Bayılda, “Teleqüllə” ətrafında yerləşən sürüşmə zonasında abadlıq işləri aparılır. Bu barədə “Yeni Müsavat”a ərazinin vaxtilə sakini olmuş şəxslər məlumat veriblər. Məlumata görə, artıq söküntü aparılan yerlərdə texnikalar işləyir, abadlıq işləri aparılır.
Məsələ ilə bağlı keçmiş sakin Elməddin Muradlı bildirib ki, hazırda sürüşmə zonasında 12 ev qalıb: “Sökülməsi planlaşdırılan 92 evdən 80-i sökülüb. Yerdə qalan 12 evin sahibləri ərazini tərk etmək istəmirlər. Ötən həftə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov ərazidə olub, sakinlərlə görüşüb. O bildirib ki, kim evini tərk etmək istəmirsə, məcbur etmir. Deyib ki, burada qalmaq istəyən evində yaşamağa davam edə bilər. Ötən günlərdə isə ərazidəki kommunal xətləri kəsiblər. Hazırda həmin evlərə kommunal xidmətlər göstərilmir. Biz də keçən qışı orada kommunal xidmətlər olmadan yaşadıq. Yəqin ki, indi də sakinlər əziyyətlə, odun, şam yandırmaqla öz evlərində qalacaqlar. Yerdə qalan evlər isə tamamilə sökülüb. Onların sahibləri verilən kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda ərazidə texnikalar işləyir və bildirilir ki, evlərin yerində park salınacaq”.
Ötən günlərdə “Yeni Müsavat”ın əməkdaşı kimi ərazidə olduğumuz zaman müşahidə etmişdik ki, sökülən evlərin kommunal xətləri kəsildiyi üçün yol boyu kanalizasiya, içməli sular axır. Bundan əlavə, telefon xətləri də yerlə bir idi. Bildirilir ki, hazırda həmin vəziyyətin aradan qaldırılması üçün işlər görülür və ərazinin tamamilə abadlaşdırılması istiqamətində addımlar atılır. pizza
Yada salaq ki, bu ilin mayında yayılan rəsmi məlumata görə, Azərbaycan Nazirlər Kabineti Bakının Səbayel rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, 92 ailədən 27-si məcburi köçkün ailəsidir:
“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək. Vəsait ailələrin bank hesablarına köçürüləcək. Evlərin sökülməsi, abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, nəzərə alınsın. Gələcəkdə ərazidə tikinti işlərinin aparılmasına ciddi nəzarət olunacaq, bu cür hallara yol verilməyəcək”, - məlumatda bildirilib.
Onu da qeyd edək ki, rəsmi məlumata görə, Səbayel Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi Səbayel rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması üçün “Şa-İnşaat” MTK-ya 250 min manat ödəyəcək.
Yaxın aylarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bayılda sürüşmə zonasında hər hansı aktivliyin baş verməsi ilə bağlı heç bir məlumat yayılmayıb. Köçürülən sakinlər də iddia edirlər ki, ərazini tərk etsələr də, evləri sökülənə qədər hansısa yeni çat, sürüşməyə aid əlamət görməyiblər...
Ümumilikdə görünən budur ki, Bayılın sürüşmə zonası bu ilin qışına barmaqla sayılacaq qədər evlərlə girəcək.
Telegram kanalımız