Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova iyun ayında valideynlərin övladlarına bəzi adları qoymaq cəhdlərinin qarşısının alındığını açıqlayıb.
Bunlar: Aza, Sağyaşar, Qəhət, Seçən, Manoş, Namizəd, Qənaət, Oyalı, Pərtövnihal, Şadbala, Taz, Təkiş, Təçən, Vəsi, Qızlarxanım, Kündəş, Közhan və Sənvöch adlarıdır.
Vaxtaşırı olaraq valideynlərin uşaqlara qəribə, heç bir mənası olmayan, hətta bəzən vulqar ifadəyə bənzər adlar qoymaq istəməsi ilə bağlı statistika açıqlanır.
Bəs niyə valideynlər övladlarına bu cür adlar qoymaq istəyirlər?
Sosioloq Əhməd Abbasbəyli “Yeni sabah”a deyib ki, bir çox hallarda bu valideynlərin öz nənə-babalarının adını yaşatmaq istəməyindən qaynaqlanır, lakin bu adlar indiki dövrə uyğun gəlmir:
“Ümumiyyətlə, bütün ölkələrdə müəyyən dövrlərdə fərqlənmək üçün , ölkənin ictimai-siyasi vəziyyəti ilə, tarixi proseslərlə əlaqədar olaraq əhali müxtəlif adları qoymağa meyilli olub. Məsələn, dinin güclü olmağı ilə bağlı dini adlar istifradə olunub. Bizim cavanlıq dövrlərimizdə qərb adları, rusiyadangəlmə adlar populyar olub. Amma mən əminəm ki, irad tutulan adların çoxu babaların, nənələrin adlarıdır. Şəhrəbanu, Tərəggül kimi adlar inanmıram ki, müasir dövrdə istifadə olunsun. Əvvəllər bu tip adlar qəribə səslənmirdi. Müasir insanlara isə indi qəribə gəlir”.
Ekspert bildirib ki, bəzi adlar Sovet dövründə təhrif olunmuş formada sənədləşdirilib:
“Məhəmməd adını Mamed, Məmiş kimi səsləndirirdilər. O dövrdə bu sahədə qadağa mövcud olmadığı üçün adları təhrif olunmuş formada da sənədləşdirirdilər. Kolxoz quruculuğu dövründə təbliğat məqsədilə Traktor, Elektrik, Kombayn, Kolxoz adlarından istifadə edirdilər. Ancaq inanmıram ki, indiki insanlar o təfəkkürü daşısınlar və kombayna, traktora elə rəğbət bəsləsinlər. Sadəcə olaraq öz böyüklərinin adını yaşatmaq istəyirlər”.
Ə.Abbasbəyli düşünür ki, daha çox hamının anladığı, adət-ənənəmizə, soykökümüzə uyğun olan adlar qoyulmalıdır:
“Ad qoyanda da diqqətli olmaq lazımdır. Uşaqlara mənfi təsir göstərəcək, onu kompleksə salacaq adlardan istifadə etmək olmaz. Köhnə adlardan istifadə zamanı da diqqətli olmaq şərtdir. Maarifləndirmənin də rolu böyükdür. Bu proses kütləvi informasiya vasitələri ilə icra olunduqda daha effektli olur. Lakin hesab edirəm ki, şou-bizneslə bağlı xəbərlər görən insanlar onları oxumağa başlayacaq. Bəzi insanları nə qədər maarifləndirməyə çalışsanız da, öz düşüncəsini dəyişməyəcək”.
Elnarə İlham
Telegram kanalımız