Bir sıra nazirlik və Baş Prokurorluğun iştirakı ilə yaradılan xüsusi komissiya 42 cərraha plastik cərrahiyyə əməliyyatları icazəsi verib. Qalanları çıx-daş olunub, amma kənarda qalanlar iznsiz əməliyyatlar keçirərsə, onları hansı cəza gözləyir?
“Vergi Məcəlləsinin 50.1.6-cı maddəsinə əsasən, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslər məsuliyyətə cəlb edilir”.
Bunu "Yeni Sabah"a vəkil Asim Abbasov deyib. Dominos pizza
O qeyd edib ki, lisenziya tələb olunan fəaliyyət növləri və icazələr bir sıra meyarlar nəzərə alınmaqla müəyyən edilir:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci bəndinə əsasən, lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Lisenziya yalnız qanunvericiliklə müəyyənləşdirilmiş sahələrdə fəaliyyət göstərən şəxslərə verilir. Yəni sahibkarlıq fəaliyyətini həyata keçirən hər bir şəxsin lisenziya almaq kimi bir öhdəliyi yoxdur. Qanunvericiliyə görə lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:
-fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;
-fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur.
-fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər;
-fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;
Lisenziya tələb edən fəaliyyət növlərinə özəl tibb fəaliyyətini, əczaçılıq fəaliyyətini, təhsil fəaliyyətini və s. misal göstərmək olar.
Qeyd edim ki, bu sahələrin lisenziyalaşdırılması dövlət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin, insanların həyat və sağlamlığının qorunması məqsədi daşıyır.
Asim Abbasov vurğulayıb ki, liseniyasız, yaxud lisenziya şərtlərini pozan şəxslər həm inzibati xəta, həm də cinayət məsuliyyəti daşıyır:

"Ölkəmizdə tibbi fəaliyyət lisenziyalaşdırılmış bir fəaliyyət növüdür. Lisenziya olmadan fəaliyyət göstərənlər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda əhalinin sağlamlığının qorunması ilə bağlı bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Eyni zamanda lisenziya tələb olunduğu halda lisenziya almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həm inzibati xəta, həm də cinayət məsuliyyəti vardır. Bunun inzibati xəta, yoxsa cinayət tərkibi yaratması vurulmuş zərərin və ya əldə edilmiş gəlirin həcmindən asılı olaraq müəyyənləşdirilir".
“Xeyli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 200.000 manatdan artıq olmayan, “külli miqdar” dedikdə 200.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan mәblәğ başa düşülür.
Nazim Hacıyev
Telegram kanalımız