“Düşünürəm ki, “Qisas-3” əməliyyatı genişmiqyaslı müharibəyə çevrilməyəcək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
O, “Qisas-2” əməliyyatı çərçivəsində 5 erməni hərbçisinin məhv edilməsindən sonra cəmiyyətdə əməliyyatın üçüncü pərdəsinin həyata keçirilməsi ilə bağlı səslənən çağırışlara münasibət bildirib. pizza hut
Müsahibimizin fikrincə, rusların müvəqqəti nəzarəti altında olan ərazilərdə Azərbaycana qarşı kimsənin müqavimət göstərmək imkanı yoxdur:
“Burada erməni silahlılarının ümid etdiyi yeganə qüvvə rus hərbi kontingentidir. Lakin onların vəzifəsi Azərbaycan ərazilərində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək deyil. Onların vəzifəsi atəşkəsin təmin olunması və sülhü yaratmaqdan ibarətdir. Doğrudur, bu vəzifənin də öhdəsindən gələ bilmirlər”.
Hərbi ekspert xatırladıb ki, Azərbaycan daha əvvəllər də Qarabağda irili-xırdalı 12-yə yaxın əməliyyatlar keçirib ki, bunların da heç birində ruslar bizə qarşı bir dənə də olsun hərbiyönümlü addım atmayıb:
“Düzdür, rəsmi açıqlama, bülleten və s. dərc ediblər, amma bizə qarşı addım atmayıblar və ata da bilməzlər, buna qarşı cəsarətləri çatmaz.
O ki qaldı Ermənistanın yeni antiterror əməliyyatlarına qarşı olan reaksiyasına, Ermənistan 44 günlük müharibə zamanında buna reaksiya verib və onun nə ilə nəticələndiyi hər kəsə məlumdur. Son günlər Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər, Azərbaycanın 86.6 min kv.km. ilə bağlı verdiyi bəyanatlar da onu göstərir ki, Baş nazir və onun komandası Qarabağdan əlini üzüb. Hazırda rəsmi İrəvan apardığı danışıqların nəticəsi barədə belə Qarabağ separatçılarına məlumat vermir. Hətta Qarabağdakı qondarma rejimdən Ermənistan rəhbərliyinə edilən zənglərə belə İrəvandan cavab verilmir. Yəni Paşinyanın zənginə müttəfiqləri, Araik Arutyunyanın zənglərinə isə Paşinyan cavab vermir. Qısası, maraqlı və bir o qədər də paradoksal bir vəziyyət yaranıb”.
Ə.Verdiyev vurğulayıb ki, belə olan halda Ermənistanın darmadağın edilmiş ordusunun Azərbaycana qarşı addım atması qətiyyən gözlənilən deyil, amma ayrı-ayrı lokal təxribatlar ola bilər:
“Qarabağdakı qanunsuz erməni silahlıları da hələ ki Ermənistan tərəfindən maliyyələşdirilir və idarə olunur. Amma birmənalı olaraq, erməni ordusunun gəlib Qarabağda bizə qarşı əməliyyatlara qatılması ehtimalı sıfırdır. Onların edə biləcəyi tək bir şey Azərbaycan bu əməliyyata başlayanda sərhəddə orta və kiçikmiqyaslı təxribatlar törətməkdən ibarət ola bilər ki, bunun da qarşısını almaq üçün aidiyyəti strukturlarımız lazımı qədər güc, qüvvə, imkan və vasitəyə malikdir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız