Sabiq deputat, politoloq Elşad Mirbəşiroğlu barəsində yayılan ittihamlara münasibət bildirib.
“Yeni Sabah”a danışan Mirbəşiroğlu haqqında irəli sürülən iddialara cavab verib:
“O cür ittihamlar çox ciddidir. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm ki, araşdırsınlar. Görünür, Rusiya-Azərbaycan məsələsi trend mövzuya çevrilib deyə, bu tipli informasiyalar yayılır. Ancaq məsələnin mahiyyətinə varmırlar. Mənim kimi birini ən ağır cinayətlərdə ittiham edə bilərlər, amma hansısa xarici ölkəyə işləmək kimi bir iddia mənim şəxsiyyətim üçün böyük bir zərbədir. Ayıbdır.”
Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə dair fikirlərini hər zaman açıq şəkildə ifadə edib:
“Həmişə Azərbaycan-Rusiya münasibətlərini dəstəkləyən mövqe sərgiləmişəm. Çünki bu ölkə ilə bağlı göz qabağında olan təcrübələr var. Demişəm ki, hansısa ölkələrə Ukraynada və Gürcüstanda olduğu kimi, öz mübarizələrinin alətinə çevrilməyə imkan verməyək. Mən millətimi sevirəm, soydaşlarımızla bağlı məsələlərdə xüsusilə həssasam. Ona görə də həmin ölkə ilə münasibətlərin normal qalmasının tərəfdarıyam.”
Sabiq deputat iqtisadi aspektlərə də toxunub:
“Rusiyada təxminən 2 milyon soydaşımız yaşayır. Bundan başqa, Azərbaycanda meyvə-tərəvəz yetişdirənlərin məhsulları da əsasən orada satılır. Alternativ bazarımız yoxdur. Bir alim kimi deyə bilərəm ki, kənd təsərrüfatı məhsullarımızın 95 faizi məhz həmin bazarda realizə olunur.”
Elşad Mirbəşiroğlu ona qarşı səsləndirilən ittihamların araşdırılmasını istəyir:
“Əgər elə bir günahım varsa, şükürlər olsun ki, dövlətimizin xüsusi xidmət orqanları var və onlar tədbir görə bilərlər”.
Xatırladaq ki, bir neçə gün öncə yerli mediada Elşad Mirbəşiroğlunun guya Rusiya xüsusi xidmət orqanı – FSB ilə əlaqələrinin üzə çıxdığı, bu səbəbdən ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldığına dair məlumatlar yayılmışdı.
Aytac Əliyeva
Telegram kanalımız