Bərdədə telefonu ilə qadınlara zəng edən şəxsi bıçaqlayan kişinin məhkəməsi başa çatıb.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Mövsümov (soyadlar şərtidir) bir il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Dominos pizza
Məlum olub ki, hadisə 2021-ci ilin 19 dekabrında baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Edəniz Mövsümov (soyadlar şərtidir) Bərdə şəhəri H. Əliyev prospektində yerləşən avtomobil yuma sexinin arxasında qohumu olan Sənan Ağayev ilə təsadüfən qarşılaşıb.
Sənan ondan hadisədən əvvəlki günlərdə nəyə görə onun mobil telefonundan özünün icazəsi olmadan başqa şəxslərə zəng etdiyini və bu zəngə görə sonradan həmin şəxslərin onun telefonuna zəng edib narahatçılıq yaratdıqlarını, ailədə həyat yoldaşı ilə aralarında narazılıq doğuran halların baş verməsini deyib və bir daha onun mobil telefonu ilə kimlərəsə zəng etməməsini bildirib.
Eldəniz də ona tutulan irada görə əsəbiləşərək, “yaxşı edib zəng edirəm” deyib. O sırada Sənan ona qarşı nalayiq ifadələr işlədərək üzərinə yeriyib. Mübahisə nəticəsində Sənan üstündə gəzdirdiyi cib bıçağını çıxarıb, Eldənizi vurmaq istəyərkən, Eldəniz bıçağı ondan alıb və nəticədə bıçaq onun ovuc içini və barmaqlarını yaralayıb. O, həmin bıçaqla Sənanın döş qəfəsindən və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən E. Mövsümov özünü qismən təqsirli bilərək Sənanı bıçaqla vuran kimi onun qolundan qan gəldiyini görüb köməklik edərək xəstəxanaya aparmaq istədiyini deyib:
“Sənan isə yaxın gəlməməyimi və özünün gedəcəyini dedi. Qorxub kənarda durub baxdım ki, gedə biləcəkmi. Birdən gedə bilməz yolda yıxılar. Bir də gördüm ki, qardaşı Müşfiq onu binanın qarşısında görüb, əl etdi. Taksi maşınını saxladıb maşına mindirib xəstəxanaya apardı”.
Məhkəmədə dindirilən Zərərçəkmiş şəxs - Sənan Ağayev Eldənizlə barışdığını, onun sağalması ilə bağlı tibbi xərclərə kömək etdiyini, ondan şikayət və tələbi olmadığını bildirib.
Telegram kanalımız