“Qarabağ” klubunun UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Belçika təmsilçisi “Gent”ə uduzması böyük narazılıqlara səbəb olub.
Belə ki, “Köhlən atlar”ın “Tofiq Bəhramov”da 3 xalı 1 qolla almasından sonra Ağdam təmsilçisinin Belçika səfərində qapısından 1 top buraxması komandamızın işinə müşkülə saldı. Penatilər seriyasında 5-3 uduzan “qarabağlılar” pley-off mərhələsində mübarizəni dayandırdı.
Bundan başqa, bir sıra idman mütəxəssisləri “Qarabağ”ın məğlub olma səbəbini qış transfer pəncərəsində satdığı oyunçularla əlaqələndirir. Onların fikrincə, Ovusu Kvabena və Kadi Borgesin komandadan ayrılması “Qarabağ”a ciddi təsir göstərib. Toyuqlu pizza
Yenisabah.az-a açıqlamasında Aut.az saytının baş redaktoru Natiq Muxtarlı isə düşünür ki, “Qarabağ” “Gent”lə oyunda ənənəvi oyun üslubundan imtina etdi:
“Yəni topa nəzarəti rəqibə verdi, əks-hücumlara bel bağladı. Qurban Qurbanov niyə belə seçim etmişdi? Yəqin ki, heyətdəki çatışmazlıqları nəzərə alaraq.
Yankoviçin zədəli olması, yeni transferlərin isə hazır olmaması Qurban Qurbanovu belə seçimə vadar edə bilərdi. Böyük ehtimalla, Yankoviç meydana çıxsaydı, “Qarabağ” ənənəvi – yaradıcı oyun üslubuna üstünlük verəcəkdi. Amma heyətdəki çatışmazlıq ucbatından dağıdıcı oyuna üstünlük verməyə məcbur oldu. Yankoviçi əvəzləyən Almeyda bu yöndə üstündür. “Qarabağ”ın “Gent”ə məğlubiyyətindən danışanda heyətdəki çatışmazlığı mütləq nəzərə almalıyıq”.
N. Muxtarlı əlavə edib:
“Düzdür, özüm də belə oyun sisteminə görə, narazı qaldım, amma komandanın daxilindəki problemləri məşqçilər daha yaxşı bilirdi, axı. Əgər mərhələni “Qarabağ” keçsəydi, biz indi yarımçıq heyətlə “düzgün oyun fəlsəfəsi”ndən danışırdıq.
Qələbənin şəriki çox olur, məğlubiyyətin isə məsuliyyəti məşqçinin üzərindədir. Ona görə də hazırda Qurban Qurbanova yönələn tənqidlərə təbii yanaşıram”.
Müsahibimiz komandadan ayrılan futbolçular barəsində səslənən fikirlərə də münasibət bildirib:
“Qaldı ki, ulduz futbolçuların “Qarabağ”ı tərk etməsinə, bu, belə də olmalıdır. “Qarabağ”ın strategiyası Hollandiya, Portuqaliya komandalarının strategiyasına uyğun olmalıdır. Heç kimin tanımadığı futbolçuları yetişdirirsən, Avrokuboklarda tanıdırsan və satırsan. Futbol biznesdir, bazardır. Bu bazarda Azərbaycan kimi ölkələrin komandalarının “Manchester City”, “Real Madrid”, “Barcelona” olmaq şansı yoxdur. Bəs bu bazarda pulu necə qazanmaq lazımdır? Onun yolunu Hollandiya, Portuqaliya, Belçika klubları göstərib. Artıq “Qarabağ” da o yolla gedir və yaxşı da pul qazanır. Buna görə, “Qarabağ”ı qınamaq yox, alqışlamaq lazımdır”.
Onun qənaətinə görə, futbolçuların gedişinə görə də narahat olmağa dəyməz:
“Artıq komandanın skaut sistemi işləyir, yenilərini gətirirlər. İddia etmək olmaz ki, onların hamısı özünü doğruldacaq, amma doğruldanlar olacaq. Sabah onlar da satılacaq, yerinə başqaları alınacaq. Bəli, heç bir klubun azarkeşləri istəməz ki, komandanın ən yaxşı futbolçuları satılsın, lakin bazar qanunu bunu tələb edir. Fikir verin, “Napoli” İtaliya çempionu olmağa çox yaxındır. Artıq klub prezidenti çıxıb deyir ki, iki ən yaxşı futbolçusunu - Kviça Kvaratsxeliya və Viktor Osimhanı satmağa hazırdır.”.
“Niyə də satmasın? “Napoli” bilir ki, maliyyə müstəvisində, məsələn, İngiltərə klubları ilə rəqabət apara bilməz. Ona görə də, 10 milyona aldığı Kvaratsxeliyanı 100 milyona satır. “Qarabağ”ın da bu amansız bazarda başqa yolu yoxdur. Biz dünənə qədər deyirdik ki, futbolçu sata bilmirik. Bu gün isə futbolçu satdığına görə, “Qarabağ”ı qınayırıq. Futbol bazarında rəqabətə davam gətirmək üçün ortabab komandaların yolu budur: futbolçu yetişdir və varlılara sat”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız