Rəşid Mahmudovun “Araq qalmaqalı” davam edir –   “Sırf pul qazanmaq məqsədilə... ”

saytların hazırlanması

Evə çatdırılma

Rəşid Mahmudovun “Araq qalmaqalı” davam edir – “Sırf pul qazanmaq məqsədilə... ”

Sosial

15 Aprel 2025 14:40 596


"Hamı araq içmir, amma içənlər təmiz araq içməlidir" – bu sözlər son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olan tanınmış həkim-fizioloq Rəşid Mahmudova aiddir. O, alkoqol reklamına çəkildiyi üçün tənqid edilsə də, bu açıqlaması ilə öz mövqeyini əsaslandırmağa çalışıb. Lakin burda diqqətçəkən əsas məsələ "təmiz araq" ifadəsinin özüdür.

Görəsən, "təmiz" dedikdə daha az zərərli, daha keyfiyyətli alkoqol nəzərdə tutulur? Digər tərəfdən, xalq arasında spirtdən "soyuqdəymə dərmanı" kimi istifadə edilməsi nə qədər elmi əsaslara dayanır?

Sözügedən məsələni Yenisabah.az-a şərh edən təbii üsullarla müalicə üzrə mütəxəssis, həkim Seyfəddin Əsəd qaranlıq məqamlara toxunub: Sezar pizza

“Alkoqolun tərkibinə bal və ya süd qatılması belə onun zərərli təsirini aradan qaldırmır. Bəziləri bu şəkildə istehsal edilən içkiləri daha zərərsiz göstərməyə çalışsalar da, nəticə dəyişmir. Qida məhsullarının tərkibində Allahın yaratdığı maddələr ola bilər, amma alkoqol sırf pul qazanmaq məqsədilə istehsal olunur. Şüşəsini dəyişib, bahalı qablaşdırma ilə təqdim etmək onun keyfiyyətini artırmır. Üstəlik, belə içkilərin kütləvi şəkildə istehsalı və satışı bir neçə gün içində baş verir.

Araşdırmalara əsasən, 50 qram alkoqol qəbul edən şəxslərdə ürəyə gedən tac damarlar müvəqqəti olaraq genişlənir. Bu hal insanın özünü güclü hiss etməsinə, aqressiv davranmasına səbəb ola bilər. Lakin bir neçə saat sonra əks təsir göstərir – damarlar sıxılır, qan dövranı pozulur və nəticədə səhərə yaxın infarkt keçirmək riski yaranır. Bəzən insan yatdığı halda həyatını itirir və səbəbi bilinmir. Amma əslində bunun arxasında alkoqolun təsiri dayanır”.

Həkim onu da vurğulayıb ki, hazırda sovet dövründə olduğu kimi buğda spirti istifadə edilmir:

“Bu səbəbdən bazarda təqdim edilən spirtli içkilərin tərkibi çox zaman keyfiyyətsiz və təhlükəli maddələrlə zəngin olur.

Alkoqolun zərərləri yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Dinimizdə də alkoqol qadağan edilib və günah sayılır. Mən bu sahədə çalışan bir şəxs və peşəkar həkim olaraq alkoqolu heç kimə məsləhət görmürəm. Onun tərkibində hansı maddələrin olduğunu çox yaxşı bilirəm.

Soyuqdəymə və digər yüngül xəstəliklər üçün xalq təbabəti üsulları – məsələn, soğan, sarımsaq, tut bəhməzi, hicama və zəli müalicəsi – daha faydalıdır. Alkoqol isə nəinki qripə, heç bir xəstəliyə müsbət təsir göstərmir. Əksinə, orqanizmi zəiflədir, immuniteti aşağı salır.

Spirtli içkilərin tərkibindəki maddələr orqanizmi zəhərləyir. Onlar yalnız xarici istifadə üçün – məsələn, iynə vurulmazdan əvvəl dezinfeksiya məqsədilə istifadə oluna bilər. Amma daxilə qəbul edilməsi olduqca təhlükəlidir. Statistikalara görə, alkoqol qəbul edən insanlar xərçəng xəstəliyinə tutulma riski yüksək olan ikinci qrupda yer alır. Birinci risk qrupu isə çox isti – qaynar çay içənlərdir. Alkoqol da mədə və boğazı yandırdığı üçün bu riski artırır.

Unutmayaq ki, alkoqol zərərdir və onun istənilən formada qəbul edilməsi sağlamlığımıza ciddi təhlükə yaradır”.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!