“Serbiyanın Ermənistana silah göndərməsi Azərbaycan diplomatiyasının uğursuzluğu kimi qiymətləndirilməməlidir”.
Bu sözləri Yenisabah.az-a Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib.
Serbiyanın Ermənistana silah satması faktı bu günlərdə üzə çıxıb. Eyni zamanda bəlli olub ki, Serbiyanın satdığı silahlar Gürcüstan üzərindən Ermənistana göndərilib. pizza
İlham İsmayılın sözlərinə görə, Serbiyanın sosial-iqtisadi vəziyyəti ağırdır. Ölkə vəziyyətdən çıxmaq üçün vaxtilə aldığı və istehsal etdiyi silahları satır. “Serbiya Avropanın ortasında sanki kiçik bir Rusiyadır. Bu ölkə vaxtilə SSRİ-dən çox sayda silahlar alıb. Nikita Xruşşovun zamanında SSRİ ilə bu ölkənin münasibətləri korlanıb və Serbiya, yəni, o vaxtkı Yuqoslaviya Çindən silah almağa başlayıb. Eyni zamanda Çinin dəstəyilə silah istehsal edən zavodlar tikib. Yuqoslaviya parçalanandan sonra onun varisi olan Serbiya iqtisadi cəhətdən çətinliklər yaşamağa başlayıb. Vəziyyətdən çıxmaq üçün isə silah satışına başlayıb. Serbiya hazırda kimə gəldi silah satır.
Məlumat üçün deyim ki, İŞİD terror təşkilatının ən çox silah aldığı ölkə də Serbiyadır. Bu barədə beynəlxalq mediada da dəfələrlə yazılıb. Ona görə də bu məsələni Azərbaycan diplomatiyasının uğursuzluğu kimi dəyərləndirmək yanlış olardı”, - deyə İlham İsmayıl bildirib.
Ekspertin fikrincə, Azərbaycan bu məsələdə diqqətli olmalı, emossiyalara qapılmamalıdır. “İŞİD-ə silah satan bir ölkənin Ermənistana minatanlar satmasını bir qədər sakit qarşılamaq lazımdır. Əvvəla, bu silahla köhnədir. İkincisi, Serbiyanın bu məsələdə yalnız bir marağı var: pul. Bu ölkə Azərbaycanla strateji tərəfdaşdır, Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir, eyni zamanda TANAP layihəsinə qoşulmaq qərarı verib. Hesab edirəm ki, bu məsələnin gündəmə gətirilməsi təsadüfi deyil. Ermənistan sadəcə Azərbaycanla Serbiyanı üz-üzə qoymağa çalışır. Oxşar variant Gürcüstanla bağlı da tətbiq edilir. Gürcüstanın burada nə rolu var ki? İki ölkə arasındaki müqaviləyə görə Serbiya öz yükünü Qara Dəniz vasitəsilə keçirib. Təsadüfi deyil ki, Gürcüstan bu məsələ ilə bağlı təkzib bəyanatı verdi. Yəni, burada Serbiya və Gürcüstanın Azərbaycana məqsədli şəkildə zəbə vurmasından söhbət getmir. Ona görə də bu məsələdə bir qədər diqqətli olmaq lazımdır.
Bir məqamı qeyd edim. Ermənistanla müttəfiq olan Rusiya bu ölkəyə də silah satır, Azərbaycana da. Bunun iqtisadi səbəbləri ilə yanaşı siyasi səbəbləri də var. Yəni, Rusiya həm pul qazanır, həm də Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Serbiyanın isə belə bir məqsədi yoxdur. Bayaq dediyim kimi məqsəd yalnız puldur. Ona görə də bu məsələyə mümkün qədər diqqətli və təmkinli yanaşmaq lazımdır. Onsuz da itirə-itirə gedirik”, - deyə İlham İsmayıl əlavə edib.
Telegram kanalımız