“Zamanında bəzi qurumlarımızın “fəaliyyəti” nəticəsində həyata keçirilən bəzi məsələlər, layihələr elə vəziyyətlə üzləşdi ki, insanlar onların təkrarlanmasından qorxur. Hamımız “Barmek” və “Bayva”nı çox yaxşı xatırlayırıq”.
Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.
O əlavə edib: “Həmin şirkətlər xeyli vəsait yığıb ölkədən getdi, amma heç bir investisiya qoymadı. Burada sual meydana çıxır ki, bu işə nəzarət edən qurumlar nəyə baxırdı, hara baxırdı? Axı onların vəzifəsi bu işləri tənzimləmək idi. Qurumlar bunun məsuliyyətini sonra daşıdılarmı? Əgər daşımadılarsa, kim cavab verə bilər ki, sabah eyni şeylər yaşanmayacaq? Bizim buna zəmanətimiz varmı? Qurumların maraq savaşının qurbanı insanlar oldu. pizza
Bəzi məmurların maraqlarının əziyyətini insanlar, dövlət çəkdi. Bizə zəmanət veriləcəkmi? Bu gün bölgələrdə onsuz da xeyli problemlərlə üzləşirik. Məlum olur ki, insanlara artıq elektrik sərfiyyatı yazılır. Əslində, bu islahatlar ciddi araşdırılmalı, tənzimləmə qaydaları dəqiq olmalı, insanlara bunun açıqlaması verilməlidir. Səhvlərimizi etiraf etməkdən çəkinməməliyik”.
Telegram kanalımız