Ruhların edam kötüyündə qətlə yetirilidiyi şəhərdən   REPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Ruhların edam kötüyündə qətlə yetirilidiyi şəhərdən REPORTAJ

Rəsmi

15 Mart 2021 08:45 2058


Dağların arxasından əsən sərin meh qəlbimizi riqqətə gətirir. Biz burda oranın, qədim qalanın, dogma Şuşanın havasını duyuruq…

Rüzigar öz qanadlarında bizə salam gətirib…

Ağdam... Dördpendirli pizza

Darmadağın olmuş şəhər. İndi burada ruhumuza sığal çəkəcək heç bir şey yoxdur...

Amma biz onu sevirik. Şəhərin sözlərlə ifadəsi mümkün olmamayan görüntüsü. Xarabalıq... Hər daşında insan ruhlarının sızıltısı və faciə var. Bu daşlar tarixə yaddaşlıq edir.

Və yenə də biz onu sevirik...

Yalnız Tanrıya əmanət edilmiş yurd. Tanrı isə 30 il bizdən üz döndərib onu cəlladların ixtiyarına verdi. Cəllad baltası ilə cəllad kötüyündə vurulmuş başlardan qalxan iniltidən başqa heç nə eşitmək mümkün deyil kimsənin olmadığı bu qədim diyarda. Bombalarla şumlanmış torpaqdan başqa geriyə heç nə qalmayıb. Yaxşı ki, torpağın dili yoxdur. Yoxsa, eyibimizi çoxdan açardı…

Ağdama “Ruhlar şəhəri” deyilir. Amma ruhlar belə qətlə yetirilib bu məkanda. Mən orada heç olmasa ruhları belə duymaq istədim. Əlimi torpağa sürtdüm, nəsə duymaq ümidi ilə. Amma heç nə hiss etmədim. Ruhlar çoxdan ölmüşdülər…

Böyük bir boşluqdan başqa heç nə hiss etmək mümkün deyil.

Buz kimi torpaqdan başqa heç nə duymadı ruhum və bədənim...

Amma sevgi vardı... Qarşılıqsız bir sevgi. Bunu ancaq Vətəni təmənnasız sevənlər duya bilər...

Biz Ağdamı onun tikililərinə, torpaq üzərindəki insan əli ilə yaradılmış nemətlərinə görə sevməmişdik. Bu sadəcə müqəddəs torpaqlara olan bir sevgidir. Səssiz, içimizi yandıran, “kişilər ağlamaz” deyə qəlbimizdə üzərinə qalaq-qalaq daş-qaya tökərək dost və düşməndən gizlətdiyimiz bir kədər böyüdürdük illlərlə. Bu kədər də, bu sevgi də qarşılıqsız idi... Ağdam küsmüşdü bizdən. Ağdam üzümüzə baxmırdı. 1993-cü ildən bəri biz onun üzünə baxmadığımız kimi...

Ağdam bizi niyə sevsin ki? Torpaq onu bəsləyənin, onu qoruyanın sevgilisidir. Biz ya zəlzələdən, ya da vəlvələdən uzun illər əvvəl Ağdamı qoruya blmədik. İçimdəki bir səs deyir ki, əgər düşmən Ağdam torpaqlarına sevgi ilə yanaşsaydı, onu abadlaşdırsaydı, əkib becərsəydi, o zaman o torpaqlar bizə həqiqətən üz çevirərdi. Bizdən imtina edərdi. Çünki torpaq onu sevənin, ona sahib çıxanın vətəni olur. Amma düşmən o torpaqlara elə düşməncəsinə də yanaşdı. Allahın əsir mələyi oldu Ağdam. Düz 30 il... 

Ağdam hər gecə yuxularında bizə qarğışlar etdi ki, məni niyə qorumadınız? Əgər məni atacaqdınsa, niyə əsrlər boyu məni öz sevginə öyrətdin? Niyə bu qədər etibarsız oldun, deyərək illərlə bu cavabsız suallar içərisində yanıb qovuruldu Qarabağımızın incisi.

Ağdam bilmədi ki, biz də illərlə bu sualları özümüzə verdik. Bilmədi ki, Ağdam deyə-deyə neçə neçə ulular torpaq həsrəti ilə köçdü bu dünyadan. Nə Ağdam bizi eşitdi, nə də biz Ağdamı. Ağdam orda, biz burda için-için yandıq…

Biz onun yanıb necə külə döndüyünü öz gözlərimizlə gördük. Sən də bizim necə yandığımızı gördünmü, duydunmu, Ağdam? Üz-üzə gələndə üzünə baxmağa üzümüz olmadığını hiss etdinmi?..

Biz Ağdama qayıtdıq. İllər sonra yenidən onun küskün və soyuq qucağına sığındıq. Başımızı sinəsinə qoyduq ki, bizimlə barışsın. Özümüzə bəraət qazandırmaq üçün tarixdən, siyasətdən danışdıq. Dedik ki, bu böyük bir oyun idi, biz də illərlə sənin kimi bu oyunun kölələrinə çevirilmişdik. Amma bu gün buradayıq. Sənin qoynunda. Qanla, mücadilə ilə gəldik. Ermənilərdən fərqli olaraq bura oğru kimi gəlməmişik. Qalib xalqın nümayəndələri kimi gəlmişik. Prezident İlham Əliyevin tapşırığı ilə gəlmişik. Ki, sənə baş çəkək, sənin bu halını çəkək və göstərək. 

***

Ötən həftənin şənbə günü Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə bir qrup media nümayəndəsi və ictimai fəal olaraq Ağdama getdik. Bu, işğaldan azad olunandan sonra Ağdama təşkil olunan ilk böyük səfər idi. Gözlə gördüklərimizi və hiss etdiklərimizi nə sözlə, nə də görüntü ilə olduğu kimi oxuculara çatdırmaq mümkün deyil. Bunu ən mükəmməl söz rəssamları belə bacarmaq gücündə ola bilməz. Tutaq ki, gördüklərimizi yazdıq, hətta bir qədər də irəli gedib, sözlə şəklini çəkdik. Bəs hiss etdiklərimiz?! Siz həyəcanın, təlaşın, iztirabın şəklini görümüsünüzmü? Yox, mən də görməmişəm. Ona görə də bəri başdan deyirəmm ki, burada qeyd etdiklərim Ağdamdakı reallığın və hiss etdiklərimin bəlkə heç yüzdə biri də deyil. Hissi etdiyimi oxucuya hiss etdirmək gücündə deyiləm. Burda söz də acizdir. Bəzən belə də olur: insanın sözü də, özü kimi aciz olur…

***

Azad olunmuş torpaqlarda ilk postdan keçirik. İndi bu ərazilərdə ordumuzun əsgər və zabitləri deyil, polis əməkdaşları dayanır. Daxili İşlər Nazirliyinin əməkdaşları. Axı Ağdam artıq bizim daxili işimizdir. 

Ermənilərin 30 il boyunca təmas xəttində “Çin səddi”ni təkrarlayan, torpaqdan hazırlanmış, avtobusumuz hündürlükdə olan müdafiə xətti boyunca irəliləyirik. Elə bir istehkam qurulub ki, bunları piyada qoşunları ilə yarıb keçmək mümkünsüz olardı. Bu istehkamlara düşən tank, BMP belə dərin xəndəklərdə it-bat olar, yararsız bir dəmir parçasına çevirilərdi. Quru və hava qüvvələrimiz belə bir səddi darmadağın etmişdi...

Müzəffər Ordumuz əvvəl düşmənin səddini, sonra qəddini əymişdi...

Ağdamın içərilərinə doğru irəlilədikcə müharibənin dəhşətləri bütün çılpaqlığı ilə gözlərimiz önündə canlanır. Amma pozitiv görüntülər də var. Artıq azad olunan torpaqların bir hissəsində əkin işləri aparılıb. Tarlalar şumlanıb, toxumlar səpilib, sanki torpağa mesaj verilib ki, biz qayıtdıq, oyan.

Bir neçə gündən sonra bu torpaqlarda ilk cücərtilər boy atacaq. Beləcə, arzularımız da cücərməyə başlayacaq... 

***

Az sonra avtobus karvanımız dayanır. Bildirilir ki, ərazidə etmənilərin çoxlu sayda partlamamış minaları var. Onlar bir-bir aşkar edilir və zərərsizləşdirilir. İndi biz də bir neçə minanın necə zərərsizləşdirildiyinə şahid olacağıq.

Baş Qərvənd kəndinin ərazisində yerləşən Bərdə-Ağdam dəmir yolu xəttinin yaxınlığında tank əleyhinə mina jurnalistlərin gözü önündə partladılır. Bu, müharibədən sonrakı dövr üçün xarakterik olan adi əməliyyat deyil. İstehkamçılarımız təkcə mina partlatmırlar, həm də düşmənin ürəyini partladırlar. Və bu hal hər gün bir neçə dəfə təkrar olunur...

Minatəmizləmə Agentliyinin nümayəndəsi İdris İsmayılov deyir ki, ərazilər qarış-qarış yoxlanılır. Bu günə qədər 37 min 400 kvdartmetr ərazi yoxlanılıb və tank əleyhinə 35 mina, piyada əleyhinə 41 mina, 2 ədəd partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu onlarla insanını həyatının xilas olunması deməkdir.

***

Bir az hərəkət etdikdən sonra yenidən dayanırıq. Bura Uzundərə II Şəhidlər xiyabanınıdır. Hələlik xiyaban ərazisi minalardan təmizlənmədiyi üçün onu yalnız kənardan seyr edirik. Məzarlar uzaqda olsa da, şəhidlərin ruhu bizimləydi, başımızın üstündəydi. Bunu hiss etmək bir o qədər də çətin deyildi...

Və nəhayət çatırıq Ağdama. Ruhların edam kötüyündə qətlə yetirilidiyi qədim şəhərə. Pənahəli xanın, Mehdiqulu xanın məzarlarının darmadağın olduğu, vaxtilə qəbirlərinin yerləşdiyi gümbəzdə mal-heyvan saxlandığı yerdə ayaq saxlayırıq. Burada həm də “Qarabağ” futbol klubunun “İmarət” stadionu yerləşir. 

Deputat Aqil Abbas deyir ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. 

Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. Dirilərdən qisas almaqla ürəkləri soyumadığı üçün ölülərlə haqq-hesab çəkiblər...

“Qarabağ” futbol klubunun meydançası olan “İmarət” stadionu isə ermənilərin otlaq yeri olub. Düşmən “Qarabağ”ın “İmarət”ini xaraba qoyub...

***

Sonra Ağdam şəhərinin Şəhidlər Xiyabanına gedirik. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının yerləşdiyi qəbristanlığa. Əslində, burada qəbristanlıqdan əsər əlamət belə yoxdur. Qəbirlərin çoxu qazılaraq çıxarılıb. Adamın gərək düşməni də bir mənəviyyat sahibi olsun. Şəhidlər Xiyabanında məzarlarının qalıqları qalan şəhidlərimizi ziyarət edirik. 

Yenə başımız önmüzdə...

Növbəti dayanacaq Ağdamın cümə məscididir. Ruhumuzu, mənəviyyatımızı Allaha təslim etdiyimiz yer. Tanrımızla baş-başa qaldığımız, onun evinin bu cür vəhşiliyə məruz qalmasına yol verdiyimiz üçün günahlarımızın bağışlanmasını istəyərək, amma bu dəfə başı dik və qürurla məscidə daxil oluruq. Məsciddən hələ də ermənilərin orada saxladığı heyvanların qoxusu gəlir. Bu qoxunu təkcə bütün bədənimlə deyil, həm də ruhumla hiss etdim...

Qaranlıq pilləkənlə minarəyə qalxırıq. İndi bu minarə Ağdamdakı ən hündür yerdir. Buradan nəinki bütün şəhər, hətta ətraf kənd və qəsəbələr də aydın görünür. Çünki göz önünü kəsəcək heç bir şey qalmayıb. Yerlə bir olan binalar gözün istədiyi qədər uzaqları görməsinə şərait yaradıb. 

Minarədən baxqıqda başqa bir şey də müşahidə etdim. Ağdamda hətta hündür ağaclar da yoxa çıxıb. Təbii ki, hündür ağaclar düşmən tərəfindən kəsilərək aparılıb, bu bəllidir. Amma iş orasındadır ki, sanki təbiəti etibari ilə hündür boylu ağaclar da öz inkişafından qalıblar. Elə bil uca çinarlar da utandıqlarından yerə giriblər, kol kimi yaşamağa başlayıblar. Mən Ağdamda kol ağaclarından başqa heç bir ağac görə bilmədim. Və mənə elə gəldi ki, insanlar bu yerləri tərk edəndən sonra ağaclar utandıqlarından başlarını yuxarı qaldırmayıblar...

***

Bizim sonuncu dayanacağımız Şahbulaq qalası oldu. Bu qala haqda qısa tarixi məlumat verməyi özümə borc bilirəm. XVIII əsə aid Şahbulaq qalası Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşir. Qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. 

Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metrdir. Kompleksin yeganə girişi Şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.

Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Hazırda Şahbulaq qəsr kompleksindən təpə üzərində ucalan qala və məscid binası qalıb. Düşmən 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, lakin buna nail olmayıb. Yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

***

Ağdamın xarabalıqlarının üzərinə qaranlıq çökəndə səfərimiz başa çatır. Gecənin qaranlğında geri dönürük. Və çox maraqlıdır ki, günün günortasında hiss etmədiyimiz ruhların biz geri dönərkən arxamızca baxdığını “görürəm”. Bu 23 iyul 1993-cü ildəki baxışlardan çox fərqlidir...

Ağdam artıq bizimdir. Ruhu ilə, ruhsuzluğu ilə, varlığı və yoxluğu ilə...

Yazını Vahid Qazinin Ağdam sevgisi ilə qovurularaq yazdığı “Ruhlar şəhəri” əsərindən bir hissə ilə bitirirəm...

***

“Mən Ağdamı yenidən tikəcəyimizə çox inanıram. Bitməyən müharibə yoxdu, bu dava da bitəcək. Dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək...” 

Bәrpa işlәrini şəhər məscidindәn, İmarət, Qarahacılı qəbiristanlığından başlarıq. Şuşa yolunun üstündəki abidənin yerində Qarabağ müharibəsi qurbanlarına əzəmətli heykəl ucaldarıq. Elə uca abidə ki, Bərdə yolu gələndə Uzundərədən, bir də Şuşa yolu gedəndə Əsgərandan görünsün. Ağdamın şəhid olmuş 6 min adamının adını qranit lövhəyə yazarıq bir-bir. Vəssalam! Müharibəni xatırladacaq daha heç nə lazım deyil! Savaşla yaşadığımız yetər, onun bizə yaşatdıqları yeddi arxa dönənimizə də bəsdi. Təzələnmiş şəhərimizdə yeni həyata başlarıq!...

Sən də gələrsən!

Gözləyəcəm Səni! Bu yazılarımla sənə çox acılar yaşatdım! 

Bir az dincələrsən...

Bilirsən, bura daha ruhlar şəhəri deyil. Burdakı ruhlar ilahi bir əfsunla öz bədənlərinə döndü. Xatırlayırsanmı, yazmışdım: “Yaxşı bax bu külə, çünki gələcəyin bu küldən yoğrulacaq...” Allah onları yanmış ruhların külündən yoğurdu, ağızlarına nəfəs üfürdü... 

Həyətimizdəki kötükdən pöhrələyən cavan tut ağacının yarpaqlarını daha kabus nəfəsi əsdirmir...

Oğlumdu, tut çırpır, şipşirin...

Yuxu kimi şirin tut...

Elnur Məmmədli,

Bakı-Ağdam-Bakı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!