Uduzan milli komanda – Günahkar kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Uduzan milli komanda – Günahkar kimdir?

İdman

17 Oktyabr 2024 12:26 1042


Azərbaycan futbolu son illər klub səviyyəsində müəyyən inkişaf yolu keçsə də, milli komanda sarıdan sözün əsl mənasında yerində sayır. Hazırda millimiz qatıldığı bütün turnirlərdə rəqibləri üçün ən rahat “3 xal” hesab olunur. 

Son olaraq Slovakiya seçməsinə uduzan milli komandamız, performans baxımından Andorra, Lixtenşteyn, San Marinodan heç də geri qalmır. UEFA Millətlər C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi, oynadığı 4 qarşılaşmanın hamısında məğlub olub. 4 oyunda cəmi 3 qol vuran millimiz buraxdığı 11 qolla, turnir ərzində qapısından ən çox top buraxan 2-ci komandadır. Seçməmiz bu nominasiya üzrə sadəcə İsraildən (13 qol) “geri qalır”. Nəzərə alsaq ki, yəhudilərin rəqibləri İtaliya, Fransa və Belçikadır, o zaman onları qınamaq bir az insafsızca olar. Ancaq bizə ən ağır tənbehlər düşür. Çünki millimizin rəqibləri İsveç, Slovakiya və Estoniya seçmələridir ki, biz bu qrupda 3 qol yox ən az 3 qələbə qazanmalı idik. 

Bəs görəsən, “Qarabağ” kimi Avropada ciddi uğurları olan ölkənin millisi niyə bu vəziyyətdədir? Hər şeydən öncə onu qeyd edək ki, milli komandamızın baş məşqçisi Fernando Santuş yetərincə tanınan və güclü mütəxəssisdir. 70 yaşlı çalışdırıcı 2016-ci ildə Portuqaliyanı Avropa çempionu etməyi bacarıb.  Toyuqlu pizza

Lakin yerli azarkeşlərin bir çoxu millinin uğursuz performansını baş məşqçi amili ilə əlaqələndirirlər. Düşünürəm ki, bu kökündən yanlışdır. Gəlin etiraf edək ki, milli komandamız Santuşdan öncə də indikindən fərqlənmirdi. 

Ancaq Azərbaycan kimi nisbətən zəif və hədəfləri məhdud olan milli komandalar üçün yerli mütəxəssis faktoru əksər hallarda uğurlu olub. Millinin oyun sistemini tanıyan, bir zamanlar heyətdə yer alan və futbolçu seçimlərində yanılmayan hansısa azərbaycanlı baş məşqçinin millidə uğur qazanma ehtimal əcnəbilərdən daha yüksəkdir. Qurban Qurbanovun milli komandanı çalışdırdığı zaman əldə etdikləri buna ən yaxşı nümunədir. 

Uğursuzluğun digər bir səbəbi isə, millidə çıxış edən bir sıra futbolçularla bağlıdır. Faktiki olaraq, milli komanda oyun zamanı müdafiədən topu önə çıxarmağı bacarmır. Hücumda isə rəqib üçün ümumiyyətlə hansısa təhlükəli vəziyyət yaratmaq mümkün olmur. Yarımmüdafiə xətti isə nisbətən qətiyyətli oynasa da, pas servislərində xeyli səhvlərə yol verir. 

Qısası, millidə oturuşmuş oyun sistemi demək olar ki, yoxdur. Çıxış yolu isə sadədir, səhvləri və uğursuzluqları qəbul edib, nəticə çıxarmaq. Daha sonra isə, milli üçün can qoyacaq, istedadlı və ən əsası oyuna peşəkar yanaşan futbolçuları milli komandaya dəvət etmək. Bu qədər...

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!