“Sözün düzü, “Qarabağ” “Raków”la qarşılaşmada gözlədiyimdən də keyfiyyətli oyun sərgilədi. Amma yenə də qapıçının kobud səhvi nəticəsində məğlub oldu”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış idman jurnalisti, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.
Müsahibimiz ötən gün keçirilən “Raków Częstochowa” - “Qarabağ” matçının əsas məqalarımdan, habelə “köhlən atlar”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvlərindən söz açıb. Marqarita pizza
“Bu məğlubiyyətdə faciə görmürəm, oyun göstərdi ki, “Qarabağ” rəqibindən keyfiyyətli komandadır və mərhələnin keçməyə əsas namizəddir. Böyük ehtimalla, Bakıda bu işin öhdəsindən gələcəklər.
Polşadakı məğlubiyyətdə Şahruddinin “payı” çox böyükdür. Qurban Qurbanovun “günahı” isə odur ki, o, oyunçularına sona qədər dəstək verir, ictimai təpkiyə rəğmən... Amma Qurbanı Qurbanovun da dəstəyinin bir həddi var. Görsə ki, Şahruddin “düzəlmir”, böyük ehtimalla, onu əvəzləyəcək. Yəni artıq azarkeşlər Şahruddinin düzəlməyəcəyinə əmindirlər, qalır, Qurban Qurbanovda bu əminliyin yaranması”, - deyə N. Muxtarlı fikirlərini bölüşüb.
Həmsöhbətimiz bildirib ki, başa düşüləndir ki, futbolda həmişə qalib gəlmək olmaz, hətta səhvlər də qaçılmazdır:
“Ən məşhur qapıçılar da səhv edirlər. Amma Şahruddinin səhvləri artıq sistematik xarakter alıb. Bu səhvlərin onun istedadı ilə əlaqəsinin olduğunu güman etmirəm. Şahruddin istedadlı qapıçıdır, amma psixoloji amil... Bax, bu məqam nəzərə alınmalıdır. Şahruddin artıq basqı altındadır və güman ki, bu amil onun düşüncəsinə, psixologiyasına təsir edir”.
“Məncə, onun dincəlməyə ehtiyacı var. Amma indi etibarlı qapıçı da tapmaq çətindir axı. “Qarabağ”da Gürcüstanın istedadlarından sayılan gənc qapıçı da var. Çox təəssüf ki, o da ümidləri doğrultmur. Hazırda Avropa futbolunda yaxşı qapıçı tapmaq keyfiyyətli hücumçu və ya mərkəz müdafiəçisi tapmaqdan daha çətindir. Hətta Qurban Qurbanov Şahruddinin üzərindən xətt çəksə belə, ən azı daha keyfiyyətli qapıçı tapana qədər ona etibar etməyə məcburdur”, - jurnalist yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız