinin yüksəlməsi və ürək yükünün artması müşahidə oluna bilər. Buna görə ətin az yağlı hissələrinin seçilməsi və porsiyaya nəzarət vacibdir. pizza mizza
Ətin gigiyenik olmayan şəraitdə doğranması və saxlanması bakterial infeksiyalara səbəb ola bilər. Çiy və ya yaxşı bişməmiş ətdə salmonella, E.coli kimi zərərli mikroorqanizmlər ola bilər. Bu isə ürəkbulanma, qusma, ishal, qızdırma və qida zəhərlənməsi ilə nəticələnə bilər. Əti bişirməzdən əvvəl düzgün yumaq, ayrı bıçaq və doğrama taxtasından istifadə etmək, kifayət qədər istilikdə bişirmək vacibdir.
Həddindən artıq ət istehlakı böyrəklərə də əlavə yük yarada bilər. Xüsusilə podaqra və böyrək xəstəlikləri olan insanlarda çox miqdarda qırmızı ət sidik turşusunun artmasına və ağrıların şiddətlənməsinə səbəb ola bilər. Eyni zamanda az lifli qidalanma nəticəsində bağırsaq fəaliyyəti zəifləyə bilər. Buna görə qurban əti ilə birlikdə tərəvəz, göyərti və bol su qəbul etmək tövsiyə olunur.
Qurban bayramında insanlar adətən müxtəlif ət yeməklərini ardıcıl şəkildə qəbul etdikləri üçün artıq kalori və yağ qəbulu çəki artımına da səbəb ola bilər. Xüsusilə qızardılmış və çox duzlu yeməklər həm maddələr mübadiləsinə, həm də qaraciyərə mənfi təsir göstərə bilər. Daha sağlam seçim kimi ətin qaynadılmış, sobada və ya qril üsulu ilə bişirilməsi məsləhətdir.
Nazim Hacıyev
Telegram kanalımız