“Şuşaya əliyalın qalxan xalq kitab sahəsində də nə istəsə, eləyə bilər”

saytların hazırlanması

Evə çatdırılma

“Şuşaya əliyalın qalxan xalq kitab sahəsində də nə istəsə, eləyə bilər”

Mədəniyyət

15 Noyabr 2023 14:59 4019


Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi 5 gün anşlaqla davam edib.

Hər il Azərbaycanda kitab sərgi-yarmarkaları keçirilir. Sərgi-yarmarkalarda nəşriyyatlar buraxdıqları nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı əldə edirlər. Yarmarka bir növ tribunaya çevrilir. Ədəbi aləmin nümayəndələri, naşirlər yarmarkaya həvəslə qatılırlar. 

Bəs kitab yarmarkasının ədəbi aləmdə, cəmiyyətdə yaratdığı dəyişikliklər nədir? Pepperoni pizza

Yenisabah.az-a danışan yazıçı Şərif Ağayar kitab sərgisinin cəmiyyətdə rolu barədə fikirlərini bölüşüb:

“Dünyadakı bütün xalqlar, millətlər mənim ölçümə görə, öz kitab sərgisi qədərdir. Kitab sərgisi bir xalqın, ölkənin, toplumun səviyyəsinin göstəricisidir. 

Bu mənada biz kitaba çox diqqətli olmalıyıq. Bu cür beynəlxalq sərgilərə diqqət yetirməliyik. 

Nazirliyin bu təşəbbüsü təqdirəlayiqdir. Əslində kitab sərgisi Azərbaycanda çoxdan – 2008-ci ildən bəri keçirilir, ancaq bu dəfə "Baku Ekspo Mərkəzi"ndə keçirilən sərgi daha geniş miqyas alıb. 

Arzum budur ki, sərgi daha da böyüsün, müstəqil nəşriyyatlar daha çox sərgiyə cəlb olunsun. Hazırki sərgi obyektiv səbəblərdən bir az rəsmi xarakter daşıyır, ölkələr, mədəniyyət nazirlikləri, səfirliklər daha çox təmsil olunur, əslində isə daha çox müstəqil nəşriyyatlar cəlb olunmalıdır, onlar bura gəlməkdə maraqlı olmalıdır. Onlar burada oxucu potensialı, perspektiv görməlidirlər ki, cəlb olunsunlar. Mən bir gün bu səviyyəyə gəlib çatmağı arzulayıram”.

Yazıçı Azərbaycan nəşriyyatlarının dünyanın müxtəlif ölkələrində təmsil olunmasının əhəmiyyətindən də danışıb:

“Dünyanın məşhur kitab sərgilərində Azərbaycan nəşriyyatları olaraq təmsil olunmaq elə də çətin deyil. Nazirlik yaxud səfirlik gedib orada bir stend yaradır və təmsil olunursan. 

Azərbaycan nəşriyyatları olaraq təmsil olunmaq çox vacib bir məsələdir. Xüsusən, Qarabağdakı qələbədən sonra bu bizə hava və su kimi lazımdır, çünki biz indi dünyaya sübut etməliyik ki, azərbaycanlılar tək hərbi gücü, iqtisadi qüdrətilə torpaqlarını azad edən xalq deyil, həm də kitabı, mədəniyyəti ilə güclü və qüdrətlidir.

Dünyada bütün tərəqqilər mütləq mədəniyyətlə şərtlənməlidir. Çörçilin məşhur bir ifadəsi var, o vaxt İkinci Dünya Müharibəsi başlayanda o Maliyyə Nazirliyinə deyir ki, siz mədəniyyətin xərclərini niyə azaltmısınız? Onlarsa cavab verir ki, müharibə başlayır, biz müharibəyə qoşuluruq, silah alacağıq, ona görə xərcləri azaltmışıq. 

Çörçil cavabında deyir ki, əgər mədəniyyət yoxdursa, İngiltərə nəyin uğrunda vuruşur? Bu dahiyanə bir ifadədir, biz də bunu mütləq nəzərə almalıyıq. 

Mən sevinirəm ki, bunu nəzərə alan insanlar var, bu cür tədbirləri təşkil edirlər. Hər şeyin daha yaxşı olmasını, panellərin daha canlı olmasını istəyərik, amma narazılıq etmək, pessimist olmaq da əsassızdır, xüsusən də noyabrın 11-12-si insanların reaksiyası göstərdi ki, Azərbaycanda o potensial var. 

Biz savadsız olmayan ölkə sayılırıq. Hətta qardaş Türkiyə ilə faiz nisbəti ilə müqayisə etdikdə görürük ki, Azərbaycan oxumuş ölkədir. Bizdə savadsızlıq demək olar ki, yoxdur. 

Yəni bizim potensialımız var, nə istəsək, edə bilərik. Şuşaya əliyalın qalxan ölkə vətəndaşları kitab və mədəniyyət sahəsində də nə istəsə, eləyə bilər. 

Sərgiyə “Booker” mükafatı alan yazıçılar gəlmişdi (Beynəlxalq Buker Mükafatı, rəsmi adı Man Booker İnternational Prize — mötəbər ədəbi mükafatlardan biri) onlar bizim yazarlardan heç də üstün deyildilər. Sadəcə onlarda mühit və istək var ki, həmin yazarlar bu səviyyəyə gəlib çatıblar. 

Bizdə də bu istək olmalıdır, çalışmalıyıq. Necə ki torpaqlarımızı almaq istədik və aldıq, eləcə də “Nobel”, “Buker” kimi mükafatları ala, beynəlxalq sərgilərdə iştirak edə bilərik. Yetər ki, istək olsun”.

Şərif Ağayarın sözlərinə görə, sərgiyə gələn oxucular arasında gənc xanımlar üstünlük təşkil edib, bu isə sevindirici haldır:

“Tək bu sərgidə yox, ümumilikdə müşahidələrimiz və apardığımız statistikaların nəticəsi budur ki, oxucular daha çox gənclər, xüsusən də xanımlardır. 

Sərgidə bütün yaş kateqoriyalarından insanlar vardı, amma gənclər üstünlük təşkil edirdi. Kitaba xanımların daha çox maraqlı olması isə sevindirici faktdır”.  

Əsmətxanım Rzazadə

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!