Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu bu gündən başlayır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sözlərinə görə, indiyə qədər 118 seçki dairəsindən 77 dairə üzrə 337 bələdiyyəyə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 1531 nəfərə çatıb.
Yenisabah.az bəzi partiyalardan irəli sürülən namizədlərin sayı və onların hansı ərazilər üzrə seçkidə iştirak edəcəklərini araşdırıb.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli qeyd edib ki, Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir: Marqarita pizza
“Partiyamız yarandığı vaxtdan bu günədək bütün seçkilərdə fəal iştirak edərək mühüm qələbələr qazanıb. Təbii ki, YAP 2025-ci il yanvarın 29-da ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşıb. YAP İdarə Heyətinin dekabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiq olunub. Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər vaxtında və mütəşəkkil qaydada həyata keçirilir".
N.Qələndərli bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı partiyanın İdarə Heyətinin iclasında müvafiq qərar qəbul ediləcəyini və bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.
ReAL partiyasının sədri Natiq Cəfərli seçkilərdə iştirakla bağlı tam dəqiq sayın bu həftənin sonunadək ictimaiyyətə açıqlanacağını deyib:
“Bununla bağlı müzakirələr bu həftə yekunlaşacaq. Artıq biz bütün yerli təşkilatlara xəbər göndərdik və onlarla görüşlər keçirildi. Namizədlərin müəyyənləşdirilməsi prosesi bitir. Naxçıvan xaric, ölkənin demək olar ki, bütün ərazisindəki bələdiyyələrdən namizədlərimiz olacaq. Amma dəqiq say və regionlar üzrə məlumatlar bu həftənin sonunadək dəqiqləşəcək və ictimaiyyətə də bununla bağlı geniş məlumat veriləcək”.
Elşad Musayev rəhbərlik etdiyi Böyük Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə konkret neçə namizədlə qatılacağının hələ dəqiqləşdirilmədiyini qeyd edib:
“Böyük Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərində iştirakı dəqiqdir. Ancaq nə qədər namizədlə qatılacağımızla bağlı nə isə deyə bilmərəm. Bu barədə partiyanın təşkilati şöbəsi işləyir. Yekun rəqəm barədə hələlik nəsə demək tezdir”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı açıqlamasında bildirib ki, təqribən 14 rayon üzrə müvafiq namizədlər seçkilərdə iştirak edəcək:
“Təxminən 14 yerli rayon təşkilatından bələdiyyə seçkilərində iştirak etməklə bağlı fikirlər söylənilib və biz də onlara sərbəstlik vermişik. Onlar partiya mənsubiyyətini göstərmək şərti ilə sərbəst şəkildə namizədliklə bağlı ərizələrini təqdim edə bilərlər”.
Nazim Hacıyev
Telegram kanalımız