Suriyada yenidən kəskinləşən münaqişə ilə şərqünas-yazar Kənan Rövşənoğlu "Yeni Sabah"a müsahibə verib.
- Bir çoxlarını düşündürən budur: Suriyadakı son gərginlik niyə məhz indi baş verdi? Axı Qəzza HƏMAS-İsrail müharibəsi bitməyib, Livanda atəşkəs hələ də kövrəkdir. Xüsusi vaxt seçi amili varmı?
- İndi silahlı müxaliflər üçün əlverişli vəziyyət yaranıb. Çünki İran və “Hizbullah”ın başı Livanda qarışıb. Rusiya isə Ukraynada ilişib qalıb. Bütün bu qüvvələrin diqqəti demək olar ki, Suriyadan yayınıb və oradakı təsiri zəifləyib. pizza mizza
Qeyd etdiyiniz kimi, Qəzzada müharibə davam edir, Livanda isə atəşkəs elan olunsa da, tam sülh yoxdur. Ona görə də Suriyanın silahlı müxalifəti üçün bu, ən uyğun fürsət idi.
- Hazırda qarşıdurmanın dayandırılması üçün aktiv diplomatik səylər göstərilir. İranın xarici işlər naziri Abbas Əraqçi Suriya və Türkiyəyə səfərlər edib, Lavrov-Fidan, Pezeşkian-Putin telefon söhbətləri olub. Növbəti həftə, bəzi məlumatlara görə isə bu Cümə günü Rusiya, Türkiyə, İran və Qətərin birgə müzakirələrə başlanması gözlənilir. Sizcə, son danışıqlar Suriyanı əvvəlki dondurulmuş münaqişə" vəziyyətinə qaytaracaq, yoxsa yeni reallıq, yeni deeskalasiya zonaları yaranacaq?
- 4 ölkə arasıdakı görüş gələn həftə olacaq və indi müharibə davam edir. Zənn etmirəm ki, elə dərhal hansısa atəşkəs olsun. Hazırda əsas döyüşlər cənuba doğru davam edir. Türkiyə, Rusiya, İran və Qətər arasında görüş ciddi heç nəyi dəyişməyəcək. Ən yaxşı halda əvvəlki kimi atəşkəs olacaq, amma münaqişəni həll etməyəcək.
- Türkiyənin xarici işlər naziri Hakan Fidan İdlibdəki qiyamçıların hücumunda Ankaranın iştirakına dair iddiaları inkar edib. Üstəlik, rəsmi Dəməşqi müxalifətin təkliflərinə səssiz qalmasını "xəta" adlandırıb. Daha öncələr də Suriya müxalifəti danışıqlar prosesinə əlb edilmişdi, lakin bu təcrübə nəticəsiz qaldı. Müxalifətin yenidən danışıqlara cəlb edilmə ehtimalı varmı?
- Astana və Soçi prosesində İdlib ətrafında “təhlükəsiz zona” yaradılmasına nail olundu. Şimalda Türkiyə, cənubda isə İran və Rusiya atəşkəsə nəzarət edirdi. Bu proses hazırda çöküb. Hazırda müxalifət yeni ərazilər ələ keçirdiyi üçün istəyir ki, danışıqlarda tərəf kimi iştirak etsin. Aydın məsələdir ki, Suriya, Rusiya və İran bunu qəbul etmir. Ona görə də sonuncu Astana danışıqları da uğursuz və nəticəsiz oldu.
Hazırkı hərbi əməliyyatların 2 nəticəsi ola bilər. Birincisi, müxaliflər daha çox ərazi ələ keçirərək və Suriya hakimiyyətini təhdid edəcək; ikincisi, əksinə, məğlub olub nəzarətində olan əraziləri itirəcəklər. Bu isə hərbi əməliyyatların gedişindən asılı olacaq.
- Əvvəlki illərdə Suriyada radikal qrupların tərkibində döyüşən xeyli Azərbaycan əsilli döyüşçülər peydə olurdu. Onların hələ də orada olma ehtimalı varmı?
- İndi də İdlibdəki hərbi müxaliflərin arasında xeyli gəlmə var. İŞİD və digər psevdo-islamçı qrupların tərkibində yetərincə əcnəbi mövcuddur. Hazırda İdlibdə uyğurların “Türküstan İslam Partiyası” adlı silahlı qrupu daha çox tanınır. Onların təxminən 15 min silahlı üzvü olduğu deyilir. Digər tərəfdən, əsasən orta asiyalılardan ibarət olan “Səmərqənd” briqadası var.
Daha əvvəl İŞİD və “Əl-Nusra” kimi silahlı qruplaşmaların tərkibində azərbaycanlılar da var idi. Onların bir çoxu münaqişə dayandıqdan sonra geri gəldi, bir qismi isə öldürüldü. Əsir düşənlər də az deyil. Yəqin ki, müxalif qrupların içərisində hələ də azərbaycanlılar var, amma 10 il əvvəlki qədər deyil.
Nazim Hacıyev
Telegram kanalımız