Söz bazarı

saytların hazırlanması

Evə çatdırılma

Söz bazarı

Maraqlı

22 İyul 2022 10:32 1812


Dünən sevimli yazıçımız Seyran Səxavətlə qısa bir telefon söhbətimiz oldu. Bizim sayta verdiyi açıqlamanı müzakirə etdik. Yazaçımız necə danışmışdısa, əməkdaşımız onun sözlərini olduğu kimi yazıya köçürmüşdü. Seyran müəllim də bizdən narazı qalmışdı ki, siz cümlə qura bilmirsiniz. Yəni söz ustası bizdən cümlə ustalığı gözləyirmiş, biz də onun gözləntilərinə cavab verə bilməmişik. 

Axı biz söz ustası deyilik. Biz də sözlə sizin qədər yaxın ola bilsəydik, söz bizi özünə hədsiz dərəcədə məhrəm hesab etsəydi, onunla dost ola bilsəydik, niyə jurnalist olurduq ki?! Elə yazıçı olardıq də. Ürəyimizdə o qədər sözlər var ki!... Yaşadıqlarımızdan romanlar yazmaq olar. Amma yaza bilmirik. Çünki Tanrı bizə roman yazmaq qabiliyyəti verməyib. Biz xəbər yazmağa o qədər aludə olmuşuq ki, ayrıca dil yaranıb bizim üçün: Xəbər dili…

Ömrümüz qaçaqaçda keçib. Seyran Səxavətin nəql etdiyi “Qaçhaqaç” romanındakı kimi. Xəbər dalınca qaçmışıq. Hadisə dalınca qaşmışıq. İP dalınca qaçmışıq. Saniyə dalınca qaçmışıq. Eksklüziv dalınca qaçmışıq. Və bu qaçaqaçda söz dalınca qaçmağa vaxtımız olmayıb. pizza

Bizim ağzımızdan yorulmuş atlar kimi köpük gəlir. Sözün müqəddəsliyini unutmuşuq. Söz sonuncu yerdədir. Və sizdən başqa bu gün söz heç kimi maraqlandırmır, hörmətli Seyran müəllim! Söz indi “Daş evlər”də deyil, dəmir qapılar arxasındadır. Söz bizim heç vecimizə də deyil. Ağzına “skoç” vurub, ayaqlarını bağlamışıq. Məncə bunu sizdən yaxşı hiss edən olmaz axı…

İndi söz bazarlığı vaxtı deyil. İndi yarış vaxtıdır. Və bu yarışda sizin dediyiniz prinsip sadəcə tamaşaçıdır. O, münsiflər heyətindən çoxdan uzaqlaşıb. Reallıq ədəbiyyatla heç uyğun gəlmir.

Bu gün Zərdabinin atdığı ilk addımın 147-ci ilindəyik. Bilirsiniz, bizim nəsl Zərdabiyə dərs keçər, onu imtahandan kəsər, lap yeri gəlsə, onu reket də elan edər. Siz nədən danışırsınız?!. 

Amma o kişi bizim üçün elə bir yol açıb ki… O yolda işıq görməsək belə, qaranlığa doğru getmək ehtiyacını hiss edirik. Məncə, heç Zərdabi özü də bizi tanıyan biri olaraq bu yolda işıq görməmişdi. Amma addımlamışdı. Ona görə ki, qəlbinin səsi bunu tələb edirdi. Bu gün bizim qəlbimizin səsini təəssüf ki, özümüzdən başqa heç kim duya bilmir. Hər kəs bizim qulaqbatırıcı bir səssizlikdə olduğumuzu düşünür. Ümumiyyətlə, bizim düşünmək hissindən mərhum olduğumuz aurası yaranıb. Əslində, bu belə deyil. Elə bu üzdəndir ki, jurnalist peşəsi ilə məşğul olanların ölüm yaşı kəskin aşağı düşüb.

Yadımıza salaq, durduğu yerdə ürəyi partlayan həmkarlarımızı… Küçədə getdiyi yerdə infarkt olan dostlarımızı. Əməliyyatdan sağ çıxmayan jurnaistləri. Onları xatırlayaq. Bəs bizi nə gözləyir!? 

Jurnalist peşəsi elədir ki…

O, müxalif olmağı tələb edir: Cəmiyyətə müxalif, ədalətsizliyə müxalif, ailəyə müxalif, geridəqalmışlığa müxalif, danabaşlığa müxalif, qanmazlığa müxalif, yersiz ənənələrə müxalif… Və ən başlıcası özünə müxalif. Buna hər bir jurnalist nail ola bilirmi? Problem də bundadır. Bu prinsipi dərk edən, lakin həyat kredosu kimi realda tətbiq edə bilməyənlər içimizdə çoxdur axı. Onlar içdən intihar edirlər. Və bir gün də dayandıqları yerdə ürəkləri sözə baxmır.

Bu yazdıqlarım pessimizim deyil. Bu, bizim peşənin alın yazısıdır. Qəhrəman döyüşçü səngərdə həlak olduğu kimi bütün ruhu ilə jurnalist olan adam da məhz infarkt olmalıdır. Fərqi yoxdur o Avropada yaşayır, Amerikada, yoxsa hansısa üçüncü dünya ölkəsində. Taleyimiz Zərdabinin taleyindən niyə fərqlənsin ki?!!!

Salam olsun söz ustalarına!

Salam olsun xəbər ustadlarına!

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!