Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib. Görüşdə əsas müzakirə mövzularından biri, AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması olub. Vladimir Putin İlham Əliyevə hadisəyə dair istintaqın getdiyini, yaxında başa çatacağını, faciə ilə bağlı məmurların hərəkətlərinə hüquqi qiymət veriləcəyini və zərərçəkənlərə kompensasiya ödəniləcəyini deyib.
Hadisədən qısa müddət sonra AZAL təyyarəsinin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu məlum olmuşdu. Bundan sonra rəsmi Bakı təyyarəni Rusiyanın vurduğunun etiraf olunmasını, üzr istənilməsini, zərərçəkənlərə kompensasiya ödənilməsini, günahkarların cəzalandırılmasını tələb edirdi. Moskva isə bütün bunlardan boyun qaçırırdı. Nəticədə iki ölkə arasında gərginlik yaranmışdı, qarşılıqlı ittihamlar səsləndirilirdi və s. İndi isə Vladimir Putin səviyyəsində bu tələblər yerinə yetirildi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Düşənbə görüşü ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. pizza hut
- Düşənbə görüşünün nəticələrini necə qiymətləndirirsiniz?
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədəki görüşündə AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti yenə Ukraynanın üzərinə qoymağa çalışdı. Onun sözlərindən çıxan nəticə budur ki, Çeçenistan səmasında Ukrayna dronları olmasaydı, Rusiya hərbçiləri Azərbaycanın mülki təyyarəsinə atəş açmayacaqdılar. Putin təyyarənin raketlə vurulması faktını da qəbul etmir. Onun sözlərinə görə təyyarəyə raketin qəlpələri dəyib. Kreml sahibi eyni zamanda Rusiyanın istintaqa bütün lazımi dəstəyi verdiyini və bu faciənin hərtərəfli araşdırılmasına açıq olduğunu bildirib. Vladimir Putin araşdırılmanın yekunlaşmadığına işarə edirsə, raketin təyyarəyə dəymədiyini necə iddia edir?

- Sizcə, Rusiya rəhbərliyi AZAL təyyarəsinin vurulması ilə bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirəcəkmi?
- Hər halda Düşənbə görüşündə Azərbaycan Prezidentinə müraciətində “hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram” deyən Putin Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcəyini və ölkəsinin bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödəcəyini də vurğulayıb. Bu isə Azərbaycanın mülki təyyarəsinin vurulmasına və insanlarımızın həlak olmasına görə Rusiyanın məsuliyyət daşıdığının etirafıdır.
- Növbəti mərhələdə Bakı və Moskva arasında münasibətlər hansı istiqamətdə inkişaf edə bilər?
- Vladimir Putin hadisədən 10 ay sonra söylədiklərini faciənin ilk günlərində desəydi, münasibətlər gərginləşməzdi. Münasibətlərin normallaşması Putinin təyyarənin vurulmasına görə rusiyalı məmurların hərəkətlərinə hüquqi qiymət verəcəyi və kompensasiyanın ödəniləcəyi vədinin necə yerinə yetiriləcəyindən asılı olacaq. Ümid edək ki, Putin məmurlarına Rusiyada azərbaycanlıların incidilməsi, bəzi hallarda zorakılığa məruz qalması hallarına son qoyulmasını da tapşıracaq. Bütün hallarda münasibətlərdəki gərginlik hər iki ölkənin maraqlarına cavab vermir.
Nazim Hacıyev
Telegram kanalımız