Məlum olduğu kimi, bugünədək 20 minə yaxın vətəndaş ölkəyə qaytarılıb. Vətəndaşlarımızın çarter reyləri ilə ölkəyə qaytarılması hələ də davam edir. Lakin hazırda xaricdə olan Azərbaycan vətəndaşlarının qaytarılması sərhədlərin bağlı olduğu müddətdə müəyyən olunan qrafik üzrə, mərhələli şəkildə, karantin müəssisələrinin durumuna uyğun həyata keçiriləcək.
Maraqlıdır, kütləvi təxliyyənin nə kimi riskləri var?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış terapevt Rasif Bağırov qeyd edib ki, ilk növbədə xaricdə olan vətəndaşımızın vəziyyəti nəzərə alınmaldır: pizza mizza
“Xaricdən vətəndaşın evə qayıtması məsələsində birinci olaraq vətəndaşın vəziyyətini düşünmək lazımdır. Biri var, Rusiya ərazisində qalan vətəndaş öz ölkəsinə gəlsin və öz ölkəsində lazımi qayğı ilə əhatə olunsun, biri də var ki, onlar xarici ölkənin əhatəsində qalsın və orada da desillər ki, mənim vətəndaşım deyil, hara gedir, getsin. Bunlar tamamilə fərqli şeylərdir. Ona görə də vətəndaş gətirilməlidir, gələnlərin hamısı infeksion xəstə deyil axı...
Onların içərisində ola bilər ki, 1-2 faiz infeksiya olsun, ya yox. Həmin adamları da karantində yerləşdirib müalicə etmək olar. Məsələyə məhz bu cür yanaşılmalıdır. Durub vətəndaşa “sən gəlmə” demək doğru deyil. Avropa ölkəsi olsa müəyyən qədər mümkünlüklər var, çünki orada vətəndaşlara öz ölkəsinin vətəndaşı olub-olmamağından asılı olmayaraq müəyyən dərmanlar verirlər. Amma bildiyimizə görə Rusiya ərazisində oranın vətəndaşı olmasan, sənə hər hansı bir yardım göstərilmir. Ona görə də onlar gəlməyə məcbur olurlar.
Təbii ki, dövlət onun haqqında müəyyən tədbirlər görməlidir. Karantin yerləri düzəldilməli, əlavə şərait yaradılmalıdır. Təxliyyə karantin müəssisələrinin durumuna uyğun olacaq olsa, gərək onda vətəndaş oturub gözləsin ki, bu karantin vəziyyəti necə olacaq? Axı bu da düzgün deyil. O vətəndaş tamam çöldə qalıb. Demək olar ki, baxımsız bir vəziyyətdədir. Kütləvi təxliyyə dedikdə, əslində vətəndaşları hissə-hissə ölkəyə buraxmaq olar. Amma bu proses uzun çəkməməlidir. O, uzun çəkəndə, üstündən aylar keçəndə, bu, o deməkdir ki, artıq gəlmə prosesi alınmır”.
Ekspert İrandan ölkəmizə gətirilən vətəndaşlarla bağlı da danışıb:
“Vətəndaşlarimizin İrandan kütləvi gəlməsindən sonra sayın artması ilə bağlı səslənən fikirlərlə də razı deyiləm. Çünki elə deyil. İranla bağlı məsələdə yubanmalar oldu. O yubanmaların nəticəsi olaraq proses artdı. Əslində, bizdə yoluxma sayı ilk vaxtlar heç də çox deyildi. Prosesi vaxtında blokada etmək mümkün olsaydı, bəlkə də yoluxma sayı Azərbaycanda ən aşağı səviyyədə olardı. Mənim internetdən oxuduğum, digər proseslər nəticəsində bildiyim və ümumiyyətlə dünyadan gördüyümüz məsələlər belədir ki, bütün dünya ölkələri öz vətəndaşının qayğısına qaldı. Hətta 2-3 vətəndaşı üçün təyyarə göndərənlər oldu ki, onu ölkələrində müalicə etsinlər. Bizdə də elə olmalıdır. Bu vətəndaşlar bizim vətəndaşlardır, onun ölməyi də, qalmağı da bizə aiddir. Ona görə də tibb işçiləri lazım olan anda səfərbərliyə alınmalıdır. Virusa qarşı bütün işlər görülməlidir. Amma onların qəbul olunmaması məsələdən çıxış yolu deyil”.
Həmsöhbətimiz xəstəxanalardakı yer çatışmazlığı məsələsinə də toxunub və bu problemdən çıxış yolunu göstərib:
“Yer çatışmazlığı məsələsinə gəldikdə isə Avropada belə bir təcrübə müəyyən edildi ki, hansı xəstələrdə xəstəlik yüngül formadadırsa, həmin insanları xəstəxanaya götürmədilər, ev şəraitində karantini müəyyən elədilər. Çünki vətəndaşa ev şəraitində karantin deyəndə o daha çox özünü qoruyur ki, evdəkilərə virusu keçirməsin. Amma ətrafında başqası olanda deyir, əşşi keçir keçsin də, mənə nə dəxli var. Karantin evdə olanda insanlar qorxudan ona daha çox əməl edirlər. Ona görə də Almaniyada filan çox vaxt ev şəraitində karantini qoyurdular. Bizdə də o prosesə keçməlidirlər.
Nazirlər Kabinetində COVID-19-la bağlı məsələlərdə evdə karantin müzakirə olunurdu, amma daha sonradan həmin məsələnin nəticəsinin nə olub-olmadığını bilmədim. Əslində, bu üsul tətbiq olunmalıdır. Çünki şərtləri deyirsiniz, hamı bilir və evdə də qadın da, kişi də buna əməl edir. Evdə xəstə üçün ayrıca otaq yaradılır ki, o otaqdan çıxmasın. Xaricdən gətirilən adamları da yoxlayıb, onları evdə karantin edib saxlamaq olar. Azərbaycan ərazisində elə bir sahə yoxdur ki, həmin sahəyə təhkim olunmuş sahə həkimləri olmasın, həmin o sahə həkimlərinin tibb bacıları, digər işçiləri var. Hökumət onlara müəyyən qədər əlavə maaşlar ayırır ki, işləsinlər. Əgər onlar da işləməyəcəksə, bu problem çətin həll olunacaq”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız