Son illər qadın azadlığı mövzusunda inkişaf hiss olunsa da, bütün dünyada, eləcə də Azərbaycanda patriarxal düşüncənin qalıqları qalmaqda və qadınların həyatını çətinləşdirməkdə davam edir.
Bəs ölkəmizdəki əsas gender problemləri nələrdir?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan gender məsələləri üzrə ekspert Sevda Məmmədova gender bərabərliyi məsələsində Azərbaycanın o qədər də geridə qalmadığını deyir: Sezar pizza
“Kişi və qadınların eyni iş gördükləri halda maaşları da eyni olur. Amma başqa məsələlər var. Məsələn, vəzifələrdə qadınlar daha azdır. Təhsil, səhiyyə sahəsində qadınlarımızın sayı çox olsa da, direktor, baş həkimlik kimi işlərdə kişilər daha çox təmsil olunur. Azərbaycanda nazirlərin sayına baxdıqda da bunu müşahidə etmək olar. Ancaq biz öyünə bilərik ki, vitse-prezidentimiz qadındır və bu ölkədə qadın hərəkatına təkan verir. Məsələn, bu yaxınlarda Heydər Əliyev Fondu Azərbaycanda qadın sahibkarların inkişafı üçün layihələr elan edib və bir çox irəliləyiş qeydə alınıb”.
- Qadınlar özləri inkişafa, iş qurmağa meyillidirmi?
“Kənd yerlərində bir neçə sahibkar qadınımız var. Amma böyük biznes məsələlərində tanınmış qadınlar yoxdur. Bələdiyyədə qadınlarımızın sayı keçən il işçilərin 37 faizini təşkil edib. Bu da əlbəttə ki, dövlət dəstəyinə görə belə çox olub. Bəzən vəzifə üçün qadınları tapa bilmirlər. Məsələn, rayon və kəndlərdə bələdiyyəyə üzv olmaq, seçilmək istəyən qadın tapmaq çətindir. Qandınlarımızın əksəriyyəti hazırlıqsızdır. Qadınlar üçün imkan yaradılarsa, işləmək istəyən qadınlarımız da var. Bu il bələdiyyə seçkiləri keçiriləcək. Mən çox istərdim ki, bu sahədə qadınlarımızın sayı çox olsun”.
- Qadınların bu sahələrdə bərabərlik əldə etmək üçün nəyə ehtiyac var?
Qərar qəbul etmədə səsin hesablanması məsələsi var və buna kritik kütlə deyirlər. Azərbaycanda bütün sahələrdə qadınlarımızın sayı 33 faiz olarsa, o zaman onların səsi eşidiləcək. Amma hazırda bu rəqəm yoxdur. Lakin bu o demək deyil vəziyyət dəhşətdir. Məsələn, bütün dünya ölkələrinə baxsaq, Azərbaycan İtaliya səviyyəsindədir. Yəni problem bir çox ölkədə var. Amma nümunə göstəriləcək ölkələr var ki, onlar da Skandinaviya ölkələridir.
- Dövlətin gender mövzusunda verdiyi dəstək qənaətbəxşdir?
“Əlbəttə, dövlət dəstəyi həmişə olmalıdır. Əgər o olmasa, bilirsiniz ki, heç bir məsələ öz-özünə həyata keçirilə bilməz. Amma təbii ki, aşağıdan da bir dəstək olmalıdır. Məsələn, dövlət hansısa qərar verib təlim, seminar həyata keçirir. Amma qadınların çoxunun xəbəri yoxdu. Qadınların bir çoxu bəzi məsələlərdən xəbərdar deyil. Çünki onların çoxunun internetə çıxışı yoxdur. Məsələn, bu yaxınlarda İsmayıllıya getmişdik. Orada “Arzu” Qadın İnkişaf Qrupu” yaradılıb. Keçən il yaradılan qrup 20 qadından ibarətdir. Dünya bankının layihəsi çərçivəsində yaradılan qrup bir il ərzində bir çox işlər görüb. Bu gün bizneslərini də artırıblar. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də onlara müəyyən təkliflər olur. Amma baxırsan ki, qadınların dünyaya, internetə çıxışı yoxdur. Məhsul var, amma onun bazara çıxarılması üçün reklamçıları yox, xarici dil bilən köməkçiləri yox, şəraitləri yox. Qadınlarımız bir az daha çox maarifləndirilməlidir”
- Ailə institutu qadınların inkişafına mane olur?
Bütün dünyada bu situasiya var. Qadın olanda bir az çətin olur. Evlisənsə, ailə qayğıların var. Övladın varsa, onun qayğısını çəkməlisən . Əksər vaxtlarda çətinlik qadınların üzərinə düşür. Baxmayaraq ki, Azərbaycanda qanun var ki, kişi də uşağa qadınla birlikdə baxa bilər, yəni ki, bülleten götürə bilər. Hətta dünyada qadın uşaq dünyaya gətirdikdən sonra kişi də 9 ay atalıq məzuniyyətinə çıxıb övladına baxa bilər. Amma bunu bizimkilərə desək, gülərlər. Bəzi xarici ölkələrdə bu üsul istifadə olunur. Amma bizdə? Nə danışırsınız? Bunlar kişidir, deyə bilməzsən ki, bu dəfə sən bülleten al. Bəzən ola bilər ki, qadının işi, maaşı kişininkindən yaxşı olsun. Amma bu tip qayğılara görə o karyerasında axsayır. Övladına görə işindən1-2 ili itirdinsə, qayıdanda da çətinılik çəkirsən və nəticədə karyerada yüksəliş imkanın qəlizləşir. Bir çox ölkələrdə də bu problem aktualdır. Ümumiyyətlə, qadının cəmiyyətdəki yeri ürəyimizcə deyil. Çox vaxt qızlar oğlanlardan daha yaxşı oxuyur, amma 1, 2, 3-cü kurslarda əksər qızlarımız ailə qurur. Daha sonra da təhsilini akademik səviyyədə davam etdirmir, heç işləmir də. Erkən nikah problemi də hələ aradan qalxmayıb. Baxmayaraq ki, bizim dövlət proqramımız var və son illər durum bir az yüngülləşib. Amma Azərbaycanı ümumilikdə götürsək, elə bir yer yoxdur ki, orada erkən nikah problemi olmasın. Məsələn, Nardaranda qapalılıq məsələsinə görə 9 yaşlı qızlar məktəbə getmir.
- Bütün bunların baş verməsində qanunlardakı boşluqların rolu var?
Azərbaycanda de-fakto bütün qanunlar biz tərəfədir. Bizim üçün bütün səlahiyyətlər, imkanlar yaradılıb. Amma faktiki olaraq o imkanlardan az istifadə edirik.
- Selektiv abortlar da tez-tez gündəmə gəlir, ancaq hələ də bir həll yolu tapılmayıb.
Bəli, problemlərdən biri də selektiv abortlardır. Biz qadınlarımızın 51 faiz olması ilə keçmişdə övünürdüksə, bu gün övünə bilmirik. 10 il sonra necə olacaq? Qızlarla oğlanların say nisbəti kəskin surətdə dəyişib. Selektiv abortların qarşısı alınmasa, Hindistanın vəziyyətinə düşəcəyik. Bilirsiniz ki, orada bəzi qəbilələrdə 1 ailədə 5 qardaş varsa, bir qız alırlar. Hamının evlənmək problemi var”.
Elnarə İlham
Telegram kanalımız