ABŞ prezidenti Donald Tramp yeni vergi tarifləri barədə fərman imzalayıb. Birləşmiş Ştatların digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin dərəcələri 10-50 faiz arasında dəyişir.
Azərbaycan ABŞ-ın 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Azərbaycan ABŞ-yə 10% vergi tətbiq etdiyi üçün ABŞ da Azərbaycana 10% vergi tətbiq edir.
Bu tariflərin Azərbaycan mənşəli məhsullara təsiri necə olacaq? pizza hut
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, Trampın qərarı Azərbaycandan ABŞ-yə ixraca ciddi təsir etməyəcək:
“ABŞ-yə ixrac həcmi çox azdır. Yəni ciddi rəqəm deyil. Ümumiyyətlə, Azərbaycan neftən və qazdan başqa dünyaya ciddi nə ixrac edir ki?! Bir az Rusiyaya meyvə-tərəvəz, vəssəlam.
Əgər ABŞ-yə nəsə ixrac ediriksə, deməli, bu elə bir məhsuldur ki, doğrudan da onlara lazımdır. ABŞ-yə ixracdan əldə edilən gəlir Azərbaycan üçün böyük məbləğ deyil.
Yeni qayda o deməkdir ki, amerikalı istehlakçılar üçün bu məhsulların qiyməti 10% artacaq. Görün bu məhsullar nə dərəcədə əhəmiyyətlidir ki, ABŞ onu ölkəmizdən idxal edir. Belə çıxır ki, elə əvvəlki kimi də alacaqlar. Bunu Rusiya etsəydi, ciddi itki olardı. Yaxud neft və qazımızla bağlı edilsəydi, problem təşkil edərdi.
Gəlin etiraf edək, Azərbaycan iqtisadiyyatı primitivdir. Ya neft satırıq, ya da qaz. Allah eləməmiş, neft və qaza alternativ enerji mənbəyi istehsal olunsa, hamımız acından qırılarıq”.
Qeyd edək ki, ABŞ Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 753 milyon dollar olub. Bu göstəriciyə görə ABŞ ticarət tərəfdaşlarımız sırasında 4-cü yerdədir. Amerikanın bu mövqedə olması Azərbaycana idxalla bağlıdır. Ticarət dövriyyəsinin 94 faizini Amerikadan gətirilən mallar təşkil edir.
Azərbaycanın xarici ticarət dövrüyyəsində ABŞ-ın payı 3,68 faizdir. Ölkəyə gətirilən malların 7,68 faizi Amerikadan gətirilir. Azərbaycanın ixracında Amerikanın payı heç 1 faizə də çatmır. Ötən ilin sonunda bu göstərici 0,51 faiz olub. Azərbaycandan ABŞ-a əsas ixrac məhsulları təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları, radio və radar avadanlıqlarıdır. Bu ildən bu siyahıya yumurta da əlavə olunacaq. Azərbaycanın ABŞ-dan idxal etdiyi məhsullar isə qiymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələrdir.
Nazim Hacıyev
Telegram kanalımız