“Birincisi, ruslar bu araşdırmanı necə aparıb? Harada aparıblar? Hamısı boş söhbətdir. Mən şəxsən onların araşdırmasının nəticəsinə inanmıram. Azərbaycanda əhalinin 16 faizinin rus dilini bilməsi statistikası həqiqətə uyğun görünmür”.
Bu sözləri "Yeni Sabah"a Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı deyib.
O, 2023-cü ildə “Rossotrudniçestvo”nun sifarişi ilə “Eurasian Monitor” beynəlxalq tədqiqat agentlikləri assosiasiyasının Rusiya ilə qonşu ölkələrin rus dilinə, rusdilli informasiya mənbələrinə, Rusiyanın humanitar və digər yardımlarına münasibəti barədə hesabatını şərh edib. pizza mizza
Xatırladaq ki, hesabata əsasən Azərbaycanda əhalinin yalnız 16%-i rusca danışır və cəmi 20%-i rusdilli informasiya mənbələrinə müraciət edir.
AJB səri bildirib ki, Azərbaycanda əhalinin 16 faizinin rus dilini bilməsi statistikası həqiqətə uyğun görünmür:
"Qazaxıstanda faizini deyə bilmərəm, amma orada rus dilinə tələbat yüksəkdir. Gürcüstanda rus dilində danışan adam tapmaq üçün gərək elan verəsiniz. Ermənistanda gənclərin çoxusu ingilis dilində danışır.
Azərbaycanın Avropa Şurası məkanında ingilis dili savadlılığı üzrə sonuncu yerdə olması da boş söhbətdir. Bunların obyektivliyinə mən inanmıram. Bu araşdırmaların heç bir elmi əsasını görmürəm”.
Elçin Şıxlı qeyd edib ki, Azərbaycanda kifayət qədər rus dili bilən adam var:
“Gəlib çıxsın Bakıya, görsün rus dilində danışan nə qədər adam var. Ona görə də mən bu araşdırmalara ciddi yanaşmıram. Ola bilsin ki, bu baş verən son siyasi gərginliyin fonunda edilmiş tərəfli bir araşdırmadır.
Mən rus dilini öyrənmirəm, özüm bilərəm. 16 faizdir, ya 0 faizdir, bu mənim öz işimdir. Get özünü araşdır, gör nə qədər əyyaşın var! Belə şeylərə fikir verməyin. Tutaq ki, rus dilini bilmirəm, sonra?! Rus dilini bilməyə borcum var?!
Sovet dövrünü görən adamların hamısı rus dilində danışır. Sadəcə olaraq, rus dilini bilmək səviyyəsində fərq ola bilər”.
Bİr daha xatırladaq ki, məlum tədqiqata görə, keçmiş postsovet ölkələrin rus dilini bilənlərin faiz göstəriciləri aşağıdakı kimidir:
Belarusda 84%
Qazaxıstanda 66%
Ermənistanda 49%
Qırğızıstanda 42%
Moldavada 38%
Tacikistanda 29%
Azərbaycanda 16%
Özbəkistanda 13%.
Nazim Hacıyev
Telegram kanalımız