ABŞ Prezidenti Donald Trampın koronavirus infeksiyasının qlobal miqyas almasına görə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ittiham etməsi və bu quruma maliyyə ayırmağı dayandırması dünya gündəminin əsas müzakirə mövzusudur.
Tramp Ağ Evdə koronavirus pandemiyası ilə bağlı keçiridyi mətbuat konfransında bildirib ki, infeksiyanın dünyaya yayılmasında ÜST məsuliyyət daşıyır. ABŞ Prezidenti əlavə edib ki, ilk gündən ÜST pandemiya ilə bağlı hər kəsə səhv məlumat verib. O, həmçinin təşkilatı Çinin maraqlarına xidmət etməkdə suçlayıb.“Təşkilat sanki Çin üçün çalışır. Hər kəs orada nələr baş verdiyini bilir. ABŞ hər il 400-500 milyon dollar yardım edirdi, Çin isə sadəcə 40 milyon dollar verirdi. Ona görə ABŞ-ın verdiyi yardımın dayandırılması barədə göstəriş verdim. Artıq ən təməl vəzifəsini yerinə yetirməyən ÜST bu məsələdə əsas günahkardır”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Trampın ardınca ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib ki, ÜST koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdə vəzifəsini icra etməyib. Dominos pizza
“Bizə suallara cavab, bizə şəffaflıq lazımdır. Bizə lazımdır ki, ÜST öz işini görsün, öz funksiyalarını yerinə yetirsin – dünya qlobal səhiyyə miqyasında nə baş verdiyi barədə dəqiq, vaxtında, effektiv, etibarlı informasiya ilə təmin olunsun. Lakin onlar bunu etmədilər”, – deyə Dövlət katibi “Fox News” telekanalına müsahibəsində bildirib.
Tramp admnistrasiyasının ÜST-ü hədəf seçməsinin təşkilatın pandemiya barədə verdiyi və Ağ Evin “səhv” adlandırdığı məlumatlarla bağlı olduğu inandırıcı görünmür. ABŞ Prezidentini bu addımı atmağa məcbur edən onun hakimiyyətindən narazılığın artması ilə bağlı ola bilər.
Tramp Prezident seçiləndən tənqid hədəfindədir. Gah ehtiyatsız bəyanatları, gah da ABŞ-ın liberal kəsimini qıcıqlandıran addımları ona tənqidi münasibəti daha da tündləşdirib. Təsadüfi deyil ki, artıq prezidentlik müddətinin üçüncü ilində Tramp impiçmentə məruz qaldı. ABŞ Prezidenti iki maddə ilə ittiham olunurdu: Birincisi, prezident hakimiyyətindən sui-istifadə. Aşağı palatanın komitələrinin hesabatına əsasən, Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə 2020-ci ildə keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından olan başlıca rəqibi Co Baydenlə bağlı kompromatlar verməsi üçün təzyiq edib.
İkinci ittiham isə Konqresin impiçment üzrə araşdırmasına Trampın mane olması ilə bağlı idi. Demokratlar iddia edirdi ki, Prezident məsələ ilə bağlı ifadə verməkdən imtina edib və uyğun sənədləri təqdim etməyib. Konqres Trampın bu hərəkətini ABŞ-ın milli təhlükəsizliyinə zərbə kimi qiymətləndirirdi.
Respublikaçıların Senatda çoxluq təşkil etməsi Trampı bu dəfə xilas etdi. Amma siyasi analitiklər hesab edir ki, bu məsələ hər an növbəti dəfə gündəmə gətirilə bilər. Belə bir vəziyyətdə koronavirus pandemiyasının ABŞ-da tüğyan etməsi əlbəttə ki, Tramp admnistrasiyası üçün ciddi təhlükədir. Nəzərə alsaq ki, pandemiyanın ilk günlərində Tramp özü də koronavirusa ciddi yanaşmırdı, o zaman infekisyanın ABŞ-da daha geniş yayılmasına görə ABŞ Prezidentinin hədəfə gəlməsi ehtimalı çoxdur. Artıq ABŞ-da belə bir fikir yayğındır ki, hökumət virusla yetərincə mübarizə apara bilmir. Bu ərəfədə ABŞ-ın siyasi strateqlərindən sayılan, keçmiş dövlət müşaviri Henri Kissencerin post-pandemiya dövrü ilə bağlı fikirləri də Tramp admnistrasiyasında narahatlıq doğurmaya bilməz. “İndi bölünmüş ölkədə misli görünməmiş əngəlləri aradan qaldırmaq üçün effektiv və uzaqgörən hökumət lazımdır. İctimai etimadın qorunması sosial həmrəylik, bir-biri ilə ictimai münasibətlər, beynəlxalq sülh və sabitlik üçün həlledici rol oynayır” deyən Kissencerin Trampı hədəfə alması aydın görünür. Kissencer Trampdan fərqli olaraq liberal dəyərlərin müdafiəçisi kimi çıxış etməsi də xüsusi qeyd edilməlidir. Keçmiş müşavirin bu fikirləri Trampa yönəlik addımları daha da sürətləndirə bilər. Belə bir vəziyyətdə ABŞ Prezidenti ÜST-ü hədəf seçməklə bəşəri bəlanın Amerikada geniş yayılmasında günahkar olmadığını nümayiş etdirmək və rəqiblərinin növbəti seçkilərdə “koronavirus kartı”ndan istifadə etməsini önləməyi düşünə bilər.
“Yeni Sabah” Analitik Qrupu
Telegram kanalımız